Azərbaycanın hüquq müdafiəçisinin ailəsi təhdid edildi

azerbaycanin-huquq-mudafiecisinin-ailesi-tehdid-edildi
Oxunma sayı: 656

Bu barədə “Azadlıq” qəzetinə açıqlamasında M. Qəhrəmanlı bildirib. Sentyabrın 16-da Vaşinqtonda keçiriləcək beynəlxalq tədbirə qatıldığı üçün hüquq-mühafizə orqanlarına müraciəti ABŞ-dan gəldikdən sonra edəcəyini deyən M. Qəhrəmanlı vurğuladı ki, artıq onu hədələyən şəxslər istiqaməti onun övladlarının və nəvələrinin üzərinə yönəldiblər.

Qeyd edək ki, bir həftə əvvəl özünü Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən bir nəfər onun ofisinə gələrək M. Qəhrəmanlının fəaliyyəti, təşkilatın qeydiyyatı ilə maraqlanıb. Bundan başqa M. Qəhrəmanlının hüquq müdafiə fəaliyyəti ilə məşğul olan böyük qızı Mətanət Əzizova da oxşar yoxlamalara məruz qalıb. M. Qəhrəmanlının sözlərinə görə, sentyabrın 12-də axşam naməlum şəxsin M. Qəhrəmanlının kiçik qızına yaxınlaşaraq anasının fəaliyyəti ilə əlaqədar ailələrini təhlükənin gözlədiyini bildirməsi son damla olub. M. Qəhrəmanlının sözlərinə görə, həmin şəxs SOCAR-ın tənqidi ilə bağlı fəaliyyətə, həmçinin Oğuz-Qəbələ su kəməri layihənin monitorinqi də daxil olmaqla, korrupsiya əleyhinə layihələrin reallaşmasına son qoyulmasını tələb edib: “Mən bu məsələni bu cür qoymaq fikrində deyiləm. Mən və ailəmə qarşı açıq təhdid var. Düşünürəm ki, bu sırf mənim fəaliyyətimlə bağlıdır. Yaxşı bilirsiniz ki, ötən 3-4 il ərzində təşkilatımızın apardığı monitorinq nəticəsində ciddi korrupsiya və rüşvət faktları ortaya çıxıb. Məhz bizim təşkilatın ortaya çıxardığı faktlar nəticəsində ”Azəryolservis"in Dünya Bankının maliyyə yardımı ilə reallaşdırdığı layihə dayandırıldı. Çünki biz monitorinq zamanı ciddi faktlar aşkarlamışdıq. Bundan başqa dövlət başçısının “Azərsu”nun Oğuz-Qəbələ su kəmərinin tikintisi barədə qeyd etdiyi neqativ faktlar bizim araşdırmanın nəticəsidir. Əmlak Komitəsindəki ciddi rüşvət və korrupsiya layihələrini məhz bizim təşkilat aşkarlayıb".

Bundan başqa neftçilərin hüquqlarının müdafiəsi ilə bağlı istər ARDNŞ-də, istərsə də xarici neft şirkətlərindəki pozuntular barədə ciddi araşdırmalar apardığını söyləyən M. Qəhrəmanlı vurğuladı ki, bu baxımdan onun fəaliyyətinin zəifləməsini istəyən çox instansiya var. Amma M. Qəhrəmanlı bildirdi ki, o, ailəsinə görə narahat olsa da, fəaliyyətini dayandırmaq niyyətində deyil. “Təhdidlərin konkret ünvanı ilə bağlı araşdırma aparacağıq. Bilsinlər bu təhdidlər haradan gəlirsə, həmin instansiyanı bundan sonra daha çox tənqid edəcəyik”, deyə M. Qəhrəmanlı vurğuladı.