Baba Tağıyev ordudakı vəziyyətdən yazdı

baba-tagiyev-ordudaki-veziyyetden-yazdi-
Oxunma sayı: 895

Azərbaycan Respublikası ötən illərdə nail olduğu böyük nailiyyətlərlə bu gün Cənubi Qafqazın lokomotiv dövləti kimi çıxış edir, iqtisadi və siyasi maraqlarını əzmlə qoruyur. İqtisadi sahədə keçid dövrü kimi səciyyələnən çətin və mürəkkəb mərhələni geridə qoyan respublikamız üzləşdiyi bütün təzyiqləri inamla dəf edərək regionda tam müstəqil siyasət yeridir. Azərbaycan bu gün həm də regional məsələlərdə əsas rol oynayan ölkələrdən biridir – respublikanın iştirakı olmadan regionda heç bir strateji layihənin gerçəkləşdirilməsi mümkün deyildir.

Ötən 20 ilin reallıqları sübut edir ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etməkdən daha çətindir. Bu həqiqət dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikasının yaxın tarixi keçmişinə nəzərən bir daha təsdiqini tapır. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Konstitusiya Aktını qəbul edən, müstəqilliyini deklorativ olaraq təsdiqləyən respublikamızda cərəyan edən xaotik proseslər – ictimai-siyasi sabitliyin olmaması, qanunların addımbaşı pozulması, hüquqi nihilizmin baş alıb getməsi, vətəndaş qarşıdurması meyllərinin güclənməsi göstərdi ki, müstəqilliyin qazanılması hələ onun qorunub saxlanılacağı və dövlətçiliyin dayanıqlı təməllər üzərində formalaşacağı anlamına gəlmir.

Müstəqilliyini qanı, canı bahasına bərpa etmiş müdrik xalqımızın 1991-ci ildən 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətləri yaşamaq məcburiyyətində qalması, son nəticədə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə respublikada xaos və anarxiya aradan qaldırıldı, Azərbaycan bütün sahələrdə dinamik inkişaf etməyə başladı. Bu uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindin inamla davam etdirilir.

Təəssüflər olsun ki, bu gün Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətləri gözü götürməyən qüvvələr var. Xarici anti-azərbaycançı şəbəkənin fəaliyyəti ilə yanaşı, ölkə daxilində də elə siyasi qüvvələr var ki, bütün uğurları görməzdən gəlir, hətta ayrı-ayrı dairələrin maraqlarından çıxış edirlər. Bu son dərəcə düşündürücüdür. Azərbaycanın çörəyini yeyən, suyunu içən bu dairələrin cılız maraqları naminə xarici himayədarlarının əlaltısına çevrilmələri həqiqətən ikrah hiss doğurur. Bu günlərdə Azərbaycan siyasi arenasında öz «dəsti-xətti» olan Zərdüşt Əlizadənin Azadlıq radiosuna verdiyi müsahibə diqqətimi cəlb etdi. O ABŞ İran və İsrail münasibətlərindən bəhs edərkən bildirib ki, «İran ordusu Amerika və İsraillə bacarmasa, 12 saatdan sonra Bakıda olacaqlar. Astara-Bakı şosesində hərəkət sürəti hansı həddə imkan verirsə, o sürətlə də Bakıya gələcəklər. Ermənistan qarşısında aciz olan Azərbaycan ordusu İran ordusuna neyləyəcək? Və haqsız mövqedə olacaq. Təcavüzdə iştirak edən dövlətə zərbə endirərlər».

Zərdüşt Əlizadənin bu açıqlamasa həqiqətən paradoks yaradır. Siyasətçidən daha çox «hərbi ekspert» rəyi verən Zərdüşt bəy İrana olan «sevgisi»ni bu cür izhar etməklə, əslində azərbaycançılıqdan çox uzaq şəxs olduğunu bir daha sübut etmiş oldu. Bu açıqlamanı onun Azərbaycana və xalqımıza münasibətinin bariz nümunəsi kimi də başa düşmək olar. İranın hərbi imkanlarını yüksək dəyərləndirən «siyasət»çinin yadına salmaq istərdim ki, Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi, siyasi cəhətdən qüdrətli olduğu kimi, hərbi cəhətdən də ən inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır.

Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti hələ 2008 və 2011-ci ilin iyun ayında keçirilən möhtəşəm hərbi paradda bir daha gördü, buna növbəti dəfə əmin oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90 və 93-cü ildönümü münasibətilə Bakının bayram libası geymiş «Azadlıq» meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin və qayıqların iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Çünki bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenil-məzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verən möhtəşəm tədbir idi. Azərbaycanı istəməyən bədnam qüvvələr ordumuzun hansı hərbi imkanlara malik olduğunu bir daha gördülər. Ermənistan rəhbərliyi də həmin möhtəşəm paraddan narahatçılığını gizlətməmişdi.

Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. 2003-cü ildə cəmi 150 milyon dollar büdcəsi olan Azərbaycan Silahlı Qüvvələri üçün 2011-ci ildə dövlət büdcəsindən ayrılan vəsaitlər 3 milyard ABŞ dollarından çoxdur. 2012-ci ildə bu vəsait daha da artırılmışdır. Hələ 2003-cü ildə «Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çox olmalıdır» deyən Azərbaycan Prezi-denti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir.

«Siyasətçi» Zərdüşt Əlizadənin yadına 2009-cu il fevralın 2-də cəbhə bölgəsinə səfərim zamanı dediyim bir fikri də xatırlamaq istərdim: Həmin vaxt əsgərlər qarşısında çıxışımda demişdim ki, Azərbaycan xalqının səbri sonsuz deyil. Həmin vaxt cənab Prezident, Ali Baş komandan İlham Əliyevin sözlərini də xatırlatmışdım: “Sülh danışıqları nəticəsiz qalarsa, ordumuz konkret addımlar atacaq”.

Tam əminəm ki, ali baş komandanın əmri gələrsə, Azərbaycan ordusu 48 saat ərzində işğalçıları torpaqlarımızdan qovub, Ermənistan sərhədlərinə çata bilərlər.

Azərbaycan dünyada balanslaşdırılmış xarici siyasət yürüdən ölkə kimi qəbul edilir. Ən yaxın qonşuları olan Rusiya, İran, Türkiyə, Gürcüstanla münasibətdə də mehriban qonşuluq prinsiplərindən çıxış edir. Belə olan halda İran ərazisində hərbi əməliyyatların aparılması ölkəmizin də maraqlarına uyğun deyil. Azərbaycan çalışır ki, torpaqlar işğaldan azad olunsun, qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıtsınlar. İnanıram ki, Azərbaycan rəhbərliyinin apardığı uğurlu xarici siyasət nəticəsində torpaqlarımız ən qısa zamanda işğaldan azad olunacaqdır.

Xatırlatmaq istərdim ki, 2001-ci ildə Bakı səmasında türk şahinlərinin nümunəvi uçuşu yəqin ki, unudulmayıb. O zaman da İran-Azərbaycan münasibətlərində müəyyən narahatçılıq yaranmışdı. Belə ki, cənub qonşumuz ölkəmizin həm hava, həm də su sərhədini pozaraq Azərbaycana “əzələ” nümayiş etdirmişdi. İran qırıcı və kəşfiyyat təyyarələri hətta cənub sərhədlərimizdə uçuşlar da həyata keçirmişdi. Türk şahinlərinin Bakı səmasında uçuşu Azərbaycanın qardaş Türkiyə ilə strateji müttəfiqliyinin bariz nümunəsi və ölkəmizi yalqız sayanlara ilk layiqli cavab oldu. O zaman Türkiyə Dövlət rəhbərləri bəyan etmişdi ki, “Azərbaycana hücum edən önündə Türkiyəni görər”.

Azərbaycan hazırda inkişafının elə bir mərhələsindədir ki, ölkəmizlə zor, hədə dilində danışmaq olmaz. Bunu bizə dost, müttəfiq eləcə də, bədxah qüvvələr də gözəl anlayırlar. Azərbaycanın hərbi potensialı ölkəmizin maraqlarına zidd olan və məkrli məqsədlərini həyata keçirmək istəyən qüvvələri məhv etməyə qadirdir.

Bu gün Azərbaycanın maraqlarına zidd və dövlətçiliyimizə yönəlik bəyanatlar verən şəxslərə isə üzümü tutub demək istəyirəm ki, ürəklərindən keçən arzularını reallıq kimi qiymətləndirməsinlər. Hər arzu çin olmur!

Baba TAGIYEV, “İrəli Azərbaycan” İctimai Birliyinin Sədri
www.babatagiyev.az