Azərbaycanın mobil rabitə bazarı - Araşdırma

azerbaycanin-mobil-rabite-bazari-arasdirma
Oxunma sayı: 1389

Ən son məlumatlara görə, hazırda Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 9 500 000 nəfərə çatıb. 2010-cu ildə bu rəqəm 9 100 000 nəfər olub. Dünya üzrə mobil telefon abunəçilərinin sayı isə inkişafda olan ölkələr hesabına artaraq, 2013-cü ilədək 5,6 milyarda çatacaq. Artıq Azərbaycan mobil telefon istifadəçilərinin sayına görə dünya üzrə orta göstəricini də keçib.

Mobil rabitədə ilk yenilik

Həqiqətən də, mobil rabitənin gələcək inkişaf perspektivləri hər birimiz üçün ən mühüm mövzudur. Hər gün ölkədə minə yaxın insan mobil şəbəkələrin abonenti olur. Mobil telefon artıq çoxdandır ki, dəbdəbə deyil, həyatımızın “tələbat vasitəsi”nə çevrilib. Artıq istifadəçilər imkanlarından maksimal istifadə etmək məqsədilə operatorların xidmətlərinə, telefonlarının funksiyalarına daha çox diqqət yetirməyə başlayıblar.
Beş il öncə bizə xəyal kimi görünən multimedia məlumatlarının GPRS vasitəsilə ötürülməsi isə artıq bu gün adi hala çevrilib. Mobil rabitə operatorları bizə istədiyimiz yerdə, məsələn, yayda isti ofisdə yox, çay kənarında, ağacların kölgəsində işləmək imkanını veriblər. Avtomobil tıxaclarında gözləmə zamanı isə görün, nə qədər iş görmək olur. Bunların hamısı GPRS-lə mümkün olur. GPRS İnternet-provayderə zəng etmədən dərhal xidmətlərə çıxışı təmin edir. GPRS texnologiyası daha böyük həcmli məlumatların, videotəsvirlərin, rəqəmli fotoşəkillərin, elektron poçtun, MP-3 standartlı musiqili faylların və digər multimedia məlumatının daha tez qəbul edilməsinə və ötürülməsinə imkan verir. Beləliklə, GPRS artıq bütün dünyada tanınmış daha bir son texnologiyanın - multimedia mesajları texnologiyasının, demək olar ki, avtomatik müvəffəqiyyətini təmini edir.

Hazırda Azərbaycanda ən çox istifadə olunan qeyri-səsli xidmət, şübhəsiz ki, SMS-dir. Bundan başqa, telefon vasitəsilə informasiya xidmətlərinə olan maraq kifayət qədər tez artır, istənilən nöqtədən əlverişli tariflərlə İnternetə dərhal çıxış isə işgüzar aləmdə artıq bir zərurətə çevrilib.

GPRS sistemi vasitəsilə xarici nəqliyyat və poçt şirkətləri öz İKT sistemlərini tətbiq etmək və bununla da, göstərilən xidmətlərin səviyyəsini xeyli qaldıraraq, Azərbaycanın bütün ərazisində öz infrastrukturunu yarada bilmək imkanını qazanır.

GPRS-in tətbiqi artıq mövcud olan xidmətləri daha effektiv və funksional etməyə imkan verməklə, tamamilə yeni xidmətlərin tətbiqinə gətirib çıxardı.

Bu xidmətin tətbiq olunmasından sonra Azərbaycan öz mobil şəbəkələrində GPRS yeni nəsil standartını istifadə edən növbəti MDB dövlətinə (Rusiya, Ukrayna, Belarus, Qazaxıstandan sonra) çevrildi.

Üç ildən sonra 3G

Mobil rabitənin əhatə dairəsinin genişlənməsi və yeni texnologiyaların, xüsusilə “üçüncü nəsil” - 3G və daha qabaqcıl olanların tətbiqi isə Azərbaycanda informasiya texnologiyalarının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu texnologiyalar bütün iş adamlarının və sıravi vətəndaşların informasiya məkanına qovuşmağına imkan yaradır. Biliklərə əsaslanan cəmiyyətin əsas mühərriki kommunikasiya xidmətləridir. Bu növ xidmətlər iqtisadi artıma, sosial sahəyə və ətraf mühitə töhfə verir, daxili və xarici sərmayələri cəlb edir. Bütün operatorlar üçün bərabər şərait yaratmaqla və innovativ texnologiyaların tətbiqinə imkan açmaqla Azərbaycan, İT sahəsində Qafqazdakı birinciliyini qoruyub saxlaya və həqiqi informasiya cəmiyyətinə çevrilə bilər.

Ekspertlərin proqnozuna görə, Azərbaycanda 2013-cü ilədək 3-cü nəsil şəbəkə (3G) abonentlərinin sayı ümumi istifadəçilərin təxminən yarısına bərabər olacaq. Bu isə səsli telefoniya, video zənglər, multimedia məlumatlarının ötürülməsi kimi yeni mobil rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.

Məlumat üçün deyək ki, Azərbaycanda 3G-ni ilk dəfə Azerfon-Vodafon təqdim edib. Azercell və Bakcell isə bu xidməti təqdim etmək üçün hələ də lisenziya gözləyirlər.
İqtisadi cəhətdən inkişaf etmiş istənilən ölkədə olduğu kimi, inanırıq ki, Azərbaycanda da həm sıravi vətəndaşlar, həm də iş adamları ən müasir texnologiyaların bütün üstünlüklərindən faydalanmaq hüquqlarına malikdirlər. Məhz bu baxımdan hesab edirik ki, 3G lisenziyası bütün operatorlara verilsə, onlara öz müştərilərinə ən son texnologiyaları təqdim etmək üçün bərabər şərait yaradılmış olar. Bu isə öz növbəsində İKT sektorunun inkişafı üçün daha geniş imkanlar yaradar.

4G gəlir...

Artıq inkişaf etmiş ölkələr 4G-nin də tətbiqini reallaşdırmağa başlayıblar. Belə ki, TeliaSonera şirkəti dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini Stokholm və Oslodakı abonentlərin istifadəsinə verib. 3G-dən 10 dəfə daha sürətli olan 4G-ni Azərbaycanda tətbiq etmək fikrində olan şirkətlər də var. Azerfon şirkəti 4G texnologiyasının tətbiqinə hazırlaşır və bu ilin sonuna kimi bu xidməti istifadəyə vermək fikrindədir. Artıq şirkət Azərbaycanın mobil internet sürətində növbəti sıçrayış olacaq LTE (4G) şəbəkəsinin quraşdırılmasına başlayıb.

Digər operatorlar bu texnologiyanı gətirməyə iddialı olsalar da, bu və ya başqa səbəblərdən hələki biz istifadəçilər bu rahatlıqdan istifadə edə bilmirik. Əgər Azərbaycan “dördüncü nəsil” mobil rabitə şəbəkəsini tətbiq etsə dünyada bu texnologiyadan istifadə edən üçüncü ölkə ola bilər. Hazırda bu texnologiya Yaponiya və Çində tətbiq olunub. ABŞ və Avropanın bir sıra ölkələri də 4G-nin tətbiqinə hazırlıq işləri aparırlar.

Nigar Məmmədli