Azərbaycanlı həkimlərin diaqnozu İranda gülüşə səbəb olub - Video

azerbaycanli-hekimlerin-diaqnozu-iranda-guluse-sebeb-olub-video
Oxunma sayı: 655

İranın Azərbaycandakı Konsulluğunun qarşısı bu ölkəyə müalicəyə getmək istəyənlərlə doludur. Hər halda, son bir ildə müalicə üçün İrana gedənlərin statistikasını aparan olsaydı, yəqin ki, ciddi bir rəqəmlə qarşılaşmış olardıq. Müalicə üçün bu ölkəni seçənlər də əslində elə ciddi xəstəliklərdən əziyyət çəkənlərdir. Müşahidələr göstərir ki, insanlar daha çox iki səbəbdən İrana üz tuturlar. Birincisi, həkimlərə inanmırlar, ikincisi, İranda müalicə onlara daha ucuz başa gəlir.

Məsələn, Münəvvər xanım əməliyyatına Azərbaycanda 1800 manat pul xərclədiyini deyir. Üstəlik, ona səhv diaqnoz qoyublar. Deyiblər ki, xərçəngsən. İranda isə bu diaqnoza gülüblər. Münəvvər xanım kimi bu cür aqibətlə qarşılaşan onlarla insan var. Müalicə üçün İranı seçənlər qiymətlərin də qonşu ölkədə Azərbaycana nisbətən qat-qat ucuz olduğunu deyirlər.

Ekspertlər isə hesab edir ki, Azərbaycanda insanların səhiyyəyə inamını gücləndirmək üçün mütləq icbari tibbi sığorta tətbiq olunmalıdır. Daha doğrusu bu mexinizmin şəffaf işləyəcəyi təqdirdə, ehtimal olunur ki, xaricə üz tutanların sayı kəskin azalacaq. Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun fikrincə isə Azərbaycanda müalicəsi mümkün olmayan patologiya yoxdur. Həkimlərin səriştəsizliyinə gəlincə, rektor səslənən ittihamlarla razılaşmır. ANS-ə açıqlamasında Əhliman Əmiraslanov bildirib ki, əgər həkimlərimizin səviyyəsi aşağı olsaydı, hər il Tibb Universitetinin 100- 200 məzunu Avropanın klinikalarında fəaliyətə başlamazdı. Onun sözlərinə görə, təkcə keçən il 34 məzun Almaniyada rezidenturaya qəbul olunub. Bir sözlə, Tibb Universitetinin rektoru Azərbaycandakı klinikaların keyfiyətini də, həkimlərin səviyyəsini də qənaətbəxş sayır.



anspress