AzTV Fransa liftlərinin dərdini çəkir

aztv-fransa-liftlerinin-derdini-cekir
Oxunma sayı: 763

Azərbaycanın Dövlət Televiziyasını narahat edən bu “böyük” məsələ görəsən kimə maraqlıdır? Çox fikirləşdim və haqq qazandırmağa çalışdım. Dedim, yay vaxtı xəbər qıtlığı olur, bundan da irəli gələ bilər. Yox, bu heç müdafiəyə yaramadı. Hər yer mövzu qaynayır. Küçədə, evdə, canımızda, qanımızda. İstədiyin qədər dərd-sər var, adamlar videokamera axtarır gileyini desin, baxmayaraq ki, AzTV leyblını görəndə dərdi də yadından çıxır, başlayır tərif yağdırmağa.

Axı niyə elə fransızların istifadə etdiyi qəza vəziyyətindəki liftlərin dərdini biz çəkməliyik? Bizimki liftlər qara gündədir. Niyə səsini çıxarmır dövlət kanalımız?

Ola bilər, AzTV-in əməkdaşlarından biri Fransada liftdə qalıb. O, da Fransa kimi ölkədə də lift probleminin olduğunu bizlə bölüşmək istəyib. Bu yolla da intiqamını alıb. Fikirləşib ki, azərbaycanlı kimi fransızın da liftdə qalması mümkündür, o da lift işləməyəndə tövşiyə-tövşiyə mərtəbələri qalxa bilər. Burada təəccüblü, qeyri-adi heç nə yoxdur.

Süjeti izləyəndə kadrarxası müxbirin səsində fransız xalqına olan qayğısı, narahatlıçılığı da hiss olunur. Bəli, bu “dərdi çəkməyə” dəyər. Amma deyirəm, uzaqdan bu xəbəri yaymaq , dərdi çəkmək əvəzinə kanal analoqu olmayan texnikasından götürüb ezam olunardı, Fransaya. Bir neçə lifti xarab olmuş, qəza vəziyyətində olan sakinlərin dərdini yaxından işıqlandırardı. Fransa axı böyük ölkədir. Qərbin göbəyində, diliuzun dövlətdir. Bir bizə də yaxından çəkib göstərərdi, biz də öyrənərdik, şükür edərdik ki, lift aylarla işləməyə də bilər, qəza vəziyyətində olan liftdə ölmək də olar. Bu qlobal problemdir, bununla barışmalıyıq. AzTV imkan tapsaydı, fransızlara bizim də təcrübədən bəhs edərdi. Deyərdi ki, azərbaycanlı liftinin elə də özünəməxsusluğu yoxdur. Elə onun da işi hündürmərtəbəli bina sakinlərini yuxarı, aşağı aparmaqdır. Sadəcə bizim liftlərimizə yalnız 38 yaşında “əməkdar lift” titulunu verirlər. Bunu mən demirəm. Liftlərin təmiri idarəsinin əməkdaşları deyirlər. 38 yaşında liftin işi bitmiş hesab olunur. Yəni, texniki sənədlərə görə. Bu yaşını qeyd etməmiş lift orada faciə baş verməyənə qədər yararlı hesab olunur. Heç bəzən ölüm hadisəsi də olsa, lift öz işində olur.

Bizim lift pulumuz vaxtında yığılır, verən də olur, verməyən də. Hamı yalnız doğma liftinə etibar edir. Qonaq gedəndə, yad liftə minməkdən qorxur. Liftlərimizin düymələrinin yarısı olmur. Bəzən aşağı düşəndə və ya yuxarı qalxanda yellənən liftdə yüngülcə ölüm qorxusunu da hiss edə bilərsən. Bizim liftlərdə hər cür qoxuyla rastlaşmaq mümkündür. Heyf biz Fransadan fərqli olaraq gözəl ətir, parfümlərin vətənində yaşamırıq. Bu səbəbdən bina liftinə daxil olmamışdan yanında salfetin olması vacibdir. Azərbaycan liftlərində ölənlərin yalnız xəbəri verilir, liftə əncam çəkilmir. Çünki təqsir öləndə olur, ayaqları ola-ola liftdən istifadə niyə edirdi ki? Bu sadalananlar bizim yalnız yaşayış binalarımızdakı liftlərdədir. Sözsüz ki, elitar, yüksək postlarda olan liftlərin durumu oranın insanları kimi saz vəziyyətdədir.

AzTV-nin Fransanın məişət probleminə həsr olunmuş kadrında bir fikir də səslənir. “2003-cü ildə Fransa hökuməti ölkənin liftlərində müasir standartlara cavab verən işlərin görülməsi üçün tədbirlər planı hazırlamışdı. Amma hələ də 70% qəza vəziyyətində olan liftlərin 60%-i yoxlanılmayıb.” Bax bu səlahiyyətsizlik, məsuliyyətsizlik nümunəsini göstərməklə, AzTV yenə də “biz tək deyilik” demək istəyir. Biz mütləq sevinməliyik, mütləq.

Bir də kanal Fransanın problemləri ilə daha yaxından maraqlanırsa, bir məlumat verə bilərəm. Günlərdir, Fransanın göz bəbəyi Eyfel qülləsinə çıxıb intihar edənlərin sayı artıb. Nə məsələdir, bilinmir. Qüllənin ətrafında mühafizəçi polis dəstəsinin sayı artırılıb. Bu mövzu daha maraqlı və cəlbedicidir. Baxmayaraq ki, intihar məsələsi bizdə də çoxalmaqdadır. Ümumiyyətlə, çox eşələsək deyəsən, Fransayla çox şərik, oxşar dərdlərimiz var. AzTV-ni deyəsən yavaş-yavaş başa düşürəm...