“Azercell”in rəhbəri qaranlıq məqamları açıqladı

azercellin-rehberi-qaranliq-meqamlari-aciqladi
Oxunma sayı: 695

“Azercell” Azərbaycanda ən keyfiyyətli 3G xidməti göstərən şirkət olacaq. “Qafqazinfo”nun məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan söyləyib. Şirkətin 3G lisenziyası alması münasibətilə təşkil edilən konfransda A. Ağan deyib ki, bu gün səhər saatlarında lisenziyanın 11 min manat dəyərində olan dövlət rüsumu ödənilib. Lisenziyanın əslini mətbuat nümayəndələrinə göstərən şirkət rəhbəri bundan sonra əsas problemin tezlik resursu ilə bağlı olduğunu qeyd edib: “Bizə avqustun 27-dən Radiotezliklər üzrə Dövlət Komissiyasından tezlik verilməsi barədə qərar verilsə də tezlikdə hələ də B&B TV fəaliyyət göstərir. Bu şirkətə dövlət tərəfindən iki ay müddətində tezliyi boşaltmaq tapşırılıb. Çalışırıq məsələni öz aramızda razılığa gələrək həll edək, əks təqdirdə Nazirliklə birlikdə başqa tədbirlər görüləcək”.

A. Ağanın sözlərinə görə, B&B TV tezliyin boşaldılması üçün ödəniş istəyir: “Tezlik dövlətə məxsus olduğu üçün biz ödənişi dövlətə etməliyik. Təəssüf ki, şirkətin nümayəndələri bunu anlamaq istəmirlər”. “Azercell” rəhbərinin dediklərindən onu da anladıq ki, B&B TV onların rəqibi “Azerfon” şirkətinə məxsusdur.

3G-nin tətbiqinə gəlincə, A. Ağan tezliyi alan kimi dərhal xidmətin tətbiqinə başlayacaqlarını bildirib: “Biz 2007-ci ildən bu işə hazırlaşırıq. Baza stansiyalarımız da bu xidmətin keyfiyyətli tətbiqinə imkan verəcək. Taarilər də çox ucuz olacaq. 20-30%-lik endirimlərdən yox, daha böyük endirimlərdən söhbət gedir”.

“Hazırda ölkədə 3G xidmətini tətbiq edən “Azerfon” şirkəti ilə müqayisədə 3G-ni necə tətbiq edəcəksiniz?” sualına cavab olaraq isə A. Ağan “Azerfonun hansı xidməti bizimkindən yaxşı olub ki?!. Fərqi çox yaxşı görəcəksiniz” cavabını verib.

Nigar Məmmədli