Azərbaycanın virtual Qarabağ biabırçılığı… - Təhlil

azerbaycanin-virtual-qarabag-biabirciligi-tehlil-
Oxunma sayı: 1341



Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılmalıdır. Mərkəzin yaradılması 2012-ci ildə nəzərdə tutulub. Gec də olsa, Azərbaycan hakimiyyəti informasiya müharibəsində əldə edilən qalibiyyətin Qarabağ probleminin həllinə aparan yol oldugunu qəbul etdi. Belə anlaşılır ki, bu mübarizə mərkəzləşdirilmiş şəkildə aparılacaq və Ermənistanın beynəlxalq arenada formalaşdırdığı imicinə zərbə vuracaq. Zəfərimiz mübarək olsun...

Alver üçün hədəf

Amma görülən işlər və edilən canfəşanlıqlar göstərir ki, bu sərəncam Qarabağ üzərindən alverə növbəti dəfə yol açır. Bacardı, bacarmadı, hər kəs indi bir sayt yaradıb, “Qarabağ həqiqətlərini dünyaya bəyan edirəm” adı altında şəxsi mülahizələrini müxtəlif dillərdə yayır.

Bəs dünya bu yazılanları oxuyurmu? Uzağa getməyək, elə biz özümüz hansısa ölkələrarası münaqişələrlə bağlı məlumatlar oxuyarkən nə dərəcədə inanırıq? Təbii ki, əgər məlumat yayan maraqlı tərəfdirsə, o zaman diqqətimizi ilk çəkən qarşı tərəflə bağlı işlədilən ifadələrdir və çox zaman elə ilk cümlə səhifəni bağlamağa səbəb olur.

Uzun sözün qısası, virtual Qarabağla əlaqədar bu günə qədər atılan addımların ən böyüyü Şuşanı işğaldan azad edilməsi ilə bağlı yaradılan oyundur. Bu intellektual oyun isə işıq üzü görən kimi gülüş hədəfinə çevrildi. Özümüzün ələ saldığımız bir oyunu yayıb, dünyanı güldürməkmi istəyirik?! Yoxsa elə bilirik ki, bununla dünyanı Qarabağla bağlı həqiqətləri yalnız bizim söylədiyimizə inandıracağıq? Yaxud da hansısa ağıllı “virtual Şuşa”nı azad etməklə əslində Şuşanın gerçəkdən necə azad etmənin yollarını göstərəcək? Aydın görünür ki, bu oyunun yaradıcılarını Şuşanın işğaldan azad edilməsindən çox, onun virtual formatına ayrılan vəsaitin həcmi maraqlandırır.

Eyni fikirləri bu gün Qarabağ adı altında sayt yaradan əksər şəxslərə də şamil etmək mümkündür.

Rəsmi mövqe əməldə əks olunmur

Yazını hazırlayarkən bu adda fəaliyyət göstərən virtual məkanlara diqqət yetirdim. İlk diqqətimi çəkənsə Dağlıq Qarabağın Azərbaycanlı İcmasına məxsus karabakh.az saytı oldu.
Öncə bir məsələyə diqqəti yönəldim: Sayt icmanındırsa, deməli, orada Azərbaycan hökumətinin rəsmi mövqeyi yer almalıdır. Azərbaycan hökumətinin rəsmi mövqeyi belədir ki, dinc, birgəyaşayış təmin olunmalıdır. Karabakh.az saytının təbliğatı isə sırf erməniyə nifrətə hesablanıb və 4 dildə yayımlanan saytda icmanın bu yöndə gördüyü işlərdən bəhs olunur. Məsələn, saytın “Dünya ictimaiyyəti ermənilər haqda” bölümündə belə bir giriş var: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi”. Ardınca da müxtəlif şəxslərin ermənilərlə bağlı fikirləri yer alır.
Dünya bunu oxuyurmu? Məgər sərəncam bu formada təbliğatın mərkəzləşdirilmiş şəkildə icrasınımı nəzərdə tutur? Əgər belədirsə, o zaman bu təbliğat nə dünyanın ermənilərlə bağlı fikrini dəyişəcək, nə də Qarabağ problemi həll ediləcək. Qazanansa yalnız Qarabağ adından alver edənlər olacaq. Proqramın icrasına yönədilmiş vəsaitin mənimsənilməsindən başqa heç bir nəticə əldə olunmayacaq.

Bu məsələdə uduzduğumuz bir məqam da var; bu cür təbliğat əslində Azərbaycan hakimiyyətinin mövqeyi ilə əməlinin tərsmütənasib olduğunu göstərəcək. Çünki dinc, birgəyaşayış anlayışında etnik ayrıseçkiliyə yol verilmir, düşmən dedikdə bütün xalq hədəfə alınmır, aşağılanmır. Bu cür yazıların, münasibətlərin dünya çapına çıxarılması isə Ermənistan hakimiyyəti üçün hədiyyədir. Onlar bu faktlardan yararlanaraq, Qarabağın erməni icmasının Azərbaycanın tərkibində yaşamaq istəməməsini əsaslandırmağa çalışacaqlar.

Belə olan halda virtual Qarabağ savaşında qazanacağımızı necə iddia edə bilərik?

Qəzəbə hesablanmış səthi məlumatlar

Təbii ki, bir saytın simasında bu qədər kəskin qərar vermək də doğru olmazdı. Odur ki, bütün saytları bir-bir incələmək lazım gəlir. Qarabağla bağlı kifayət qədər sayt var: karabakh-doc.azerall.info, karabakh.co.uk, karabakh.org, karabakh.gen.az, khojaly.org, khojaly.org.az, khojaly.net, khojaly.tripod.com, azerigenocide.org, shusha.aznet.org, qarabag.iatp.az, karabakh.bravepages.com, karabakh-az.org, azerbaijanfoundation.org, azadqarabag.a zerall.info və s.

Bu saytların hamısı 1 və ya 2 dildədir. Böyük əksəriyyəti ingiliscədir. Hamısında Qarabağda yaşanan faciələr qabardılıb. Yalnız bu ilin əvvəlində yaradılmış garabagh.net saytı 7 dildə (Azərbaycan dilindən başqa ingilis, alman, rus, türk, fransız, ispan dillərində) fəaliyyət göstərir və çoxlu sayda bölmədən ibarətdir. Saytın texniki imkanları da yaxşıdır. Qısası, bütün məlumatların bir mərkəzdən idarə olunması gərəkirsə, o zaman bu saytın imkanlarından yararlanmaq olar. Bu da əlavə xərcin çəkilməməsinə imkan yaradar, sayt yaratmaq adı ilə istifadə olunacaq məbləğ dövlətin büdcəsində qalar.

Sayt rəhbərliyinin virtual Qarabağla bağlı maraqlı təklifləri də var. Məsələn, qeyd olunur ki, Qarabağ probleminin dünyada obyektiv tanınmasında dünya azərbaycanlılarının birgə fəaliyyətini istiqamətləndirən virtual “Qarabağ” evi, Qarabağın sosial şəbəkəsi yaradıla bilər. Bundan başqa, saytda dünyanın ali məktəb tələbələri üçün “Virtal Qarabağ tələbə forumu”; sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qrupları, Qarabağ kəndlərinin haqqında internet resursun yaradılması və s. nəzərdə tutulur.

Maraqlı təkliflərdir. Amma sual doğurur: Bu təklifləri kimlər həyata keçirəcək? Dövlət büdcəsindən buna vəsait ayrılacaqmı, yoxsa sayt öz hesabına bu təklifləri reallaşdıracaq?

Təkliflər

Sözügedən saytda çatışmayan cəhətlər də var. Bu saytda da Azərbaycanın rəsmi mövqeyi səthi verilir, daha çox törədilən hadisələr qabardılır. Bir sözlə, problemin hazırki vəziyyətindən çox tarixi köklərə diqqət çəkilir. Halbuki, ermənilərin vaxtilə hansı ərazidən Qarabağa daşındıqları dünya ictimaiyyətini az maraqlandırır. Əsas məsələ ermənilərin Azərbaycanın ərazisini parçalamağa cəhd göstərməsi və problemin həlli yollarının tapılmasıdır. Biz istəsək də, istəməsək də, Qarabağ erməniləri də Azərbaycan vətəndaşlarıdır və tarixi əsas gətirib, onlara “yurd-yuvanızdan köçüb gedin” deyə bilmərik. Problem mövcud duruma, beyəlxalq prinsiplərə uyğun həll olunmalıdır.

Fikrimcə, bu saytda toxunduğum məsələyə yer ayrıla, eyni zamanda Qarabağ ermənilərinin de-fakto Azərbaycanın tərkibində yaşadıqları halda (de-yure onsuz da Azərbaycanın tərkibindədirlər) hansı üstünlüklər qazanacağı faktlarla əsaslandırıla bilər.
Bundan başqa, erməni sülhpərvərləri ilə əlaqələrin yaradılması da mühüm faktorlardan biridir. Çünki məsələnin həllində yalnız ölkə rəhbərlərinin, ziyalılarının deyil, xalqın da görüşüb, bir masa arxasında və ya bir veb-sayt çərçivəsində müzakirə aparması vacibdir. Üçüncü tərəfin (Minsk Qrupu və s) iştirakı olmadan təşkil olunacaq bu cür forumlarda hər iki xalqın istək və etirazları öz əksini tapa, tərəflər anlaşa bilər ki, bu da Qarabağ probleminin həllində müsbət dəyişikliklərə səbəb olar. Düzdür, erməni və azərbaycanlıların müzakirə aça biləcəyi müəyyən forumlar var. Lakin o forumlar da yayğın fəaliyyət göstərir. Mütəxəssislərin fikirlərinə güvənsək, garabagh.net-də belə bir forumun təşkili mümkündür.

garabagh.net-də diqqət çəkən başqa bir məqamsa seçilmiş dillərlə bağlıdır. Düzdür, sayt 7 dildə fəaliyyət göstərir. Amma o dillərin arasında yaxın qonşumuz olan və Ermənistanla sıx dostluq əlaqələri quran İranın anlayacağı fars, dünyada 300 milyon ərəbin danışdığı ərəb, eləcə də dünyanın ən böyük əhalisinə məxsus Çin dilləri yoxdur. Həmçinin materiallar sadə erməninin anlayacağı erməni dilində də verilsəydi, pis olmazdı. Əgər informasiya müharibəsinin məqsədi düşməni məğlub etməkdirsə, o zaman qarşı tərəfdən tərəfdaş tapmaq ən uğurlu addım olmazmı?
Qısası, bu gün virtual Qarabağ gündəmdə olan ən vacib məsələlərdən hesab olunur. Heç olmasa bu dəfə real addımlar ataq, əlimizdə olan resurslardan yararlanaq və ən başlıcası ilk dəfə Qarabağla bağlı istəklərimizi heç bir təmənna ummadan həyata keçirək. Axı vətənpərvərlik şüarda yox, əməldədir...

Aynur Elgünəş, xüsusi olaraq “Qafqazinfo” üçün