Azərbaycanın müdafiə qüdrəti açıqlandı

azerbaycanin-mudafie-qudreti-aciqlandi
Oxunma sayı: 725

“Qafqazinfo”nun məlumatına bu barədə müdafiə sənayesi naziri Yavər Camalovun “Azərbaycan” qəzetinin bu günkü sayında dərc olunmuş məqalədə bildirilir. Onun yazdığına görə, bunlar “İqlim”, “Dalğa” elmi istehsalat müəssisələrinin, “Telemexanika”, “Peyk”, “Alov”, elektron hesablayıcı maşınlar və “Radioquraşdırma”, Şirvan “Araz” zavodlarının, “İqlim” Elmi İstehsalat Müəssisəsi və “Telemexanika” zavodunda yeni istehsal sexləri, eləcə də, Elmi-Tədqiqat İnstitutudur: “Təkcə bu il nazirliyin “Şərq” İstehsalat Birliyinin “AZAD Systems Co.” Müəssisəsi, “Cihaz” İstehsalat Birliyinin “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi, Bakı “Cihazqayırma” zavodu, Optika-Mexanika İstehsalat Birliyinin Xaçmaz “Kondensator” zavodunun əsaslı tikintisindən və yenidən qurulmasından sonra açılışı olub. 2007-2011-ci illər ərzində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə nazirliyin tabeli birlik və müəssisələrində aparılan tikinti və yenidənqurma işləri nəticəsində 40-dan artıq yeni istehsal sahəsi yaradılıb. Bunlardan 10-u 2011-ci ildə istifadəyə verilib. Böyük fəxr və iftixar hissi ilə bildirirəm ki, həmin obyektlərdən 15-nin açılışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev şəxsən iştirak edib”.

“Nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir. Bunun nəticəsidr ki, 2011-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 23 dəfədən çox artıb. Yaradılma proqramı üzrə 2007-ci illə müqayisədə yerinə yetirilmiş mövzuların sayı 5,5 dəfədən çox artıb”, - Yavər Camalov yazır. Onun sözlərinə görə, bu gün “Matador” və “Marauder” tipli zirehli transportyorların, “Aerostar” və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatlarının birgə istehsalı, NATO standartlarına uyğun müasir tipli tapançaların istehsalı, hazırda Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tıpli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri uğurla həyata keçirilir: 2011-ci ilin ilkin nəticələrinə görə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi ötən illə müqayisədə 2,5 dəfə artıb, çeşidlərinin sayı isə 650-yə çatdırılıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məhsullar arasında uzaq məsafəli minaatanları, snayper tüfəngini, əl qumbaraatanını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim və döyüş bombalarını, maskalanma torunu, müxtəlif döyüş sursatlarını, zirehli texnikalar üçün tırtıl dəstlərini və s. məmulatları göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, ən müasir tökmə prosesi ilə həyata keçirilən zirehli maşınların tırtıllarının və müxtəlif çaplı minaların gövdələrinin hazırlanması uğurla sınaqdan çıxıi və istehsalına başlanıb. Bu tökmə prosesi ölkə iqtisadiyyatının digər sahələrinə də öz töhfələrini verəcək”.

Yavər Camalov yazıb ki, 2007-ci illə müqayisədə 2011-ci ildə mülki məmulatların istehsal həcmi 1,8 dəfədən çox artıb: “Ötən illə müqayisədə isə 14 faiz artım əldə olunub. İstehsal edilən məhsulların çeşid sayı 400-ü ötüb. Onların arasında fontan armaturları, fontan siyirtmələri, terminalda qazın qəbulu, tənzimlənmə və ölçmə qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemləri, 9 növ tibb avadanlığı, 2 növ ov tüfəngi, müxtəlif növ mebel dəstləri, liftlərin təmiri üçün idarə pultları, gəmilərin təmiri üçün ehtiyat hissələri, traktorlar üçün tırtıllar, 1 və 2 yaruslu çarpayılar, səyyar yemək termosları, smart kartla işləyən qaz sayğacları, rəqəmsal işıqforlar, müxtəlif güclü akkumulyator batareyaları, müxtəlif laylı çap lövhələri, rəqəmsal televiziya yayımı üçün dekoderlər və s. var”.