Azxeber.com-a hücum oldu

azxebercom-a-hucum-oldu-
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, dünən səhər saatlarından etibarən oxucuların portala girişi zamanı problemlər yaranıb. Portalda aparılan texniki işlər nəticəsində haker hücumlarının qarşısı alınıb. Portalın texniki direktoru sayta edilən hücumların İP ünvanları ələ keçirib və bununla da hücumların edildiyi ünvanlar aşkarlanıb. Maraqlı olan fakt isə haker hücumlarının Ermənistandan və İrandan təşkil edilməsidir. Mövzuyla bağlı AZXEBER.COM portalının baş redaktoru Əfsələddin Ağalarov açıqlama verib: “Bu cür cılız addımların məhz bu ölkələrdən gəlməsi heç də təəccüblü deyil. Son zamanlar Urmiya gölünün qurudulması ilə bağlı portalda fars rejimini ifşa edən xəbərlərin yayımlanması, İranın Azərbaycana qarşı olan qeyri-etik davranışlarına millət vəkillərinin, politoloqların və ictimai xadimlərin verdikləri cavabların portalda işıqlandırılması, bununla yanaşı əməkdaşımızın "Twitter" sosial şəbəkəsində Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanı susdurması və buna bənzər bir çox hadisələr bu cür hücumların başlanması üçün ən əsas səbəblərdən biridir. Bundan başqa əməkdaşlarımızın sosial şəbəkələrdə aktivliyi, xüsusən "Twitter"də "İran", "Armenia" haştaqları ilə adıçəkilən ölkələrin ifşa edilməsi onlara pis təsir edib”. Bu cür hücumların portalın informasiya siyasətində heç bir dəyişiklik yarada bilməyəcəyini vurğulayan Ə.Ağalarov portala edilən haker hücumları ilə bağlı müvafiq orqanlara müraciət edəcəklərini də qeyd edib.

Xatırladaq ki, AZXEBER.COM portalı 2010-cu ilin 13 aprel tarixindən fəaliyyət göstərir. Portal Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələri Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təsisçiliyi ilə yaradılıb və Azərbaycanda tələbə-jurnalistlərin yaratdığı ilk xəbər portalıdır.