Bakı meri köhnə avtomobilinə qayıtdı - Yeniləndi 2

baki-meri-kohne-avtomobiline-qayitdi-yenilendi-2
Oxunma sayı: 688


Bir neçə gün əvvəl “Qafqazinfo” portalı Bakı Şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yeni xidməti avtomobilin verilməsi haqqında xəbər yaymışdı. Həmin xəbərdə Bakı merinə son model, yəni 8 seriyadan olan BMW markalı avtomobilin verildiyi, həmin maşının 160 min avro dəyərində olduğu qeyd edilirdi. Portalımız sözügedən maşının meriyanın qarşısından fotosessiyasını da oxuculara təqdim etmişdi. Qeyd edək ki, həmin xəbər ictimaiyyətdə maraqla qarşılanmış, ANS televiziyası maraqlı bir araşdırma apararaq Azərbaycan məmurlarının mindiyi bahalı avtomobillərdən bəhs etmişdi. Məlum olmuşdu ki, Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir. Təkcə 2006-cı ildən 2011-ci ilədək xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya zəng edərək Hacıbala Abutalıbovun xidməti avtomobili ilə bağlı məsələyə aydınlıq gətiriblər. Bildirilib ki, portalın fotosessiyasını çəkdiyi avtomobil Bakı merinə müvəqqəti istifadə üçün verilibmiş: “Hacıbala müəllimin xidməti avtomobili xarab olmuşdu. Yaranan texniki problemləri aradan qaldırmaq üçün həmin avtomobil BMW şirkətinə verilmişdi. Şirkət də maşın təmir olunan müddətdə əvəzedici avtomobil təqdim etmişdi ki, bundan istifadə olunsun. İndi 2006-cı ildə istehsal olunan köhnə maşını qaytarıblar. Gəlib baxa bilərsiniz. Biz də onların maşınını təhvil vermişik. Sizə texniki pasportu da göstərə bilərik”.

Biz bu informasiyaya heç nə demirik. Sadəcə sual yaranır ki, nəyə görə xarab olan avtomobilin yerinə təqdim edilən yeni avtomobilə də eyni dövlət nömrə nişanı vurulmalıdır. Əgər həqiqətən belədirsə, bu qanunsuzluq deyilmi? İkinci tərəfdən də Bakı merinin xidməti avtomobilində nasazlıq yaranırsa, bu necə aradan qaldırılmalıdır? Adi vətəndaşlar kimi məmur maşını götürüb ustaya aparmalıdırmı? Hər halda məsəlinin necəliyinə BMW şirkəti də aydınlıq gətirsə yaxşı olar.

Artıq məsələ ilə bağlı yol polisindən münasibət saytımıza daxil olub. Yol polisinin mötəbər şəxsi bildiib ki, istər fiziki, istərsə də hüquqi şəxslər bir maşının dövlət nömrə nişanın rəsmiləşdirmə aparmadan digərinə bağlaya bilməz. Bunun üçün mütləq rəsmiləşdirmə lazımdır. Avtomobil kirayə götürüləndə belə həmin şirkət tərəfindən xüsusi dövlət nömrə nişanı verilir.


“Qafqazinfo” məsələyə BMW şirkətinin də münasibətini öyrənib. Şirkəti texniki xidmət mərkəzinin baş qəbul edicisi Həsən Ağaverdiyev bildirib ki, onlar həqiqətən də Bakı merinin maşınını təmir ediblər. Lakin merə bu müddətdə heç bir avtomobil verilməyib. O, BMW şikətində belə bir təcrübənin mövcud olmadığını vurğulayıb.