Azərbaycanın naməlum uçan obyekti

azerbaycanin-namelum-ucan-obyekti
Oxunma sayı: 773

Qarabağ səmasında kəşfiyyat təyyarəsinin vurulmasından sonra gələn xəbərlər, bu hadisəyə qədər əldə olan məlumatlar və bu olaya birbaşa da olmasa dolayısı ilə dəxili olan reallıqlar məsələnin mahiyyətinə müəyyən qədər aydınlıq gətirməyə imkan verir.

Əvvəlcə son hadisə barədə xəbərlər:

1) Obyekt Əsgəran istiqamətində vurulub.
2) Ermənilər obyektin vurulmazdan on gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələrinin uçuşları intensivləşdiyini bildirib.
3) Obyekt xüsusi materiallardan hazırlandığı üçün onun tapılması da xüsusi cihazlar vasitəsi ilə mümkün olub.
4) Azərbaycan vurulan obyektin ona məxsus olduğunu təkzib edib.
5) Ermənilər vurulan obyektdə ABŞ istehsalı olan cihazlardan istifadə olunduğunu bildirib.
6) Vurulmuş obyektlə bağlı həm ermənilərin ilkin informasiyası həm də Azərbaycanın açıqlaması dərhal olmayıb. Hər iki tərəf iki gün gözləməyi lazım bilib.
İndi isə son həftəyə qədər olan xəbərlərə diqqət yetirək:
1) Azərbaycan bu ilin sonuna qədər 60 ədəd pilotsuz təyyarə istehsal etməyi planlaşdırır.
2) Azərbaycan pilotsuz təyyarələri İsrail şirkəti ilə birgə istehsal edəcək.
Və bu məsələyə dolayısı ilə dəxili olan reallıqlar:
1) Azərbaycanın mülkiyyəti olan Qəbələ RLS ətrafında ABŞ və Rusiyanın müəyyən məsləhətləşmələr aparması barədə bəyanatlar havadan asılı qalıb.
2) Rusiya regionda hegemonluğunu saxlamaq üçün İranla müəyyən ortaq məxrəc axtarır.
3) ABŞ Qarabağ problemi ilə bağlı proseslərdə Rusiyanın dominantlığına qısqanclıqla yanaşır.
4) Uğursuz Kazan görüşündən sonra Azərbaycanın atdığı ən ciddi addım hərbi parad olub. Erməni tərəfi isə ən yüksək səviyyədə təhrikedici bəyanatlar verməkdədir.

***

Ermənilər tərəfindən vurulan obyektin Azərbaycanın bu il istehsal etməli olduğu pilotsuz kəşfiyyat təyyarələrindən biri olduğu istisna edilmir. Bu yeni istehsalın ilk sınaq uçuşu da ola bilərdi.
Azərbaycan bunu təkzib edir. Çünki faktın təsdiq olunması bir sıra suallara yol aça bilər. Məsələn, Azərbaycanın istehsal etdiyi kəşfiyyat təyyarəsində ABŞ istehsalı olan cihazla bağlı. Bu fakt neytrallığını elan edən ABŞ-ın Azərbaycanın tərəfdaşı kimi görünməsini şərtləndirə bilər.

Vurulan obyektin xüsusi materialdan hazırlandığı və onun xüsusi cihazla tapıldığı xəbərinə istinad edərək demək olar ki, bu təyyarə radiolokatorlar vasitəsi ilə fiksə olunmayıb. Erməni lokatorları uçan obyekti fiksə etsəydi, onun düşdüyü yeri də deyə bilərdi. Amma verilən xəbər bu ehtimalı təkzib edir. Deməli, Azərbaycanın istehsalı olan pilotsuz təyyarəni erməni radiolokatorları görmür.
Bəs Qəbələ RLS?
Sözsüz ki, Azərbaycan tərəfi vurulan obyektin özünə məxsus olmadığını bildirəndə Qəbələ RLS-dən sıza biləcək informasiyanı nəzərə alıb. Bəlkə də təkzibin gecikməsində əsas faktor elə bu olub. Yəni Azərbaycan tərəfi əvvəlcə Qəbələ RLS-in obyekti qeydə alıb-almadığını araşdırıb, sonra isə bəyanat verib.
Vurulan təyyarədə ABŞ istehsalı olan cihazlardan istifadə ermənilərin etirazı ilə yanaşı, İranın da qıcıqlanmasına səbəb ola bilərdi. Məlum məsələdir ki, ABŞ hər-hansı yolla olur-olsun İranla bağlı informasiya almaqda maraqlıdır. Bunu İran da yaxşı bilir. Ancaq obyektin İran sərhədinə yaxın, işğal altında olan Fizuli, Cəbrayıl, Zəngilanda yox, məhz Əsgəran istiqamətində vurulması bu ehtimalı arxa plana keçirir. Amma eyni zamanda bu fakt İranın ehtiyat tədbirlər görməsinə də stimul verir. Bu isə təbii ki, Rusiyanın marağındadır. Deməli ABŞ-ı ittiham edən bəyanatın arxasında Rusiya dayana bilərdi.

ABŞ istehsalı olan cihazın, vurulan obyektdə istifadəsinə gəldikdə isə, bunu istehsalçılardan birinin İsrail şirkəti olması ilə izah etmək olar. ABŞ sözügedən cihazı Azərbaycana yox, İsrail şirkətinə sata və sonda həmin cihaz da Azərbaycanın pilotsuz kəşfiyyat təyyarəsində istifadə oluna bilərdi.

Bundan başqa, ermənilərin son 10 gündə Azərbaycan Hərbi Hava Qüvvələrinin fəallaşdığını deməsi də hansısa təbliğat marağına xidmət edir: 10 gün intensiv uçuşlar və sonra kəşfiyyat təyyarəsi. Amma bilməyənlər üçün xatırladaq ki, Azərbaycanın hərbi təyyarəçiləri həftənin 5 gününü uçur. Və uçuş istiqamətləri arasında Qarabağ da var.

***

Bütün bu deyilənlərdən sonra belə bir nəticə çıxarmaq olar:
Azərbaycan Kazan görüşündən sonra erməni liderlərinin verdiyi sərsəm bəyanatlara cavab addımı atıb. Yerli istehsal olan pilotsuz hərbi kəşfiyyat təyyarəsini ermənilərin nəzarətində olan ərazilərə göndərməklə. Bu təyyarənin erməni və rus radiolokatorları tərəfindən fiksə olunmaması isə qarşı tərəfi üçün soyuq duş effekti yaradıb.

Birmənalı demək olar ki, rəsmi Bakının bu addımı daxili siyasi duruma hesablanmayıb. Bu addım xarici qüvvələrin, konkret olaraq Rusiya və ABŞ arasında gedən mövqe savaşında Azərbaycanın öz sözü olduğunu bir daha yada salmaq mahiyyəti daşıyır.

O ki qaldı, təyyarənin vurulmasına, bu tip uçan aparatların salamat qayıtma ehtimalı çox azdır. Məhz elə buna görə də bu aparatların pilotsuz olması nəzərdə tutulub. Və Azərbaycan bu il 60 belə təyyarə istehsal etmək planlaşdırır.