Bacarıqsız televiziya məkanımızın başarılı möcüzəsi

bacariqsiz-televiziya-mekanimizin-basarili-mocuzesi
Oxunma sayı: 691

Televiziyadan söz düşmüşkən, bir şeyi də qeyd edim ki, adətən, Azərbaycan teleməkanında aparıcılar veriliş boyunca, dəvətlilərin sözünü tez-tez ağzında kəsərək, öz yaratdıqları mənfi aurayla, sanki, bundan həzz alırlarmış kimi, verilişin sonuna qədər monoloq şəklində öz “fəlsəfələri”ni üyüdürlər. Nədənsə, bu aparıcılara elə gəlir ki, izləyicilər də, oradakı qonaqlar da onları mütləq dinləməlidirlər. Hərdən, dəvətlilərin halına adamın lap ürəyi ağrıyır. Onsuz da, əksər vaxt eyni qonaqlar çağrılırlar. Səbəbi də bəllidir. Bununla da, televiziya məkanını kol-kos, çayır basır.

Yazının əvvəlini mənfi yüklü düşüncələrlə başlasam da, “həqiqəti demək bizdən yan keçməməlidir” fikrini əsas götürdüm. Keçək başlıca mətləbə.

İctimai televiziyanın efirində “Ortaq məxrəc” verilişidir. Aparıcı telejurnalist Vəsilə Vahidqızıdır. Qısa olaraq deyim ki, bu xanım əsl tok-şouçu, intellektual, səlis danışıq qabiliyyəti olan, rabitəli fikirlərlə mövzudan yayınmadan proqramı idarə etməyi bacaran aparıcıdır. V.Vahidqızı: - Azərbaycanda tarixi romanların yazılması ilə bağlı və tarixi qəhrəmanları yazanda təhriflərə yol veririkmi? - deyərək mövzunu açıq elan edir və budur millət vəkili, yazar Aqil Abbasla söhbətə keçid alır.

Öz şirin ləhcəsi və səmimi danışığı ilə Aqil bəy : - Babəki romana gətirdikdə ancaq ərəb mənbələrinə əsaslansaq, o dövrdəki bütün lazımi mənbələri araşdırmadan tarixi əsər yazmaq istəsək, təbii ki, yazdığımız nağıldan başqa bir şey olmayacaq. Sizi inandırım ki, Mel Gibson həzrəti İsayla bağlı filmini bizim “Nəsimi” filminə baxandan sonra çəkib. Bütün səhnələr eynidir, demək olar. Amma biz öz filmimizi dünyada tanıda bilirikmi? – deyir.

V.Vahidqızı incə təvazö ilə növbəti sualı yazar Yaşar Əliyevə ünvanlayır. Yaşar bəy öz yazıçı yanaşması ilə: - Tariximizdə bir çox önəmli hadisələri konyektura (pozulmuş mətnin fərziyyəylə bərpa edilməsi – G.Ə) şəklində təbliğ edirik və bizim Üzeyr Hacıbəyovumuz onun mətnlərindən oğurluq edən Aram Xaçaturyandan daha az tanınır – deyir.
Dəvətlilərdən sənətçi, yazar Ahmet Şafak maraqla digər qonaqları dinləyir və zamanını gözləyir.

Verilişin formatına uyğun olaraq tarixçi Atamoğlan Məmmədli də maraqlı açıqlamalar versə də, hərdən mövzu çərçivəsindən uzaqlaşırdı: - Bilirsiz, Azərbaycan xalqı çox böyük mədəniyyətin daşıyıcısıdır - deyərək, öz tarixçi mövqeyilə söhbətə girişir. – Nadir şah Babur şahı məğlub etsə də, Baburun bir türk hökmdarı olması səbəbilə ona toxunmur.

Arada Aqil bəy söhbətin gedişinə kiçik müdaxilələr edir.
Qonaqlar danışdıqca zaldakı izləyicilər diqqətlə qulaq asır, əvvəlcədən hazırladıqları suallarını ünvanlayacaq anı gözləyirlər. Yeri gəlmişkən, gənclərdən ibarət auditoriyada verilən sualların çoxu şablon xarakterli, bəzən də, dolayısıyla yersiz idi.
Budur, V.Vahidqızı təbəssümlə baxışlarını Ahmet Şafak’a tuşlayaraq sualını verir. Ahmet bəy danışdıqca ortam daha da canlanır. Ahmet bəy oradakı qonaqlardan daha fərqli açıqlamalarla, əvvəlcə, aram-aram, daha sonra, şövqlə, bir qədər də hərəkətli söhbətə başlayır. Gözlərindəki eynəyi ona daha fərqli görkəm verir.
Sənətçi öz tarixi romanı “Kan Meclisi 1915” kitabından bəhs edərkən, Vəsilə xanımın siz öz kitabınızda əlinizdə olanlardanmı istifadə etdiniz, yoxsa yeni tarixi mənbələrdən araşdırmalar apardınız?” sualına Ahmet Şafak – məgər olanlardan nə qədər yazar istifadə edir? – deyə soruşur. Daha sonra, adını çəkmək istəmədiyi Elif Şafak’ın “Baba ve Piç” romanında cinin dilindən erməni soyqırımına haqq qazandırmağa çalışmasını anlamadığını deyir. Nobelçi Orhan Pamuk dünyada bir intellektual kimi məşhurlaşmaq xatirinə kozmopolitizmə bu qədər ram olmamalıdır, fikrini səsləndirir. - Bir də tarixçi xronolojiyə xəyanət etməməlidir, - deyərək misallar gətirir. Və sonda Ahmet Şafak bir daha səslənir ki, sənətçilər də proqramlarda gənclərin tarixi kitablara marağının artmasını təmin etməlidir.

Ahmet Şafakın hər cümləsində mövzuya aid mesajlar var. Araşdırdığı maraqlı bilgiləri də danışdıqca izləyicilərlə paylaşır. Şəxsən, mən izlədikcə verilişə ayrılmış bir saatın necə keçdiyini hiss etmədim. Söhbətin formatı, üslubu, ardıcıllığı tam intellektual seyrçinin zövqünə hesablanıb. Aparıcıdan heç bir kənar müdaxiləyə rast gəlmirsən. Bəlli olur ki, işə böyük əmək sərf olunur. Aparıcı öz işinə düzgün və dürüst yanaşır.

Mən də sizlər kimi televiziya məkanımızdan razı deyiləm. Amma... kaş ki, belə baxımlı verilişlər və peşəkar proqram aparıcıları çox olsun. Getdikcə kor olan gözlərimiz daha da tutulmasın. Amin.