Azərbaycanla bağlı kəskin hesabat

azerbaycanla-bagli-keskin-hesabat-
Oxunma sayı: 689

Hesabata əsasən, Azərbaycanda son 6 il ərzində bu il ən ağır vəziyyət olub və bu ölkədə 2003-cü ildən sonra ikinci dəfə jurnalist Rafiq Tağı qətlə yetirilib. Ilin əvvəllərində demokratik gənclərin nümayişlərinə qarşı hədələrdən, oğurluq və basqılardan istifadə olunub. Naxçıvanda jurnalistlərə basqılar və söz azadlığının boğulması davam edib. 2010-cu il üçün Mətbuat Azadlığı Indeksində Azərbaycan 178 ölkə içində 152-ci yeri tutub. “Mətbuat yırtıcısının rəhbərlik etdiyi Azərbaycan korrupsiya təfəkkürünə malik avtoritar ölkə olaraq qalır.
Məhdud çərçivələr faktiki olaraq ictimaiyyəti plüralizmdən məhrum edir və daim polyarlaşmanı təmin edir. Paradoks ondan ibarətdir ki, Bakı-Ceyhan neft kəmərinin işə salınmasından sonra iqtisadi bum yalnız bu tendensiyaları gücləndirdi və hakimiyyətə əlavə resurs və beynəlxalq cəmiyyətin onlara heç nə edə bilməyəcəyinə dair əminlik verdi.
Mətbuat hədsiz dərəcədə loyallaşmışdır, müstəqil və müxalifət KIV-ləri isə daim təzyiqə məruz qalır.
Buna ölkənin aparıcı müxalifət qəzeti olan “Azadlıq” misal ola bilər. Qəzetin redaktoru, bir neçə il həbsdə yatan Qənimət Zahid ciddi hədələrə məruz qalmaqda davam edir.
Gənc reportyorlardan biri Aqil Xəlil 2008-ci ildə bir neçə qətl cəhdinə məruz qaldıqdan sonra ölkəni tərk etməyə məcbur olub. Digər müxalifət qəzeti olan “Xural”ın redaktoru Əvəz Zeynallı oktyabrda həbs edilib, qəzeti isə nəşrini dayandırmağa məcbur ediblər. Bütün bunlar 2009-cu ildə ölkədə üç məşhur xarici radiostansiyanın - BBC, “Azadlıq” və “Amerikanın Səsi” radiolarının yayımının dayandırılmasına səbəb olan siyasətin davamıdır. Bu il Internetdə ifadə azadlığına təzyiq güclənib, sosial şəbəkələr kəskin nəzarətə alınıb və müntəzəm olaraq bağlanır, yeddiyə qədər məşhur xəbər saytı müntəzəm olaraq haker hücumlarına məruz qalır, Bəxtiyar Hacıyev də daxil olmaqla, bir sıra blogerlər isə barmaqlıqlar arxasına atılıb.
Buna görə, ötən il blogerlər Emin Milli və Adnan Hacızadənin, bu il isə jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsi hökumətin beynəlxalq təzyiqi azaltmaq məqsədilə atdığı taktiki addımlar kimi qiymətləndirilməlidir. 2005-ci ildə “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətli indiyədək açılmayıb ki, bu da hakimiyyətin bunun üçün siyasi iradəsi olmadığını göstərir. Bu yaxınlarda qətlə yetirilmiş Rafiq Tağı ilə bağlı da analoji vəziyyət yaranıb. Onun qətlində bir çox aydın olmayan və gözlənilməz hallar var, belə ki, cərrahi əməliyyatdan sonra onun vəziyyəti təhlükə doğurmurdu. Naxçıvanda vəziyyət daha çox Şimali Koreyadakı vəziyyəti xatırladır. Bu bölgədə azad düşüncəli insanlara qarşı təzyiqlər paranoik həddə çatıb, deyə hesabatda bildirilir.

azadliq.info