Azercell Azərbaycanın telekommunikasiya sektorunda bir çox yeniliklərə imza atmışdır

azercell-azerbaycanin-telekommunikasiya-sektorunda-bir-cox-yeniliklere-imza-atmisdir
Oxunma sayı: 835

15 il əvvəl ilk dəfə GSM dünyasını Azərbaycana gətirən Azercell Telekom MMC ölkədə əsl keyfiyyətli və etibarlı mobil rabitə erasının əsasını qoydu. Əhalinin mobil rabitədən istifadəsini daha da əlverişli etmək məqsədilə bütün bu müddət ərzində Azercell bir sıra əhəmiyyətli yeniliklərə imza atmışdır. Azərbaycanda ilk dəfə olaraq əvvəlcədən ödəniş sistemi, həftənin 7 günü 24 saat ərzində fasiləsiz işləyən ilk Telefon Mərkəzi, ilk rouminq xidmətlərini tətbiq edən şirkətin nailiyyətləri yüksək keyfiyyətli rabitəni təmin edən peşəkar texniki hazırlığa əsaslanmışdır.

Azercell müxtəlif ərazilərdə, ilk baxışdan insan üçün əlçatmaz hesab edilən yerlərdə öz abonentlərini mobil rabitə ilə təmin edir. İlk dəfə olaraq dəniz platformalarında və Neft Daşlarında keyfiyyətli rabitə şəbəkəsini məhz Azercell qurmuşdur. Hazırda dənizdəki neft platformalarında şirkətin 8 radio baza stansiyası xidmət göstərir. Stansiyaların daimi işi sayəsində neftçilərimiz istənilən an öz ailələri və yaxınları ilə əlaqə saxlaya bilirlər.
Azercell 2006-ci ildən etibarən Bakı-Ceyhan neft kəməri boyunca mobil rabitəni də təmin etməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, Bakı şəhərindəki metro və metro tunellərində mobil şəbəkə ilk dəfə olaraq məhz Azercell tərəfindən təmin olunmuşdur. Şirkət 2008-ci ildə 3 min metr yüksəklikdə olan Qızılqaya zirvəsində baza stansiyası quraşdırmış və ölkəmizin ən hündür yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kəndini də mobil rabitə ilə təmin etmişdir. Respublikamızın digər ucqar rayonları, dağlar qoynunda yerləşən Lerik, Yardımlı, Tovuz, Gədəbəy və Naxçıvanın ucqar kənd və qəsəbələrində də ilk olaraq Azercell-in şəbəkəsi işə düşmüşdür. Alternativ enerji mənbələri olan külək və günəş enerjisi ilə işləyən ilk yaşıl Radio Baza Stansiyasını da məhz Azercell şirkəti tərəfindən Şahdağda quraşdırılmışdır.

Cəbhə bölgələrində, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə - Biləsuvar, Goranboy, Ağcəkənd, Zobucuq və digər yaşayış məskənlərində ilk dəfə olaraq rabitə şəbəkəsini Azercell yaratmışdır. Azercell mobil rabitə operatoru kimi fövqəladə hallarda da daim əhalinin köməyinə çataraq xilasetmə işlərinə öz dəstəyini göstərmişdir. 2010-cu ildə Sabirabad rayonunda sel daşqınları zamanı Azercell həmin ərazidə yaşayan 500 nəfər abonentin hər birini 25 dəqiqəlik pulsuz mobil rabitə ilə təmin etmiş və insanların öz yaxınları ilə təcili əlaqə saxlaya bilməsi üçün şərait yaratmışdır.

Azercell daim ən yeni texnologiyalardan istifadə edərək həm də onları hər bir abonenti üçün əlçatan və əlverişli edir. Xüsusi transmissiya şəbəkəsi olan SDH şəbəkəsi də Azərbaycan telekommunikasiya tarixində ilk dəfə olaraq Azercell tərəfindən işə salınıb. Optik dairə şəklində qurulan SDH şəbəkəsi yüksək keyfiyyətli kəsintisiz rabitəni təmin edir. Öz dövrünün aparıcı mobil internet texnologiyası sayılan EDGE sistemini də ilk olaraq Azercell abonetləri işlətmək imkanını qazanmışlar. Bina və tikinti kompleksləri daxilində yüksək keyfiyyətli rabitə yaradılmasına imkan verən İnbuilding Solutions layihəsini də ilk olaraq Azercell tətbiq edib.

Hazırda Azercell şəbəkə keyfiyyətinin yüksəldilməsi üçün TeliaSonera MCDR (Mobile Call Defected Ratio) parametrlərindən istifadə edir. Bu indeks sistemi hər milyon zəngdən neçəsinin xətalı (defektiv) olduğunu müəyyənləşdirməyə imkan verir. İndi Azercell-in MCDR indeksi 7800 həddindədir. Bu isə Azercell-in TeliaSonera Avrasiya şirkətlər qrupu üzrə birinci yerdə olduğunu göstərir.

Göründüyü kimi, Azercell şirkəti ən son mobil rabitə texnologiyalarından yararlanaraq, Azərbaycanda abonentlərinin faydalı istifadəsi üçün onları uğurla tətbiq edir.