Azercell-in “Mobil Diş Klinikası” minlərlə uşağa yardımçı oldu

azercell-in-mobil-dis-klinikasi-minlerle-usaga-yardimci-oldu
Oxunma sayı: 765

Bu barədə “Qafqazinfo”ya Azercell-dən məlumat veriblər. Uşaqların qayğısına yönəlmiş layihələri sırasında Mobil Diş Klinikasını xüsusilə qeyd etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Yer üzündə 5 milyarda yaxın insan diş problemlərindən əziyyət çəkir. Azərbaycanda isə əhalinin 90-95 faizində kariyes var ki, bu göstəricini böyük bir hissəsini uşaqlar təşkil edir. Özəlliklə uşaq evlərində məskunlaşan uşaqların bu baxımdan ciddi problemləri var. Bunu nəzərə alan Azercell 2009-cu dekabrın 15-də fəaliyyətinin 13 illiyində həmişə dəyər verdiyi uşaqlara hədiyyə təqdim etdi. Belə ki, həmin gündən etibarən Azercell-in təşəbbüsü ilə uşaqlara xidmət göstərəcək “Mobil Diş Klinikası” fəaliyyətə başladı. Klinikanın açılışında iştirak edən Azercell Telekom-un prezidenti Ali Ağan şirkətin fəaliyyətə başladığı ilk gündən uşaqlarla bağlı layihələrə diqqət yetirdiyini vurgulayaraq bildirib ki, Mobil Diş Klinikası” da məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib: “Bu klinika ilk olaraq “Ümid yeri”, sonra isə Bakının və regionlardakı digər uşaq evlərində xidmət göstərəcək. Mobil Diş Klinikası” bütövlükdə Azərbaycan xalqının, Azərbaycan uşaqlarının xidmətində olacaq və davamlı olaraq fəaliyyət göstərəcək”-deyən Ali Ağan bu yöndə layihələrini davam etdirəcəyinə soz verir. Dogrudan şirkət prezidenti verdiyi sözə sadiq qalır və bir müddət sonra Mobil Göz Klinikası kimi böyük bir layihəyə imza atır.

Mobil Diş Kilinikasını həyata keçirməkdə Azercell Telekom-a yardımçı olan “Üfüq” Xeyriyyə Cəmiyyətinin rəhbəri Akif Əhmədov da şirkət tərəfindən atılan bu addımın uğurlu olduğunu vurğulayır. Onun sözlərinə görə, Azercell-in ideyası və dəstəyi əsasında yaradılan bu klinikanın fəaliyyət müddətində məhdudiyyət qoyulmayıb. Azercell-i sosial məsuliyyətli layihələrə önəm verən ən ciddi qurum adlandıran A. Əhmədov bu klinikanın yaradılmasını da çox yüksək qiymətləndirir. Onun sözlərinə görə, 2002-ci ildə aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlər yaşandığını ortaya qoyub: “Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinet yoxdur. Halbuki, süd dişləri tökülənə qədər uşaqların dişləri ciddi həkim nəzarəti altında olmalıdır”-deyən layihə rəhbəri Azercell-in həyata keçirdiyi sosial layihələrin respublikadakı bir çox məsələlərin həllinə yardımçı olduğunu vurğulayır. Akif Əhmədovun dediyinə görə, 2010-cu ildə klinikaya qəbul olunan uşaqların sayı 1468 nəfər olub. 2011-ci ilin aprel ayina qədər isə 200 nəfər uşaq “Mobil Diş Klinikası”nın xidmətindən yararlanıb. Ümumillikdə 2011-ci ilin sonuna kimi 1956 uşaq müayinə olunub və 1639 uşaq müalicə alıb. 2012-ci ilin sonuna qədər bu problemdən əziyyət çəkən daha yüzlərlə uşağın müalicəsi aparılacaq. Layihə rəhbəri deyir ki, “Mobil Diş Klinikası”nın səyyar kabinetləri Bakı şəhərində, Ümid Yeri uşaq evində, 7 saylı internat məktəbində, 3 saylı uşaq evində Şəkidə və Qaxda internat məktəbində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda və Sabirabadda Qaçqın düşərgəsində, Quba, Qusar və Balakənddə internat məktəbində ehtiyacı olan uşaqlara xidmət göstəriblər. Uşaq evlərindən əlavə Mobil Diş Klinikasının həkimləri Respublika üzrə bölgələrdəki aztəminatlı ailələrə yardım göstəriblər. Məlumat üçün bildirək ki, iri avtomobildə yaradılan klinika ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu təkərli klinikanın Azərbaycanın istənilən bölgəsinə səfər etmək imkanı var.

Azercell-in uşaqların sosial rifahına yönəlmiş layihələri təkcə bu layihə ilə bitmir. Azercell-in dəstəyi ilə indiyə qədər bu yöndə onlarla layihə hayata keçirilib. Bu layihələr sırasında “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm müsəbiqəsini, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...” layihələrini misal göstərmək olar. Bundan əlavə Azercell artıq 14 ildir ki, “Ümid Yeri” Reabilitasiya Mərkəzinə dəstək göstərir. Məlumat üçün bildirək ki, şirkət fəaliyyət göstərdiyi 15 il ərzində Korporativ Sosial Məsuliyyətli layihələrə təxminən 15,9 milyon ABŞ dolları həcmində vəsait sərf edib. Şirkət dəfələrlə sosial məsuliyyətli layihələri uğurla həyata keçirdiyinə görə mükafatlandırılıb. Azercell “Korporativ Sosial Məsuliyyət” nominasiyasında bir sıra mükafatlara da layiq görülüb. Bu qisimdən “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctima Mükafatı, World Communication Awards (Ümumdünya Kommunikasiya Mükafatı) “Yaşıl mükafat” nominasiyasında qələbəni qeyd etmək olar.

Nigar Məmmədli