Azərbaycanın korrupsiya siyahısındakı yeni yeri açıqlandı

azerbaycanin-korrupsiya-siyahisindaki-yeni-yeri-aciqlandi
Oxunma sayı: 761

“Transparency international” beynəlxalq təşkilatı 2011-ci il üçün nəzərdə tutulan ölkələr üzrə illik korrupsiya göstəricilərini dərc edib. “Qafqazinfo”nun məlumatına görə, Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 183 ölkə arasında 143-cü yerdə qərarlaşıb. 183 ölkənin yer aldığı siyahıda 1-ci yerdə Yeni Zenlandiya, sonuncu yerdə isə Somalidir. Beləliklə də Yeni Zenlandiya dünyanın ən az korrupsiyalaşan ölkəsi elan edilib. Keçmiş MDB ölkələri olan Özbəkistan, Türkmənistan, Qırğızıstan, Ukrayna, Tacikistan, Rusiya, Belarus, Azərbaycan, Ermənistan, Qazaxıstanın korrupsiya göstəricilərinə görə top-100-ə belə düşmədiyi vurğulanır.

Azərbaycan artıq bir neçə ildir ki, “Transparency İnternational”ın hesabatlarında Cənubi Qafqazın ən çox korrupsiyalaşan ölkəsi olaraq göstərilir. Bu siyahıda Azərbaycan sərhəd qonşuları arasında ancaq Türkmənistandan öndədir. Korrupsiyanın səviyyəsinə görə Rusiya ilə eyni pillədə olsaq da şimal qonşumuz ötən ilki mövqeyindən düz 10 pillə irəliləməyi bacarıb. Qeyd edək ki, Azərbaycan 2010-cu ildə 2.4 balla ölkədə korrupsiyanın yayılma səviyyəsinə görə dünyanın 178 ölkəsi arasında 134-cü yerdə qərarlaşmışdı.

Ən az korrupsiyalaşan ölkələr arasında Yeni Zenlandiyadan sonra Finlandiya və Danimarka gəlir. Korrupsiyanın ən çox qeydə alındığı ölkələr isə Əfqanıstan, Myanma, Şimali Koreya və Somalidir.

Qeyd edək ki, Korrupsiyanı Qavrama İndeksi korrupsiya fəaliyyətinin müxtəlif formalarının hesabı əsasında təşkil edilir. Bura vəzifəli şəxslərin rüşvət almaları, dövlət sifarişlərinin icrası zamanı gəlirlərin bölgüsündə məmurların iştirakı, büdcə vəsaitlərinin qanunsuz istifadəsi, həmçinin hakimiyyətin antikorrupsiya fəaliyyəti də daxildir.

Səidə