Bakı Parislə münasibətlərinə yenidən baxmalıdır – Tələb

baki-parisle-munasibetlerine-yeniden-baxmalidir-teleb-
Oxunma sayı: 634

"Qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun Fransa parlamentin gündəliyinə daxil edilməsi beynəlxalq hüququn ən ali prinsiplərinin - söz və fikir azadlığının kobud şəkildə pozulması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, ayaqlar altına atılmasıdır".

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətinə açıqlamasında partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli deyib.

BAXCP sədrinin müavini bildirib ki, Fransa parlamentində belə bir qanunun qəbul ediləcəyi təqdirdə rəsmi Bakı Parislə münasibətlərinə yenidən baxmalıdır: "Azərbaycan təkcə Türkiyə ilə münasibətlərə önəm verdiyinə görə deyil, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquq və azadlıqlarına sayğı duyduğuna görə rəsmi Ankara ilə eyni mövqedən çıxış etməlidir. Çünki Fransa parlamentinin gündəliyinə daxil edilən qanun layihəsi sadəcə tarixi həqiqətlərin siyasi maraqlara görə təhrif olunmasına yönəlmiş bir addım deyil, insan hüquq və azadlıqlarının qanunvericilik yolu ilə məhdudlaşdırılmasına imkan yaradan iyrənc bir presedentdir".

Elçin Mirzəbəylinin qənaətinə görə, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Azərbaycan Fransanın vasitəçilik missiyasından imtina etməlidir: "Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti onsuz da bu günə kimi qənaətbəxş olmayıb. Erməni diasporunun təsiri hər zaman bu ölkənin siyasətində özünü büruzə verib. Ancaq bu qanunun qəbulu Fransanı birmənalı şəkildə tərəfə çevirir. Qondarma erməni soyqırımını inkarına görə insanları cinayət məsuliyyətinə cəlb edən bir dövlət heç bir halda işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında vasitəçi ola bilməz".