Azərbaycanı sevən erməni

azerbaycani-seven-ermeni
Oxunma sayı: 1006

Apardığım müşahidələr və tədqiqatlar nəticəsində gəldiyim qənaətə görə, Azərbaycanı sevən hüquqşünas, filoloq və yazıçı Telman Qarabağlının həyat və yaradıcılığı mətbuatımızın diqqətindən kənarda qalıb. Mətbuatımızın Telman Qarabağlı haqqında susqunluğu sırf məlumatsızlıqla bağlıdır. Məsələn, Azərbaycan Yazıçılar Birliyində də qarşılaşdığım bəzi yaşlı nəsil və əksər gənc nəsilə aid olan qələm sahiblərinin Azərbaycanı sevən Telman Qarabağlı haqqında məlumatsız olduqlarını gördüm. Ona görə əsasən Sovet İttifaqı dövründə Azərbaycan ədəbiyyatında yaradıcılıqla məşğul olan və Telman Qarabağlı imzası ilə tanınan Telman Hayrapetoviç Çalyan haqqında mümkün qədər təfsilatlı bir məqalə yazmaq qərarına gəldim. Telman Qarabağlı 23 fevral 1931-ci ildə Bərdə şəhərində anadan olub. Anası Sona xanım Bərdədə məktəb direktoru olmaqla yanaşı həm də həmin təhsil ocağında Azərbaycan dilini tədris edib. Atası çox erkən dünyasını dəyişdiyindən Telman Onu xatırlamırdı. Tam orta təhsil verən məktəb olmadığından Bərdədə 8-ci sinifi bitirən Telman, təhsilini davam etdirmək üçün Mirbəşir rayonuna (hazırkı Tərtər rayonu) yola düşür. 10-cu sinfi bitirdikdən sonra, 1949-cu ildə o dövrün əksər həmyaşıdları kimi Mirbəşir rayonundakı kolxozlardan birində işləməyə başlayır. 1950-ci ilin yazında Telman Çalyan Azərbaycan paytaxtı Bakı şəhərinə gələrək Kirov adına ADU-nin hüquq fakültəsinin Azərbaycan bölməsinə daxil olur. 1955-ci ildə Universiteti bitirən Çalyan gənc mütəxəssis kimi neft daşlarında prokuror köməkçisi vəzifəsində işləmək üçün təyinat alır. İki il sonra 1957-ci ildə Bakının Kirov rayonunda (hazırkı Binəqədi rayonu) prokuror köməkçisi vəzifəsinə təyin edilir. Elə həmin il “Uşaqgəncnəşr” mətbəəsində nəşr edilən tərbiyəvi əhəmiyyətli kiçik hekayələr kitabı Qarabağlını azyaşlı oxucularla tanış edir. Növbəti 1958-ci ildə isə Qarabağlının qələmə aldığı, Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında çap edilən “Qartal” hekayələr kitabı uşaqların kitab rəfinə daxil olur. Çoxlarının arzuolunan vəzifədə çalışmasına baxmayaraq prokurorluq orqanları Telman Çalyan üçün cəlbedici olmadı və özünü daha çox yaradıcılıqda gördüyündən, bu sahə onu daha çox cəlb etdiyindən 1959-cu ildə prokurorluq orqanlarından tutduğu vəzifədən azad olaraq peşə istiqamətini tamamilə dəyişmək qərarına gəlir. Təxminən 1959-1960-cı illərdə o, yenidən Kirov adına ADU-nin filologiya fakültəsinə daxil olub ikinci ali təhsili alır. Elə bu illərdə Azərbaycan ədəbiyyatının Telman Qarabağlı imzası ilə daha geniş tanışlığı başlayır. O, yaradıcılığının ilk dövründə uşaq ədəbiyyatını müəllifi olduğu öz kitabları ilə zənginləşdirir. Onun Azərbaycan dilində nəşr görən əsərləri azyaşlı oxucuların dərsdən əlavə mütaliələrinin bir hissəsini təşkil edir. Yaradıcılığı illərində Qarabağlı 25-dən çox kitabın müəllifi olub ki, onların ikisi rus dilinə tərcümə edilmişdir. Telman Qarabağlının “Alçiçək, balçiçək, gülçiçək, fındıqburunlar və günəş”, “Anamın oğulları”, “Qartal”, “Günəşin nağılı”, “Du du yol verin”, “Odlar ölkəsinin uşaqlar”, “Pələng balası”, “Təhlükə sovuşdu”, “Fərizənin sevinci” adlı və bir neçə hekayələr kitabı nəşr edilib.1960-cı ildə ailə həyatı quran Telman Qarabağlının bir il sonra əkiz oğulları Emil və Artur dünyaya gəlir. 1962-ci ilin yanvarın 11-də Qarabağlı SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunur.


1964-cü ildən etibarən Azərbaycan Teleradiosunda işə başlayan Qarabağlı əvvəlcə uşaq şöbəsinə başçılıq edir. 1969-cu ildə isə dəvət aldığı Bakı televiziyasında uşaq televiziya verilişləri şöbəsinə rəhbər təyin edilir. 1975-1976-cı illərdə Azərbaycan SSRİ KP MK-nin 1-ci katibi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan televiziya və radiosunda erməni şöbəsi açılır. Həftədə bir dəfə olmaqla 45 dəqiqəlik erməni dilində verlişlərin yayımına başlanır. Telman Qarabağlı erməni şöbəsinə rəhbərlik etmək üçün dəvət alır. Azərbaycan Televiziyasının erməni şöbəsində 1989-cu ilə qədər, şöbə bağlanan günə kimi Telman Qarabağlı Baş Redaktor vəzifəsində çalışır. 1989-cu ilin mayın 4-də Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Telman Qarabağlıya “Azərbaycan SSRİ-nin əməkdar mədəniyyət işçisi” fəxri adı verilir. Azərbaycanın görkəmli şairi İlyas Tapdıq Telman Qarabağlını yaxından tanıdığı üçün onunla bu mövzuda kiçik bir müsahibəni təqdim edirəm :

İlyas müəllim Telman Qarabağlı ilə tanışlığınız haradan başladı ? - Azərbaycan Televiziyasından. Mən o zaman Televiziyada gənclər proqramları redaksiyasının baş redaktoru idim, Telman Çalyan isə Televiziyanın erməni proqramının redaktoru idi. O erməni dilindən başqa azərbaycan dilini səlist bilirdi, nəinki bilirdi həm də azərbaycan dilində kitablar yazırdı. Ona görə də Çalyanı erməni proqramına redaktor təyin etmişdilər. Ondan başqa həmin redaksiyada adını xatırlamadığım bir erməni qadın, Samvel Qriqoryan və Qeorq Ağacanyan da işləyirdi. Samvel Mirzə Ələkbər Sabiri erməni dilinə tərcümə etmişdi. Bilirdim ki, Çalyan prokurorluq orqanlarında çalışır, amma bu barədə heç vaxt danışmırdı, mən də soruşmurdum. Bizim ünsiyyətimiz əsasən yaradıcılıqla, ədəbiyytala bağlı idi. Həm televiziya həm də ədəbiyyat sahəsindəki yaradıcılığında mənimlə tez tez məsləhətləşirdi. Telman Qarabağlı əsasən uşaq ədəbiyyatında tanınan imza idi.

- İlyas müəllim Qarabağ münaqişəsi başlayan zaman Telman Qarabağlı ilə nə baş verdi ?
- Telman Qarabağlı Azərbaycanı sevirdi, buranın ona verdiyi sevgiyə qarşı O da sevgi göstərirdi. Əlbəttə bu münaqişəyə və konflikti törədənə münasibəti çox pis idi. Bir çoxları Azərbaycanı tərk etmişdi, Qarabağlı isə getmək istəmirdi. Görünür ailəsinin təhlükəsizliyini təmin etməyə məcbur qaldığını düşünüb 1991-ci ildə Azərbaycanı tərk etdi. Amma bir il sonra təsadüfən “Malakan” bağında gəzişirdim. Birdən uzaqdan Qarabağlıya oxşatdığım bir şəxsi gördüm. Qarabağlı olub-olmamasını dəqiqləşdirmək üçün yaxınlaşdığımda gördüm ki, hə bu Telmandır. Həmişəki kimi çox istiqanlı şəkildə görüşüb söhbətləşdik. Mən təəccübümü gizlədə bilmədim və soruşdum ki, niyə belə bir riskə gedirsən? O dedi ki, Bakı üçün darıxıb, dözə bilmədi və gəldi. Sonra da dedi ki, öldürəcəklərsə qoy elə burda öldürsünlər, mən Azərbaycanı sevirəm.

Qarabağlının əsərlərinin motivləri əsasında bir neçə qısametrajlı və sənədli filmlər çəkilib, teatrlarda pyesləri tamaşaya qoyulub. Ömrünün son illərini Moskva şəhərində yaşayan Qarabağlı Vətəni Azərbaycandan ayrılığını dərin kədər və sarsıntı içində keçirirdi. Sonuncu kitab və məqalələrində hər iki – Azərbaycan və Erməni xalqlarını, iki qonşunu, tarixin bir birinə çox sıx yaxınlaşdırdığı xalqları qarşılıqlı nifrəti dostluqla, sevgi ilə əvəz etməyə çağırıb. 1990-cı ildə rus dilində çap olunan «Kolöçaə izqorodğ» kitabı Azərbaycan və Ermənistan xalqları arasında yaranan münaqişənin sülhlə əvəzlənməsinə çağırış olub. Bundan başqa Azərbaycan və Rusiya mətbuatındakı çıxışları Azərbaycanla Ermənistan arasında yaranmış Qarabağ münaqişəsinin xalqların mənafeyinə olmadığını vurğulayan Qarabağlı daşnak ideologiyasının daşıyıcılarının qəzəbli hücum hədəfinə çevrilib. Heç sözsüz ki, Qarabağlıya qarşı kampaniyanın başında Azərbaycan xalqının və Türk dünyasının qatı düşməni Zori Balayan dururdu. 1989-cu ildə Azərbaycan Ermənistan arasında münasibətlərin gərgin vaxtında “Sovetskaə Kulğtura” qəzetində «Oqonğ v kuzniüe deda» (“Baba ocağının közü”) məqaləsində bu münaqişənin müəlliflərini tənqid edərək yazır ki, Əgər Qarabağlılar özlərinin həsrətində olduqları Ermənistana birləşmək arzularını reallaşdırsalar, bu onların “iqtisadi və əsas da mənəvi yoxsullaşmasıına” gətirib çıxaracaq. İki xalq arasında nifaq salanları sərt tənqid edən Qarabağlı yazır ki, Azərbaycana qarşı ərazi iddiası “ermənilərin sayıqlamasıdır və bu sayıqlama keçib gedəcək”. Qarabağlıya qarşı aparılan kampaniyada iştirak edən Arsen Melik Şaxnazarov Zori Balayanın göstərişi ilə bakılı yazıçının fikirlərinin məzmunsuz olduğunu vurğulamağa cəhd edir. O, Qarabağlının “Baba ocağının közü” məqaləsinə cavab olaraq yazır : “Bakılı yazıçı Qarabağlı bu fikirləri söyləməklə səhv edib və görünür Telman Qarabağlının ümid və istəkləri Erməni xalqının ümid və istəklərindən ayrı düşüb”. Şaxnazarov davam olaraq bildirir : “Qarabağlı bu iddiaları sayıqlama adlandırmaqla da səhv edib və tarix göstərdi ki, bu sayıqlama keçib getmədi. Başqa cür ola da bilməzdi. Çünki bu sovet vaxtlarında deyildiyi kimi “şəhər və kənd zəhmətkeşləri” ilə “yüksək ranqlı rəhbərləri” birləşdirən ümummilli bir tələbdir”. Yaşadığımız tarixin hazırkı reallığı isə Şaxnazarov, Balayan kimi daşnakların deyil, məhz Qarabağlının haqlı olduğunu göstərdi. İndi artıq Ermənistanın xalqını sevən və Azərbaycana qarşı ərazi iddialarının ilk növbədə erməni xalqı üçün ağır zərbə hesab edən ziyalı təbəqəsi Telman Qarabağlının fikirlərindən qaynaqlanaraq münaqişəni obyektiv qiymətləndirmək imkanına malikdirlər. 1999-cu ilin oktyabrın 22-də Telman Qarabağlı Moskva şəhərində vəfat edir və orada da dəfn edilir.

P.S. Azərbaycanda bir çox mətbuat orqanlarının səhv təbliği nəticəsində ictimai rəydə elə fikir yaradılıb ki, guya bütün erməni milləti bizə düşməndir. Əlbəttə biz tariximizi yaxşı bilirik. Daima Azərbaycan xalqına və türklərə qarşı həmişə böyük qüvvələr erməniləri kökləyib və arzuladıqları nəticəni də alıblar. Amma tarixdə Qarabağlı kimi elə ermənilər də olub ki, onlar Zori Balayan kimi cəlladların mənəvi xəstəliklərinə yoluxmayıb və xalqlar arasında dostluğun tərəfdarı mövqeyindən çıxış ediblər. Belə erməniləri tanımaq və dünya ictimaiyyətinə tanıtmaq, bu münaqişə tərəfdarlarına qarşı xoşməramlı ermənilərlə birləşib birgə mübarizə aparmaq Azərbaycan və Ermənistan xalqının mənafeyinə cavab verir. Azərbaycan dünya ictimaiyyətinə erməni və digər xalqlarla dostluq və sülh şəraitində yaşamağı bacardığını göstərməklə dünya internasionalizminə, Avropa dəyərlərinə inteqrasiya edə biləcəyini sübut edə bilər. Xalqlar arasında dostluq insanlara fayda, düşmənçilik isə fəlakət gətirir.

Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyinin sədri Elnur Məlikov
[email protected]