Azərbaycanın tanımış jurnalistləri və deputatlar İTV-ni qiymətləndirir - 7 illik

azerbaycanin-tanimis-jurnalistleri-ve-deputatlar-itv-ni-qiymetlendirir-7-illik
Oxunma sayı: 1009



Sabah Azərbaycanda İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasından 7 il ötür. Bu ötən yeddi ildə İTV haqqında ictimaiyyətdə hansı fikir formalaşıb. “Qafqazinfo” portalına İTV haqqında fikir söyləyən bir neçə tanınmış jurnalist və deputatın açıqlamaları təqdim olunub. Biz də həmin fikirləri oxuculara təqdim edirik.


Eynulla Fətullayev:

- Artıq televiziyan erası bitməkdədir. Dünya mediya ekspertlərinin vahid rəyinə görə, virtual aləm XX əsrin möcüzəsini - TV efirini də özündə əks etdirəcək. Artıq jurnalistikanın janrları və növləri arasında olan şərti sərhədlər götürülür və qeyri-adi mətbuat birmənalı şəkildə adi və sıravi vətəndaşın məsuliyyətinə çevrilir. Yeni vətəndaş jurnalistikası TV-dən daha da böyük məsuliyyət tələb edəcək, çünki vətəndaşın özü, bloq vasitəsilə onun ifadəsi TV gücünə bərabər olacaq. Müasir sivilizasiyanın yeni ofis planktonu öz kompyüteri qarşısında xəbəri yayımlayan dəqiqədə qəflətən bu xəbərin tamaşaçısına çevriləcək. Əlbəttə, TV meydana gələndə hər kəs radionun tarixin səhifəsinə çevriləcəyində əmin idi. Lakin radio nəinki məğlub olmadı, hətta ənənvi nüfuzunu belə qoruyub saxladı. Radio TV-ni üstələmək üçün ən başlıca substansiyadan - vicdandan istifadə etdi. Və yaşadı. TV interneti bir vasitə ilə üstələyə bilər, radionun TV ilə mübarizədəki üsulundan - vicdandan istifadə edərsə. Mən, Azərbaycanın TV məkanında yeganə müstəqil televiziya olan İctimai TV-yə vicdanlı olmağı və yeni texnoloji dalğa qarşısında duruş gətirməyi arzu edirəm. Vicdanınız, mübarək olsun!

Rey Kərimoğlu

İctimai Televiziyanın yaranması bizim gözlərimizin qarşısında baş verdi. Düzdür, ilk vaxtlarda bu kanalın yaradılması prosesi, onun fəaliyyəti cəmiyyətdə birmənalı qarşılanmadı. Kanalın yaranmasını, onun fəaliyyətini yüksək qiymətləndirənlərlə yanaşı tənqid edənlər də oldu. Onun AzTV-nin bir kopyasına çevriləcəyi fikirləri də səslənirdi. İTV-nin rəhbəri İsmayıl Ömərovun bir menecer kimi yetərli şəxs olmadığı söylənilirdi. Amma İTV bütün bunlara baxmayaraq özünü doğrultdu. Şəxsən mən İsmayıl Ömərovun İTV-nin sükanı arxasına keçəndən sonra bir menecer kimi belə bir quruculuq və yaradıcılıq işlərinə imza atacağına inanmazdım. Kanalın kollektivi əsasən peşəkar və səriştəli jurnalistlərdən ibarətdir. Ən əsası isə bu kanalda jurnalistlərin rüşvət almadan, əməkhaqqı və qonorar hesabına fəaliyyət göstərməsi cəmiyyətdə İTV-yə hörmətin artmasına səbəb oldu. Bütün bunlar məni sevindirir.

İTV xalqımızın ən ağrılı və həssas dərdi olan Qarabağ probleminə həmişə diqqətlə yanaşmış, bu məsələni daima diqqətdə saxlamışdır. Kanalın efirindən cəmiyyətdə hərbi vətənpərvərlik ruhunun qaldırılması istiqamətində müxtəlif verilişlər hazırlanıb yayımlanır. Bununla yanaşı İTV-nin efirindən Azərbaycan xalq yaradıcılığına, muğam və aşıq musiqisinə xüsusi önəm verilir. Mütəmadi yayımlanan siyasi, iqtisadi, sosial və maarifləndirici proqramlar cəmiyyətimiz üçün çox əhəmiyyətlidir. Son zamanlar müxtəlif siyasi cinahlara malik, sərt tənqidçi şəxslərə İTV-nin efirindən öz fikirlərini demələrinə imkan yaradılması da təqdirəlayiq haldır.

İstərdim ki, İTV-nin efirində yayımlanan proqramlarda Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin problemlərini əks etdirən mövzular tez-tez yer alsın. Eyni zamanda, İTV-nin efirindən cəmiyyətin bütün təbəqələrini əks etdirən, hakimiyyətin fəaliyyətini sağlam şəkildə tənqid edən siyasət, mədəniyyət, ədəbiyyat, elm xadimlərinin, ekspertlərin, o cümlədən müxtəlif sosial təbəqələrin nümayəndələrinin də fikir və təkliflərini daha çox eşitməyi arzulayıram.


Əli Məsimli

Mən 7 il bundan öncə İTV-nin açılış mərasimində iştirak edəndə daxilimdə belə bir televiziyanın necə ilə ərsəyə gələcəyi sualını götür-qoy edib, ən yaxşı halda 10 il ətrafında müddət lazım olacağı qənaətinə gəldim. Amma İctimai televiziya yaxşı kadr potensialı, rəhbərliyin və onun təşkil etdiyi komandanın səriştəliliyi, fədakarlığı və dövlət dəstəyi sayəsində qısa dövr ərzində teleməkanda öz layiqli yerini tuta bildi. 7 yaş insan həyatının erkən uşaqlıq dövrüdür. İctimai Televiziya isə uşaqlıq dövrünü çox sürətlə başa burub, bu 7 ildə püxtələşmə mərhələsini uğurla həyata keçirir. İctimai TV indi çox maraqlı, düşündürücü, istiqamətləndirici verilişləri ilə özünün formalaşmış, sabit, çoxsaylı auditoriyaya malikdir. Mən də bu televiziyanın verilişlərində çox məmuniyyətlə iştirak edirəm. Hətta bəzi verilişlər yüksək reytinq nümayiş etdirdiyindən, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, indi də tamaşaçı tərəfindən xatırlanırsa, bu məndən daha çox İctimai TV-nin professionalizminin ən əyanı sübutudur. İctimai TV xalqa yaxınlığı, əhalinin aktual problemlərinə həssas bir televiziyadır. Orada şəxsiyyətinə və peşəkarlığına hörmət etdiyim gözəl insanlar çalışır. İctimai Televiziyanı 7 yaşı münasibətilə ürəkdən təbrik edir, fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Qənirə Paşayeva

Respublikamızın 1-ci kanalının – İTV-nin, ümumən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRYŞ) ekran-efir həyatına başlamasının 7-ci ili tamam olur.
Yaxşı yadımdadı, 2005-ci ilin 29 avqustunda bu yeni təsisata müsabiqə yolu ilə işçilərin qəbulu prosesi başladı, televiziyaya (televiziyaçılığa!) sadiq, öz işinin peşəkar olan, habelə yenilikçi ruhu ilə seçilən, azad fikirli jurnalistlər işə cəlb olundu, tamaşaçıya, dinləyiciyə üstün bir xidmət məkanı açıldı.

İctimai-siyasi həyata televiziyaçılıqdan gəlmiş bir insan olaraq, təbii ki, İctimai Televiziyanın quruculuq prosesinə biganə olmamışam və o işləri rəğbətlə, qibtə hissi ilə xatırlayıram. Baş direktor seçkisindən ötən çox qısa zaman kəsiyində - toplam 2-3 ay ərzində, doğrudan da bənzəri olmayan işlərə imza atıldı.

– Birincisi, artıq ölkədə bir neçə televiziya və radio vardı – gərək onlardan fərqlənməyi bacaraydın – İTRYŞ bunu bacardı; ikincisi, “ictimai televiziya və radio” mandatını doğrultmaq lazım gəlirdi – hansı ki, bizdə bu təcrübə mövcud deyildi – İTRYŞ bunun da öhdəsindən gəldi; üçüncüsü, fərqli televiziya və radiolardan, fərqli yaradıcılıq qurumlarından, mətbuatdan, elm və tədris müəssisələrindən işə cəlb olunmuş yaradıcı və texniki heyət vahid komanda ruhuna yiyələnməli idi və İTRYŞ bu sahədə də başarılı ola bildi. Bir sözlə, İTRYŞ kollektivi qısa zamanda (və kamil şəkildə) bu çətin vəzifələrin öhdəsindən gəldi.

İTV və İctimai Radio bu gün ictimai-siyasi, mədəni həyatımızın ayrılmaz bir parçasına çevrilmişdir.

Fərqli baxış bucaqlarına malik insanların fikir və mülahizələrinə meydan tanıması; ölkəmizin dünəni, bu günü və sabahına işıq tutması; ən güncəl mövzuları müzakirəyə çıxarması; milli və bəşəri sənət nümunələrini gərəyincə təbliğ etməsi, nəhayət çoxfunksiyalı fəaliyyət göstərərkən özünəməxsusluğunu qoruyub saxlaması, məncə İTRYŞ-nin fərqləndirilməli özəllikləri sırasındadır.

Fürsətdən istifadə edib, İTRYŞ-nin bütün əməkdaşlarını şirkətin yayım həyatına başlamasının 7-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!


Rəşad Məcid

İctimai TV yarandığı gündən diqqətimdə olan, izlədiyim və bəyəndiyim kanal olub. Çətin rəqabət mühitində və qısa bir vaxt ərzində yarandığına baxmayaraq öz səviyyəsi ilə ciddi tamaşaçı kütləsinin dəstəyini qazanan İTV sonrakı illərdə də bu səviyyəni qoruyub saxlaya bildi.

Mənim Azərbaycan TV məkanında ən çox qiymətləndirdiyim iki veriliş var və bunlar da məhz İTV-nin layihələridir: “Bakinskie taynı” və “Bir mahnının tarixçəsi” verilişləri.

İndi də İTV öz maraqlı layihələri, əhatəliliyi, səviyyəsi ilə seçilir. İTV-nin “Yeni gün” proqramı səhər proqramları içərisində ən dinamiki, ən maraqlısı və əhatəlisidi.

TRT Avazla birgə layihələr isə xüsusilə böyük əhəmiyyət daşıyır. İctimai TV-nin həm Evrovision yarışmalarında, həm son Olimpiya çempionatında göstərdiyi peşəkarlıq, operativlik, əhatəlilik tamaşaçıları kanalı dəyişməməyə vadar etdi.

İTV-nin analitik proqramları səviyyəsi ilə seçilir. “Çarpaz baxiş”, “Aktual”, “Ortaq məxrəc” verilişləri də cəmiyyətin bir sıra sahələrdə mövcud olan problemlərini ictimai müzakirəyə çıxarır və ən fərqli fikirlərə yer ayırır.

İTV-nin mədəniyyətimizə, ədəbiyyatımıza və tariximizə həsr edilən verilişləri də əhəmiyyətlidir, öz orijinal yanaşması ilə seçilir

İctimai TV-nin kadr potensialı da güclüdü. Bu kanala rəhbərlik edənlər TV sahəsində uzun illər çalışmış, bu işin incəliklərinə bələd olan insanlardı.
Gənclər də məhz bu mühitdə püxtələşir, öyrənir və sürətlə peşə sirlərinə yiyələnə bilirlər.

Men İctimai TV-nin ad gününü təbrik edirəm . Bütün kollektivə uğurlar arzulayıram və inanıram ki, uzun illər İctimai TV bu tempini, bu peşəkarlığını, bu maraqlılığını qoruyub saxlayacaq.

İctimai TV-də Azərbaycan mediasının problemləri vaxtaşırı müzakirə olunur. Yazılı medianın ən fərqli düşərgələrinin nümayəndələri İTV-nin efirindən öz sözlərini çatdıra, mediamızın qarşılaşdığı problemləri bölüşə bilirlər.