Azərbaycanla bağlı daha bir hesabat açıqlandı

azerbaycanla-bagli-daha-bir-hesabat-aciqlandi
Oxunma sayı: 659

Yerli hüquq müdafiəçiləri mətbuat konfransında araşdırmanın Azərbaycanla bağlı hissəsini təqdim ediblər.
Beynəlxalq Observatoriya 1997-ci ildə Insan Hüquqları naminə Beynəlxalq Federasiya (FIDH) və Işgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT) tərəfindən təşkil olunub və onun məqsədi hüquq müdafiəçilərinin özlərinin və vətəndaş cəmiyyətinin digər fəallarının hüquqlarının pozulması faktlarının monitorinqidir.
Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov qeyd edib ki, hesabatda 2010-cu ilin noyabrından 2011-ci ilin aprelinə qədər Azərbaycanda hüquq müdafiəçilərinə, jurnalistlərə və vəkillərə təzyiq faktları əksini tapıb. Sənəddə qeyd edilib ki, noyabr seçkiləri demokratik olmayıb, mətbuat azadlığı və toplaşmaq azadlığı məhdudlaşdırılıb, namizədlərin qeydiyyata alınması zamanı yol verilən pozuntular müxalifəti zəiflədib və vətəndaşların azad siyasi seçimini demək olar ki, mümkünsüz edib.
Hesabatda hakimiyyətin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzini müstəqil müşahidə qurumu qismində qeydiyyata almaqdan imtinası xüsusi vurğulanıb.
Bundan başqa, hakimiyyətin Norveçin “Insan hüquqları evi” fondunun və Amerikanın Milli Demokratiya Institutunun fəaliyyətini dayandırdığı qeyd edilir.
2011-ci ilin mart-aprel aylarında Azərbaycan hakimiyyəti müxalifətin mitinqlərinə icazə verməyib ki, bu da sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulması kimi qiymətləndirilir. Söz azadlığı və istənilən növ müxalif siyasi fəaliyyət məhdudlaşdırılıb.
Jurnalistlərin oğurlanması və döyülməsi və Islam Partiyasının rəhbərliyinin həbsi faktları olub. Naxçıvanda hüquq müdafiəçiləri və jurnalistlərin, xüsusən Məlahət və Ilqar Nəsibovlar, Elman Abbasov, Həkimeldostu Mehdiyevin hüquqlarının tapdanmasına xüsusi diqqət yetirilib.
Hesabatda həmçinin RATI-nin direktoru Emin Hüseynova və bu QHT-nin əməkdaşı Rəsul Cəfərova təzyiq faktları qeyd edilib. Həmçinin hüquq müdafiəçisi Vidadi Isgəndərovun cinayət ittihamı ilə həbsi, vəkillər Osman Kazımov və Intiqam Əliyevə qarşı məhkəmə prosesləri barədə məlumat verilib. Ümumilikdə, hesabat müəlliflərinin fikrincə, 2010-cu il parlament seçkilərindən sonra Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini müxalifət üzvləri ilə eyniləşdirib və onlara qarşı təzyiqləri gücləndirib(Turan).