Azercell digər mobil operatorlar üçün də mütəxəssis yetişdirir (R)

azercell-diger-mobil-operatorlar-ucun-de-mutexessis-yetisdirir-r
Oxunma sayı: 745

Azərbaycanın aparıcı mobil rabitə şirkəti olan Azercell Telekom ölkəmizdə təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsi işinə heç vaxt yardımını əsirgəməyib. Şirkətin dəstəklədiyi sosial layihələr arasında təhsil sahəsinə aid olanları, xüsusilə də telekommunikasiya sahəsində təcrübəli kadrların yetişməsinə kömək edən təşəbbüslərə xüsusi yer verilib.

Bir neçə ay öncə Azercell tərəfindən Qafqaz Universitetində, dünyanın ən son mobil texnologiyası - 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın qurulması, şirkətin bu sahəyə olan diqqətini bir daha təsdiq edir. İlk dəfə buradan 4G üzərindən sınaqlarını keçirən Azercell-in bu laboratoriyanı yaratmaqda məqsədi Qafqaz Universitetində təhsil alan tələbələrin istək və təkliflərini reallaşdırmaq olub.

Azercell-in Qafqaz Universitetinə xüsusi hədiyyəsi olan bu laboratoriyada mobil rabitədə son üç nəsil texnologiya - 2G (GSM), 3G (WCDMA/UMTS) və 4G (LTE) radio-baza stansiyaları qurulub. Bu, nəinki Azərbaycanda, ümumiyyətlə regionda bu səviyyədə və son texnoloji avadanlıqla təchiz olunan ilk laboratoriyadır. Dördüncü nəsil texnologiyası sayılan LTE çox yüksək sürətli mobil İnternet – saniyədə 100Mbit məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir. Bu avadanlıq Ericsson şirkəti tərəfindən təchiz olunan sınaq sistemidir. Hazırda dünyada 4G texnologiyasının məhdud dairədə tətbiq olunduğunu nəzərə alsaq, bu sistemin hansı önəm daşıdığını təsəvvür etmək olar.
Laboratoriyanın digər əhəmiyyəti ondadır ki, Azercell Telekom MMC məhz Qafqaz Universitetindəki bu laboratoriyada ilk dəfə 4-cü nəsil texnologiya təmin edən avadanlıq quraşdırıb. Digər tərəfdən, belə bir laboratoriyanın açılması Qafqaz Universitetinin tələbələri qarşısında böyük yaradıcılıq imkanları açır. Çünki ən yeni texnologiyanın köməyilə bacarıqlı gənclər müxtəlif məzmun və yeni xidmətlər yarada biləcəklər.

“Bu laboratoriya savadlı mühəndislərin yetişdirilməsinə verdiyimiz önəmin rəmzidir”

Laboratoriyanın açılışı zamanı çıxış edən Azercell-in prezidenti Ali Ağan deyib ki, 4G texnologiyasının imkanlarından yararlanmaq tələbələrimizə müxtəlif bilgilərə daha asan yiyələnmə imkanlarının olması deməkdir: “Bu laboratoriya sadəcə bir yenilik deyil, həmçinin şirkətimizin peşəkar kadrların inkişafına, nəzəri biliklərin təhsildə tətbiqi bacarıqlarla güclənməsinə və ən vacibi, ölkəmizdə təcrübəli və savadlı mühəndislərin yetişdirilməsinə verdiyimiz önəmin rəmzidir. Tələbələr müxtəlif bilgilərdən yararlanaraq nə qədər irəli addımlamış olsalar, təhsil aldıqları Universiteti və Azərbaycanı da bir o qədər irəli aparmış olacaqlar”.

Azercell-in əsas məqsədi...

Laboratoriya barədə danışan Qafqaz Universitetində Kompüter Mühəndisliyi bölməsinin müdiri Abzəddin Adamov deyir ki, Qafqaz Universitetinin mobil texnologiya laboratoriyası açmaq barədə təklifinə Azercell rəhbərliyi tez bir zamanda müsbət cavab verib: “Yeni nəsil texnologiyaları üzrə Azercell-in beş nəfər mütəxəssisi tələbələrə dərs verməyə başladı. Birinci il bu dərslər nəzəri şəkildə keçirilsə də, bu il praktiki olaraq keçirməyə qərar verdik. Bir neçə ay öncə Azercell universitetdə dünyanın ən son mobil texnologiyası - 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyasını qurdu. Burada mobil texnologiyanın bütün nəsilləri - 2G, 3G, 4G (LTE) avadanlıqları quraşdırılıb. Çox bahalı avadanlıqlardır. Provayderlərin fəaliyyəti üçün lazım olan bütün avadanlıqlar bu laboratoriyamızda var. Qafqaz Universitetini bitirən həmin tələbələr gələcəkdə Azercell-də mütəxəssis kimi fəaliyyətə başlayacaqlar. “Azercell bu işi təkcə özü üçün etmir. Həmin məzunlarımız digər mobil rabitə şirkətlərində də mütəxəssis kimi çalışa biləcəklər. Azercell-in əsas məqsədi budur”.

Laboratoriyanın ilk istifadəçiləri

Məlumat üçün deyək ki, sözügedən laboratoriyadan eyni zamanda 20 tələbə yararlana bilir. Universitet hər il İKT sahəsi üzrə otuza qədər kadr yetişdirə biləcək və bunda da eyni zamanda 4G laboratoriyasının böyük rolu olacaq.

Qafqaz Universitetinin 4-cü kursunda təhsil alan Cavanşir Aləmmədli 4G laboratoriyasından çox şey gözləyir. Laboratoriyanın tələbələrin bilik səviyyəsini artırmaq baxımından əhəmiyyətli olduğunu bildirən C. Aləmmədli deyir ki, artıq xarici ölkələrdə İKT şirkətləri bütün araşdırmalarını universitetlərdə aparırlar: “Bizim universitet də bu işin ilk təşəbbüskarlarından oldu. Artıq nəticəsini də görürük. Tələbələr yeni nəsil texnologiyalarını əyani şəkildə görürlər, mobil texnologiyaların işləmə prinsiplərini, onlarla bağlı ətraflı məlumatlar alırlar.

Universitetimiz tərəfindən danışıqlar aparılır və ikinci dərs ilindən 4G laboratoriyasında Azercell və Ericsson şirkətlərinin mütəxəssisləri tərəfindən təcrübə proqramları keçəcəyik”.

Qeyd edək ki, Azercell-lə Qafqaz Universiteti arasında neçə illik səmərəli əməkdaşlıq mövcuddur. Qafqaz Universitetinin tələbələri şirkətin innovativ Barama layihəsi çərçivəsində araşdırma aparıblar. Universitet tələbələri həmçinin, Azercellin Tələbə Təqaüdü proqramında da iştirak edirlər.

Yeri gəlmişkən, “Azercell” şirkəti bir necə gün öncə Naxçıvan Dövlət Universiteti ərazisində 4G sınaq şəbəkəsini yaratdı. Bu şəbəkənin köməyilə 4 000-dən artıq tələbə Innovativ mobil texnologiyalardan faydalana biləcək.

Bu layihə “Azercell”in bu sahədə həyata keçirdiyi silsilə layihələrin daha bir nümunəsidir.