Bakı qumarxanaya çevrilir

baki-qumarxanaya-cevrilir
Oxunma sayı: 1187



Ölkəmizdə qumar və qumarxanalar rəsmən qadağan edilsə də Bakıda belə gizli oyun mərkəzləri var. Özü də bu məkanlarda azğınlıq və özbaşınalıq baş alıb gedir. Hətta insan taleyinin məhvinə səbəb olan bu “ocaqların” sayı durmadan artır. Əməkdaşlarımız paytaxt qumarxanalarında gizli araşdırma apararkən bunun şahidi olublar. Çox təəssüf ki, bunların qarşısını alan yoxdur...

Mərhum dövlət başçısı Heydər Əliyevin Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə verdiyi qərar cəmiyyətdə yaxşı mənada böyük rezonans doğurmuşdu. O vaxt çoxları ümid edirdi ki, artıq Azərbaycanda bu tip oyun obyektlərinə bir daha qayıdılmayacaq. Hərçənd kifayət qədər ciddi ekspertlər iddia edir ki, Azərbaycanda kazinoların bərpa edilməsi iqtisadiyyata fayda verər, ölkədə xeyli iş yerinin açılmasına səbəb olardı. Onların fikrincə, belə olacağı təqdirdə qumar oynamaq üçün xaricə gedən kazino həvəskarları pulları kənara daşımaz. Nəticədə də Azərbaycanın pulları başqa ölkələrə qismət olmaz. Hər halda artıq 10 ildən artıqdır ölkəmizdə qumar oynamaq yasaq olub və Azərbaycan qanunlarına görə, bu fəaliyyətlə məşğul olmaq cinayət sayılır.
Bununla belə son günlər redaksiyamıza paytaxt Bakıda və Azərbaycanın bəzi bölgələrində qeyri-leqal qumarxanaların fəaliyyət göstərdiyi barədə məlumatlar daxil olur. Bu məlumatları verən şəxslər deyir ki, son aylar axşam saatlarında paytaxtın bir çox kafe, restoran və çayxanalarında qumar oynanılır. Məsələ burasındadır ki, həmin obyektlərə təkcə Bakıdan deyil, rayonlardan da imkanlı və vəzifəli adamlar gəlir. Elə gün olur ki, təkcə bir obyektdə gecəyə 100 min dollar uduzanlar olur. Məlumatlı şəxslərin sözlərinə görə, həmin obyektlərə adətən xüsusi adamlar gəlir, ora təsadüfi adamların düşməsi mümkün deyil.
Digər məlumata görə, son aylar qumar oyunları Bakının bir neçə rayonunda geniş yayılıb. Bu rayonlar arasında Binəqədi rayonu xüsusi yer tutur. Məlumatlarda o da qeyd edilir ki, bu rayonda fəaliyyət göstərən restoranlarda digər qumar oyunları ilə yanaşı loto oyunu da geniş yayılıb.
Deyilənləri araşdırmaq üçün dünən Binəqədi rayonunda yerləşən bir neçə kafe və restoranlara baş çəkdik. 8-ci mikrorayonda, Naxçıvanski küçəsi, 6 ünvanında yerləşən kafedə olarkən öyrəndik ki, burada hər axşam loto oynanılır. O həndəvərdə yaşayan sakinlər bizimlə söhbətində dedi ki, maşın yuma məntəqəsinin üstündə yerləşən kafedə oynanılan qumarda hər gecə təxminən 150-yə yaxın adam iştirak edir: “Bu kafedə hər gecə dava-dalaş olur. Bir sözlə, dəlixanadır. Saat 19-da başlanan oyun gecə saat 3-ə kimi davam edir. Bura çoxlu imkanlı adamların uşaqları gəlir. Həmin saatlarda kafenin qarşısında bahalı maşın əlindən tərpənmək olmur. Şikayət etmədiyimiz yer qalmayıb. Amma tədbir görən yoxdur”.
Obyektin qarşısında söhbətləşdiyimiz bir gənc isə oyun vaxtı kafeyə hər adamın buraxılmadığını dedi: “Ətrafda gördüyünüz gənclər əraziyə nəzarət edir. Hər "kruq"da 5-6 min manat fırlanır. Evini, ailəsinin qızıl-gümüşünü satıb qumara qoyanlar var. Qumar üstdə neçə ailələr dağılıb. Lotoxana ciddi nəzarətdədir. Buna görə kafe sahibi yuxarılara hər ay 20 min manat verir. Oyun zamanı tüstü-duman əlindən zala girmək mümkün deyil".
Adının çəkilməsini istəməyən və ərazidə olan şəxsin sözlərinə görə, qumarxananın fəaliyyətindən hamının, polis və sahə müvəkkilinin də xəbəri var: “Hətta ətrafda dayanan taksi sürücüləri də burada gedən qumardan xəbərdardır. Belə bir məkanın fəaliyyəti qanunsuzdur. Amma yuxarıda adamları var. Odur ki, dəyib-dolaşan yoxdur. Hamı bura pul udmaq üçün gəlir. Biletin biri 5-10 manatdır. Bir oyun isə 5 dəqiqə çəkir”.
Ərazidə olarkən onu da öyrənə bildik ki, toplanan məbləğin 80 faizi uduşa qoyulur. Uduş fondunun məbləği qumara toplaşan insanların sayından asılı olur. Axşamlar udulan məbləğin miqdarı daha böyük olur.
Həmsöhbətlərimiz yaxınlıqda həmin ərazinin şəklinin çəkilməsinin təhlükəli olduğunu dedilər. Onlar bildirdi ki, ərazinin yaxınlığında dolaşan şəxslərin çoxu qumarxana sahibinin adamlarıdır. Qeyd edək ki, çətinliklə olsa da loto oynanılan kafenin şəkilini çəkə bildik. Biz ərazini tərk edəndən sonra qumarxanada ciddi çaxnaşma yarandığı xəbərini aldıq. Məlumat verən şəxslər əməkdaşlarımızla əlaqə saxlayaraq bildirdilər ki, jurnalistlərin araşdırmasından sonra qumarxananı dağıdıblar: “Dünən (srağagün-red.) sizin jurnalistlər buradan gedəndən sonra axşam saatlarında həmin qumarxanaya polis basqını oldu. Birdən əraziyə gəlib yoxlamalar aparmağa başladılar. 10-dan çox şəxsi həbs etdilər. Hətta ətrafdakı kafeləri də nəzarətdə saxlayırlar. Ancaq buranın sahibinin çox böyük adam olduğu bildirilir. Ona görə də bu həbslər çox güman ki, görüntüdür”.

***

Oradan ayrılıb Dərnəgüldə yerləşən “Şahdağ” restoranda da olduq. Söhbətləşdiyimiz sakinlər bildirdi ki, “Şahdağ”ın adı dəyişdirilərək “Həkəri” qoyulub: “Burada da hər axşam loto oynanılır. Amma bunlar yeni başlayıb. Hələlik müştəriləri ətrafda yaşayan köçkünlərdir. Belə getsə, bura da Naxçıvanski, 6-da yerləşən kafedən betər olacaq”.
Sakinlərin sözlərinə görə, Dərnəgüldəki iaşə obyektlərinin çoxunda illərdir qumar oynanılır: “Qəsəbədəki çayxanalarda domino, nərd də pulla oynanılır. Gecələr isə karta keçirlər”.
Qeyd edək ki, bir vaxtlar kafe və çayxanalarda oynanılan futbol qumarı ilə əlaqədar baş verən olaylar da əhali arasında ciddi narahatlıq doğururdu. Amma bu il yanvardan futbol qumarı leqallaşdırıldığı üçün bu sahədə vəziyyət nisbətən normallaşıb. Artıq idman matçlarına pul qoyuluşları “Topaz”a məxsus qanuni mərkəzlərdə həyata keçirilir.
Amma totalizator oyunları da həmişə pul, kef və yüksək əhval-ruhiyyə gətirmir. Bu oyunlarda xeyli pul uduzanlar var. Ancaq hüquq-mühafizə orqanları belə olayların qarşısını almır. İnsan taleləri belə məhvə aparan bu cür oyun yerlərinin sayı isə durmadan artır.

Musavat.com