Azercell Universitet ərazisində 4G sınaq şəbəkəsini yaratdı

azercell-universitet-erazisinde-4g-sinaq-sebekesini-yaratdi
Oxunma sayı: 734

Noyabr ayının 29-da Azercell Telekom MMC şirkətinin prezidenti Ali Ağan Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Rövşən Məmmədov ilə görüşüb. Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər edib. Hər zaman gənc nəslin bilgilərinin inkişafına istiqamətlənən layihələrlə çıxış edən Azercell Telekom MMC bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim etdi. Mobil Rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyilə ümumi ərazisi 108 hektar olan Universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaq. Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli hər iki şirkətə bu layihənin həyata keçirilməsinə görə minnətdarlığını bildirmiş, bu cür layihələrin köməyilə Azərbaycan gənclərinin son texnoloji yeniliklərlə ayaqlaşa bilmələrindən böyük məmnunluq duyduğunu söyləmişdir. Daha sonra Azercell Telekom MMC şirkətinin prezidenti cənab Ali Ağan çıxış edərək şirkətin həyata keçirdiyi yeniliklərdən geniş məlumat vermişdir:“4G texnologiyasının imkanlarından yararlanmaq tələbələrimizə müxtəlif bilgilərə daha asan yiyələnmə imknlarının olması deməkdir. Siz - tələbələr müxtəlif bilgilərdən yararlanaraq nə qədər irəli addımlamış olsanız, təhsil aldığınız Universiteti və Azərbaycanı da bir o qədər irəli aparmış olacaqsınız“ – deyən cənab Ali Ağan layihənin gerçəkləşməsi üçün əməyi keçmiş bütün qurumlara öz təşəkkürünü bildirmişdir.

Daha sonra ZTE şirkətinin 4G sınaq layihəsinin rəhbəri Hasan Gökhan tədbir iştirakçılarına 4G texnologiyasının imkanlarını nümayiş etdirdi. Burada böyük həcmli datanın 80 mbit/s sürətilə ötürülməsi nümayiş olundu və bunun nəticəsində HD formatında videoçarx onlayn rejimdə izlənildi.

Tədbirdə, həmçinin ZTE şirkətinin Azərbaycan üzrə Regional Direktoru Şi Fang Gang, Azercell şirkətinin İnformasiya Kommunikasiya Texnologiyaları departamentinin direktoru Xavər Babazadə və bir ıra başqa səlahiyyətli nümayəndələr iştirak etmişlər.

Qeyd edək ki, 4-cü nəsil texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır.

Azercell şirkəti hər zaman gənc nəslin maariflənməsində öz töhfəsini göstərməyə çalışmış və artıq Bakının ən qabaqcıl təhsil ocaqlarından biri olan Qafqaz Universitetində tələbələrin informasiya texnologiyaları sahəsində savadının artırılması məqsədilə 3G laboratoriyasını təşkil etmişdir. Naxçıvan Dövlət Universitetində təşkil olunmuş bu layihə Azercell-in bu sahədə həyata keçirdiyi silsilə layihələrə daha bir nümunədir.