“Azərbaycanın adının dəyişdirilməsi yolverilməzdir”- Etiraz

azerbaycanin-adinin-deyisdirilmesi-yolverilmezdir-etiraz
Oxunma sayı: 828

Parlamentin dünənki iclasında deputatlar Azərbaycan Respublikasının adının dəyişdirilməsini təklif ediblər. Təklifə hökumətyönlü deputatlardan dəstək gəlib. YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, son zamanlar ictimaiyyət arasında Azərbaycan Respublikasının Şimali Azərbaycan Respublikası adlandırılması barədə təkliflər irəli sürülür: “Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycan Respublikasının da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan Respublikası adlandırılması daha məqsədəuyğun olardı”.
ADP sədri Sərdar Cəlaloğlu “Media forum”a açıqlamasında ÿ Azərbaycanın adının dəyişdirilməsi təklifini dəstəklədiyini bildirib: “Şimali Azərbaycan məsələsinin müzakirəyə çıxarılması bu deməkdir ki, ölkənin bir cənubu da var. Təklifin reallaşması Azərbaycanın bölünmüş bir xalq kimi tanınmasına gətirib çıxarardı. Bu cür hadisələr dünya praktikasında çoxdan var. Ancaq ölkənin adının dəyişdirilməsi siyasi hadisədir. Buna Iranın necə reaksiya verəcəyi çox maraqlıdır. Vaxtilə Makedoniyanın adı müəyyən ediləndə Yunanıstan nə qədər problem yaratdı. Yunanıstanda Makedoniya adında bölgə olduğundan bu adda müstəqil dövlətin olmasına qarşı çıxırdı. Sonda Makedoniyaya Keçmiş Yuqoslaviya Respublikası Makedoniya adı verildi”.
Azərbaycanın adının dəyişdirilməsinə heç bir zərurət olmadığını deyən tarixçi alim Cəmil Həsənli isə bildirir ki, bu barədə müzakirələrin açılması qətiyyən doğru deyil: “Ölkənin, millətin, dilin adını müzakirəyə çıxarmaq olmaz. Vaxtilə Iran təklif etmişdi ki, ölkəmizin adı Şimali Azərbaycan olsun. Axı dövlət əşya deyil ona gündə bir ad verəsən. Azərbaycan Respublikası dünyanın hər yerində oturuşmuş bir addır. Indi sən bunu nə adla dəyişəcəksən? Belə şeylərdə ehtiyatlı olmaq lazımdır. Həm də buna heç bir ehtiyac yoxdur”.
C.Həsənli hesab edir ki, bu, dövlətçiliyə münasibətdə siyasi konyunkturanın girovuna çevrilməkdən irəli gəlir: “Belə şeylər eləmək olmaz. Bu adın müəllifi Rəsulzadədir. Rəsulzadə deyir ki, Azərbaycan kəlməsi coğrafi, linqvistik bir kəlmə ikən biz ona siyasi məzmun verdik. Bununla da Azərbaycan dünyanın siyasi xəritəsində oturuşdu. Təzədən ad dəyişmək siyasi konyunkturadan başqa bir şey deyil”.

azadliq.info