Bakı Ali Neft Məktəbində elm

baki-ali-neft-mektebinde-elm
Oxunma sayı: 660

Bu 3 milyon çoxuna bəlkə də yekə pul kimi görünə bilər. Amma qiymətləri nəzərə alanda bəlli olur ki, elə də böyük pul deyil. Nazir oğlu bu pula cəmi üç dəfə ayı kəsdirib kababını yeyə bilər. Dördüncü belə nahara-şama ayrı yerdən pul tapmalı olar. Yəni nazirlərin, başqa zırpı məmurların və onların balalarının dolanışığı ilə götürəndə 3 milyon Azərbaycanda çox xırda pul sayılır. Amma həşəmətli hökumətimiz o 3 milyona 59 min adamın yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunu çəkəcək.

Bu yolun neçə kilometr olduğunu bilmirəm. Onu isə dəqiq bilirəm ki, bu yolu kim çəksə də həmin adam nə Ziya Məmmədov olmayacaq, nə də Cavid Qurbanov. Çünki nəqliyyat naziri ilə onun müavini, “Azəryolservis”in şefi yolun hər kilometrini ölüsü 15 milyona-zada çəkirlər. Gədəbəydəki o yolu onların ikisindən biri çəkəsi olsa, onda belə çıxır ki, rayonda cəmi 200 metr yol çəkiləcək. Nazirin hesablaması və şəxsi asfalt qanunu belə tələb edir.

İndi mənə de görüm: 87 kənd necə, hansı konfiqurasiyada düzülməlidir ki, 200 metrlik yol onların hamısını birləşdirsin? Bu suala da cavab tapaq: hər kəndə yol çəkməyə neçə qəpik düşür? Bəli, 34 min 482 manat 75 qəpik. Ziya bəyin isə belə komik məbləğə əl uzadacağı, əl bulayacağı mümkün deyil. Deməli, yolu başqa qurumlar çəkəcək. O, Səhiyyə Nazirliyi də ola bilər, Dövlət Filarmoniyası da, məsələn, Sabunçu Rayon Prokurorluğu da. Azərbaycan elə fantastik və analoqsuz yerdir ki, burada ağla gələn və gəlməyən, ağla batan və batmayan nə desən olar. Olmur bəyəm? Birini deyim.

2011-ci il, noyabrın 29-da Dövlət Neft Şirkətinin tərkibində bir ali məktəb yaradıldı. Bakı Ali Neft Məktəbi adında. Eşidən-bilən mat qaldı. Hamı dedi ki, böyük elmi potensialı, kadr bazası, 1887-ci ildən üzü bəri zəngin təcrübəsi olan Dövlət Neft Akademiyası dura-dura belə bir məktəbə nə ehtiyac vardı.

Təəccüb dolu bu sual haqlıdır. Nə qədər bəyənməsək də, hazırda orada nə qədər neqativ hallar olsa da qəbul etməliyik ki, ADNA böyük təhsil ocağıdır. Ənənəsi var. Neft-qaz sənayesinin elmi-praktik əsaslarının işlənib hazırlanması üzrə nəinki bütün keçmiş SSRİ-də, hətta bütün dünyada sayılıb-seçilirdi. Neft mühəndisliyi sahəsində dünyanın 3-4 iri və aparıcı təhsil ocağından biri idi. Xarici ölkələrdən gəlib bu akademiyada yüksək ixtisaslı neft mütəxəssisinə çevrilən 12 min kadr hər şeyi ifadə edir. Bu gün də dünyanın aparıcı neft şirkətlərində ADNA məzunları çalışır.

Amma Rövnəq Abdullayev nə düşündüsə, Azad Mirzəcanzadə, İsmayıl İbrahimov, Rəşid Məmmədov kimi böyük alimlərin dərs dediyi, ənənə yaradıb getdiyi ADNA-ya alternativ yaratdı. Çox komik görünür. Bu bilirsiniz nəyə bənzəyir?! Ölkədə Səhiyyə Nazirliyi ola-ola durub bir də Türkəçarə Təbabət Nazirliyi yaradır və başlayırsan çöpçülük eləməyə, qoyun qığı ilə, dağlama ilə, püfləmə ilə müalicəyə, kəsəsi, şarlatanlığa.

Bundan da məzəlisi odur ki, Rövnəq ağa Bakı Ali Neft Məktəbinə bu sahəyə ümumiyyətlə dəxli olmayan bir adamı rektor qoyub. Təhsil nazirinin keçmiş müavini, Rövnəq ağanın indiki yerlisi Elmar Qasımov yoldaş da bu dəqiqə həmin məktəbə çox yekə uğurla, elmi şücaətlər göstərə-göstərə rəhbərlik edir. Neft-qaz mühəndisliyi və kimya mühəndisliyi elminin səviyyəsini ala buluda qaldırmaq uğrunda rəşadətlə əlləşir. Bu sahə üzrə heç bir elmi dərəcəsi olmadan, bircə saat da mühazirə oxumadan, ümumən heç bir pedaqoji təcrübəsi olmadan (amma bunlar boş şeydir, ona qalsa, Ceyhun Osmanlı da deputatdır)...

Qasımov bir dəfə fəxrlə dedi ki, biz məzunlara iki diplom verəcəyik. İnanırıq. Amma məktəbin qırımından belə görünür ki, bu ixtisasların heç biri neft-qaz sənayesinə aid olmayacaq. Yer kürəsində isə saysız-hesabsız ixtisas var - nəğmə və rəsmxət müəllimi, aqronom, toxucu, dülgər, şərabçı, halvaçı, bostançı... Aydın görünür ki, bu məktəb kimlər üçünsə ehtiyat aerodrom, şəxsi obyekt kimi yaradılıb.

Qasımov neftin kimyəvi tərkibini bilsə, onun formulunu dəqiq yazmağı bacarsa, mənim ona heç bir sözüm olmaz. Hətta uğur da arzulayaram...