Bakı Zooparkı söküləcək

baki-zooparki-sokulecek
Oxunma sayı: 1720

Azərbaycanda yeni zooparkın yaradılması üçün işlər sürətləndirilib. “Qafqazinfo”nun məlumatına görə bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu gün keçirdiyi mətbuat konfransında xəbər verib. Onun sözlərinə görə, yeni zoopark Abşeron rayonunun Qobu qəsəbəsinin yaxınlığında olacaq. Zooparkın yaradılması üçün artıq 55 hektar ərazi ayrılıb: “Hazırda Bakıda olan Zoopark əslində zoopark deyil, heyvanxanadır. Orada ərazi kiçikdir, heyvanlar qəfəsdə saxlanılır. Beynəlxalq ekologiya təşkilatları da bu zooparkın bağlanmasını tələb ediblər”.

H. Bağırov bildirib ki, yeni zooparkın hazırlanması ilə bağlı Honkonq, Hollandiya zooparklarının rəhbərləri ilə məsləhətləşmə olub: “Qobuda yeni zooparkın salınmasının əsas məqsədi heyvanları çoxaltmaqdır. Yəni nəsli kəsilməkdə olan heyvanlar burada mühafizə olunacaq və onların sayının artırılmasına şərait yaradılacaq. Bu zooparkla bağlı artıq ilkin layihə hazırdır. İki il öncə zooparkın tikintisi üçün 2.8 milyon manat vəsait ayrılıb. Bu günə qədər həmin vəsaitin kiçik hissəsi istifadə olunub”.

H. Bağırov bildirib ki, zooparkın tikintisinə ümumilikdə 70-ə yaxın ölkədən mütəxəssislər cəlb olunub. Yeni Zooparkda təkcə heyvanlar deyil, bitkilər və ağaclar da olacaq. Zoopark “Azərbaycan təbiət dünyası” şərti adı ilə tanınacaq.

Nazir yeni zooparkda qəfəs sistemi olmayacağını, bariyer sisteminin qurulacağını vurğulayıb.

Nigar Məmmədli