Azyaşlı uşaqları zorlamaq

azyasli-usaqlari-zorlamaq
Oxunma sayı: 804

Bəlkə də, çoxlarına tanış mənzərədir. Uşaqlar elə böyük həyəcanla qarşıladılar ki, qədəmlərini məktəbə qoyduqları həmin birinci günü. Mən onda qaraqabaq, qaradinməz, cansız-çəlimsiz, həm də məktəbə bir il tez getmişdim deyə, boyda da hamıdan balaca uşaq idim. Nəysə, sözüm onda yox. Nənəm də həmin gün mənlə bir yerdə gəlmişdi. Həmişə bir şey soruşanda ətəyini yavaşca dartırdım özümə tərəf, arvad da başını əyirdi aşağı “nə olub, ay bala?” soruşurdu. Hələ də yadımdadır, yenə nənəmin ətəyini dartıb soruşdum ki, “nənə bu uşaqlar niyə ağlaşır?”. Dedi “eybi yox, bir azdan sakitləşəcəklər, indi müəllimə də gələcək sinfə, sən mənim ağıllı balamsan, narahat olma”. Onda doğrudan da, başa düşmürdüm. Bizə evdə öyrətmişdilər ki, müəllimə yemək yemir, su içmir. Evdə dəcəllik edəndə qorxudurdular ki, “indi müəllimə gələcək”, “müəllimə səni görür”. Ona görə də onun adını çəkəndə canımıza vəlvələ düşürdü, elə bilirdik, həqiqətən, müəllimə hər yerdə bizi görür. Və mən də uzun illər keçəndən sonra, o mənzərəni gözümün önünə gətirəndə, indiyə qədər elə bilirdim ki, o uşaqların o cür ürək ağrısıyla məktəbə gəlməklərinə səbəb müəllimə idi.

Məktəbdə də həmin bağçaya gedən uşaqlarla o birilər arasında yerlə-göy qədər fərq var idi. O uşaqlar özlərini çox təmkinli və mədəni aparırdılar. Onlar elə ilk gündən dərsə, kitaba, müəlliməyə, sinfə və hər şeyə çox tez alışdılar. Yox, düzünü desəm, heç mən özüm də bağçaya getməmişdim. Amma o biri uşaqların bizlərdən fərqi çox idi.

Deyəcəksiniz ki, mənim məktəb xatirlələrim, özü də hələ dünyadan, bir çox şeylərdən xəbərsiz olduğum vaxtlar kimin nəyinə lazımdır. Bu məsələdən yazmağımın başqa bir səbəbi var. O illər hələ Sovetlərin yeni dağılmağa başladığı bir zaman idi. Bununla yanaşı, valideyinin imkanı çatırdı ki, öz uşağını bağçaya qoysun. Onda dövlət bağçaları normal vəziyyətdə idi. Bir qədər zəkası olan valideyn də öz uşağını məktəbəqədərki bağçaya getmək imkanından məhrum etməyək göndərirdi. Həm də bu valideyinin evdə işini asanlaşdırırdı. Əvvəl nə bağçaya, nə də yasliyə – ən azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə müəssisəsi – getmiş uşaq özünü bu cür vəhşi kimi aparırdı. O uşaqları da qınamaq olmur axı...

İndi vəziyyət daha da bərbaddır. İndi valideyn anlayır ki, uşağı bağçaya qoysa, daha yaxşı nəticə əldə edər. Amma hazırda bağçaların vəziyyəti biabırçı gündədir. Belə ki, dövlət bağçalarından biri haqda eşitdim ki, hələ təlim bir tərəfə, uşaqları gün ərzində yaxşı qidalandırmırlar və valideynlər də şikayət ediblər. Ondan sonra, ordakı tərbiyəçi müəllimələr uşaqları elə qorxudublar ki, həmin uşaqlar daha yemək yeyib- yemədikləri barədə evdə valideynlərinə bir kəlmə də demirlər. Bu da uşağın hələ bağçadaykən psixologiyasını pozan təlimçi bağçalarımız. İkincisi, bir az normal şəraiti olan özəl bağçalarımızda aylıq qiymətlər adamın dilini ağzında od kimi yandırır. Orta qiymətləri 500 manat olan bu bağçalar, aylıq gəliri 300 manat çərçivəsində olan valideynlərə deyir ki, “yıxılın ölün, bura sizlik deyil”. Bu da sizə vətən övladının vətənpərvər böyüməsi məktəbdən, məktəbəqədərki təlim və tərbiyədən başlayır deyənlər üçün bir göstərgi.

İndi yuxarıda bağçaya gedə bilməyib küçələrdə oynayan, kitab üzü görməyib, məktəbə gələn və məktəbə gəldiyi ilk gündən də müəlliməsinə qarşı dərsə zorla gətirildiyini düşünüb xoş hisslər keçirməyən, qəlbində kin aşılanan uşaqların taleyindən nümunə idi. Beləliklə, gələcəyi zorlanan uşaqlar qapının bir astanasındadır.

Bu bağçalarda orta aylıq qiymətin 400-500 manat olmasını düşünmək insanda ikrah hissi doğurur. Məni qınamayın, bu, ölkədə normal yaşamağın sıradan vətəndaşlara haram olduğunu göstərir. Təbii ki, bunlar hamısı düşünülmüş şeylərdir. Adi insanların övladlarının o bağçalarda nə işi var deyə hesablayıblar. Amma məsələ tək bağçada deyil, təkcə bağçalardakı qiymətlər, çox şeydən xəbər verir. Bu şəraiti bu cür yaradan insanlar təəssüf ki, özlərini hansısa Qərbi Avropa ölkəsində təsəvvür edirlər. Çox təəssüf!