Bakcell Yeni Azərbaycan Partiyasına güzəştlə bağlı açıqlama yaydı

bakcell-yeni-azerbaycan-partiyasina-guzestle-bagli-aciqlama-yaydi-
Oxunma sayı: 771



“Bakcell şirkəti hər bir abunəçisini yüksək qiymətləndirir, bazarın tələblərini müntəzəm olaraq öyrənir və abunəçilərinə ən əlverişli və rahat tarif təqdim etmək üçün çalışır. Ötən il ərzində Bakcell-in Cin və Klass tarif paketləri ciddi şəkildə inkişaf etdirilib və onun əsasında abunəçilərə yeni tariflər (Klass 7, HedsizCİN, QazanCİN, CİNeration və s.) və çoxlu sayda kampaniyalar təqdim edilib”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Bakcellin mətbuat üçün yaydığı açıqlamada yer alıb.

Məlumatda qeyd olunur ki, korporativ tariflərin hesablanması üzrə dünya təcrübəsinə əsasən korporativ tariflər şirkət üçün alınan mobil nömrələrin sayı, danışıqların müddəti, istifadə olunan xidmətlərin sayı, rouminq danışıqların həcmi və s. əsasında formalaşır. Qiymət ümumi həcmə əsaslanaraq hesablanır və müvafiq olaraq həcm qiyməti müəyyən edir. Bakcell şirkətinin korporativ tarifi GOLD adlanır və bu tarif haqda daha ətraflı məlumatı http://www.bakcell.com/az/gold səhifəsində əldə edə bilərsiniz. Hazırda Bakcell şirkətinin korporativ abunəçiləri arasında şirkətlər, dövlət qurumları və banklar var və onların hər birinə xüsusi tarif paketi təqdim edilib.
Korporativ abunəçilər üçün xüsusi tarif paketlərinin təqdim edilməsi bütün mobil operatorların istifadə etdiyi ümumi təcrübədir. Yeni Azərbaycan Partiyası şirkətimizin böyük korporativ müştərilərinə dair bütün kriteriyalara cavab verir və xüsusi rabitə ehtiyaclarına cavab vermək üçün nəzərdə tutulmuş müvafiq paketi əldə edib.

Hüquqi şəxs olan Yeni Azərbaycan Partiyası ilə Bakcell şirkəti arasında müqavilə 3 il bundan əvvəl imzalanıb. Eyni təklif Bakcell tərəfindən Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatlara, o cümlədən partiyalara edilib.

Bu 3 il ərzində Bakcell-in bütün korporativ abunəçilərinə təklif olunan tarif paketlərinə tələbatdan və istifadədən asılı olaraq müvafiq dəyişikliklər edilib və abunəçilərimizə yeni müqavilələr və ya ikitərəfli razılaşma protokolları əsasında daha əlverişli tariflər təqdim edilib. 2012-ci ilin əvvəlində 10 000-dən artıq abunəçisi olan böyük təşkilatlar üçün Gold Dövlət adlı xüsusi tarif paketi hazırlanıb. Bu tarif paketi həmçinin Yeni Azərbaycan Partiyasına təklif edilib.

Bakcell şirkəti öz abunəçilərini yüksək qiymətləndirir və abunəçilərinin – şirkətlərin və vətəndaşların siyasi, sosial və s. statusundan asılı olmayaraq onların tələblərinə və gözləntilərinə maksimal şəkildə cavab vermək üçün xüsusi tarif planları hazırlayır və hazırlamaqda davam edəcək.