Bakıda aksiya oldu - Fotosessiya

bakida-aksiya-oldu-fotosessiya-
Oxunma sayı: 685




İctimai Palatanın (İP) 2 aprel aksiyasına görə həbs olunan Müsavat Mərkəzi Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrini müavini Faud Qəhrəmanlının, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin və Müsavat Gənclər təşkilatın sədri Tural Abbaslının işi üzrə Səbail rayon məhkəməsində hakim Famil Nəsimovun sədrliyi ilə proses davam etdirildi. “Qafqazinfo”nun məlumatına görə, bu dəfəki məhkəmə iclası müdafiə tərəfinin şahidlərin dindirilməsinə həsr edildi. İlkin ifadəni İP Koordinasiya Şurasının (KŞ) üzvü, Müsavat başqanı İsa Qəmbər verdi. O, öncə İP-nın yaranma zərurətini açıqladı, dedi ki, buna səbəb parlament seçkilərinin total saxtalaşdırılması olub. İP-nın təsis protokolunu, qəbul etdiyi qərar və qətnamələrdə Azərbaycan və beynəlxalq qanunvericiliyə uyğun dinc və sivil formada fəaliyyət göstərəcəyinin əks olunduğunu vurğulayan başqan 2 aprel aksiyası barədə verilən qərarda heç bir hüquqa zidd məqam olmadığını söylədi. Müsavat başqanı 2 aprel aksiyası barədə qərarın İP sessiyasında səsvermə yolu ilə qəbul olunduğunu qeyd edərək, bu aksiyanın məsuliyyətinin 4 təqsidirləndirilən şəxslərin üzərinə qoyulmasını absurd adlandırdı: “Əgər istintaq bu aksiyanın fərdlərin üzərinə qoymaqda maraqlıdırsa, buyursunlar, mən İsa Qəmbər bu məsələdə cavabdeh olmağa hazıram”.

Ayrıca olaraq 2 aprel aksiyası barədə danışarkən İ. Qəmbər dedi ki, həmin gün nəinki təqsiriləndirilən şəxslər, ümumiyyətlə İP-in çağırışına cavab verib küçələrə çıxan bir kimsə belə zorakılıq etməyib, cinayət törətməyib. İ. Qəmbər dedi ki, onlarda onal yüzlərlə fotoların heç birində, həmçinin “2 aprelçi”lərin başa çatan məhkəmə prosesində istintaq tərəfinin heç bir materialında İP tərəfdarlarının polisə və əhalinin obyektinə zərər yetirməklə bağlı fakt yoxdur. İ. Qəmbərin sözlərinə görə, belə faktların olmaması təbiidir, çünki İP-nin ilk gündən məqsəd məramı dinc, zorakılıqdan kənar aksiya olub, tərəfdarları bütün toplantılarda, KİV-də bu yöndə maarifləndirilib: “Həm İP 2 apreldən əvvəl mətbuatda dərc olunan mitinq qətnaməsində və burda oturan dostlarımızın hər birinin çıxışında aksiyanın tamami ilə dinc olacağı dəfələrlə vurğulanıb”

2 aprel mitinqində bəzi obyektlərə və texnikaya vurulan xəsarəti başqan hakimiyyətin öz əməli kimi qiymətləndirdi. O, dedi ki, hakimiyyət polis aksiyadan əvvəl müxtəlif şəraitdə əzilən avtomobilləri 2 apreldə əzilən kimi rəsmiləşdirməklə həm müxalifətə qarşı qarayaxma edir, həm də təmiradı altında öz korrpusioner maraqlarını reallaşdırır. Müstəqil medianın aksiya zamanı təxribat törədən şəxsləri ifşa etməsinə diqqət çəkən İsa Qəmbər dedi ki, istintaq qəsdən bu şəxslərin müəyyən edilməsi barədə hərəkətsizlik nümayiş etdirib. İsa Qəmbər hakimiyyətin özü və kadrları kimi, istintaqın üzəduranlarının, şahidlərini saxtakar adlandıranda hakim ona siyasi çıxışlar etməmək barədə xəbərdarlıq etdi. Lakin, İ. Qəmbər bu xəbərdarlığı “siz uydurma ittihamlarla mənim dostlarımı ittiham edəcəksiniz və mən susacağam? Bu məntiqsizlik olardı” deməklə yersiz saydı.

Sonda başqa cinayət işinin siyasi sifariş əsasında hazırlanan uydurma olduğunu bir daha vurğulayaraq biabırçı məhkəmə şousuna son qoymağa və lənğimədən vicdan məhbuslarını azad etməyə çağırış etdi: “Bu biabırçı iş Azərbaycan tarixinə qara ləkə kimi yazılıb. O ləkəni isə heç kim, heç vaxt silə bilməyəcək”.

2 aprel aksiyası ilə bağlı dövlət ittihamçısı Ceyhun Kazımovun əksər suallarını məntiqsız, gülməli kimi dəyərləndirən İ. Qəmbər sonda məhkəməyə xəbərdarlıq da etdi: “Qarşıdan Azərbaycanın müstəqilliyinin il dönümü və Müsavat Partiyasının yüz illiyi gəlir. Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və azadlığı üçün çarpışan bu insanlar evlərində olmayacaqsa biləsiniz, nə sizi nə də İlham Əliyevi bağışlamayacağam”

Növbəti ifadə verən İP KŞ-ının üzvü, AXCP sədri Əli Kərimli oldu. AXCP sədri də İP-nın yaranma şərtlərindən və bu qurumun məqsədlərindən danışdı. O, bildirdi ki, İP-in yaranması şərtlərinin, bu gün keçirilən bu məhkəmə prosesinin də kökündə bir məqam dayanır- 2010-cu il parlament seçkilərinin total saxtalaşdırılması. Saxtakarlığa etiraz olaraq siyasi partiyaların, ictimaiyi xadimlərin, QHT-nın iştirakı ilə İP-nı təsis etdiklərini xatırladan Ə. Kərimli əsas tələblərinin vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi, köklü islahatlara başlanılması, korrupsiya ilə real mübarizə, Qarabağ probleminin həlli və s. olduğunu dedi. Ə.Kərimlinin sözlərinə görə sadalanan mövzuları İP-nın dəfələrlə hakimiyyət önündə tələblər, təkliflər formada qaldırsa da qarşı tərəf buna əhəmiyyət verməyib. Belə olanda İP öz tələblərini kütləvi aksiyalarvasitəsi ilə səsləndirmək barədə martda qərar verib. AXCP sədri bildirdi ki, onlar bütün çıxış və qərarlarında keçiriləcək aksiyanın dinc, qeyri-zorakı olduğunu səsləndirsələrdə hakimiyyət əks dəst xətt seçib və aksiyanı müxalifətin əlieyhinə repressiya kimi planlaşdırıb: “Biz bəyan etmişdik ki, hətta polis zorakılığı olsa belə ona adekvat reaksiya verilməyəcək. Aksiyada bizim bu bəyanatımıza əməl olundu. Lakin. Hakimiyyət öncədən dinc və konstutusion tələblərə uyğun keçiriləcək aksiyanı sabitliyə qarşı əməl kimi təbliğ edərək ölkədə süni ajiotaj və qarşıdurma yaratmağa başladı”.

2 aprel aksiyasını müxtəlif internet resusrları, foto və videolardan, eləcədə birbaşa aksiya iştirakçılarından tam öyərəndiyini deyən Ə. Kərimli həmin gün tərəfdarlarının heç bir qanun pozuntusuna yol vrmədiyini əminliklə bəyan etdi. “Amma müşahidələrimlə 2 apreldə bir sıra qanun pozuntularını aşkarlamışam, istəyirəm şahid kimi onları məhkəmənin nəzərinə çatdıram” deyərək Ə. Kərimli 5 ciddi cinayət hadisəsini sadaladı. Bunlar; polisin öz səlahiyyət həddini aşaraq dinc və müqavimət göstərməyən insanlara qarşı zorakılığı, saxlanılan şəxslərə qarşı işgəncələrin verilməsi, qapalı məkana-aksiyaçılarla dolu avtobusa polisin qaz sıxması, vətəndaşların ticarət obyektlərinə xəsatər yetirən təxribatçıların istintaqdan yayınması və s. idi.

Avropa İnsan Haqları Məhkəməsinin bu günlərdə açıqladığı statistikanı məhkəmə heyətinin nəzərinə çatdıran şahid bu statistikaya görə Azərbaycandan edilən şikayətlərin 90 faizinin əsaslı olmasının təmin edildiyini dedi. Əli Kərimli hakimə tövsiyyə etdi ki, bu rəqəmin daha da böyüməməsi üçün ədaətli qərar verilməsi və təqsiriləndirilən şəxslər azadlıqa buraxılmalıdır. Bundan sonra o vicdan məhbuslarının hər biri haqqında xarakteristika verərək onları cəmiyyətin ən parlaq şəxsiyyətləri, azadlıq və demokratiya uğurunda fədakar mübarizə insanları adlandırdı. Partiya sədri bu şəxslərin heç vaxt ictimai təhlükəli əməl törətmədiyini və törətməyəcyinə inamını ifadə etdi: “Bu insanlar heç bir cinayət etməyiblər, onlar elə şəxsiyyətlərdəndir ki, bəraətə ehtiyacları yoxdur. Tarix bu insanların bəraətini yox, mükafatını verəcək”.

İstintaqın absurd cəhətlərini tənqid edərək AXCP sədri dedi ki, Azərbaycan Cinayət Məcəlləsində insanların “Azadlıq” və “İstefa” şüarlarına görə məsuliyyət nəzərdə tutulubsa, o başqa olmaqla İP KŞ-nın bütün üzvləri bu məsuliyyəti üzərilərinə götürməyə hazırdılar.

Prokurorun “sizə aksiyanı keçirməməklə bağlı xəbərdar etmişdilərmi” sualının cavabında AXCP lideri maraqlı bir fakt açıqladı. O, dedi ki, aprelin 1-də onu qəbul edən Bakı şəhər Baş polis idarəsinin rəisi və şəhər prokuroru xəbərdarlığı təqdim ediblər. Lakin, o bu xəbərdarlığı qanunsuz hesab etdiyindən nə onunla tanış olub, nə də imzalayıb.

2 aprelçilərə qarşı açılan cinayət işini sifariş, keçirilən məhkəmni də siyasi proses adlandıran Əli Kərimli sonda dövlət ittihamısına da öz sözünü dedi: “Unutmayın ki, siz bu iclasda prokurorsunuz, zamanın prokuroru isə ayrıdır”.

Şahid kimi dindirilən İP üzvləri Tofiq Yaqubluyla Mustafa Hacıbəyli təqsiriləndirilənlərdən Arif Hacılının və Tural Abbaslı saxlanılarkən gördüklərini danışdılar. Hər iki şahid bildirdi ki, əslində 2 aprel günü saat 11-dən polis vətəndaşların istirahətini və nəqliyyatın normal fəaliyyətini pozub. İP-nın katibi Gülağa Aslanlı isə İP-nin strukturları və qəbul edilən qərarlarla bağlı ifadə verdi.

Məhkəmənin gedişatını bayırdakı insident bir müddətə pozdu. İnsidenti İsa Qəmbərin məhkəmə zalınlı tərk edib müsahibə verdiyi zaman idmançı görkəmli şəxslər yaradırdı. Onlar əvvəlcə bir-biri ilə nalayiq sözlər işlətməklə söhbət edirdilər. İ.Qəmbər ərazini tərk edəndən sonra isə onlar daha da aqressivləşərək zala daxil olamaq istəyənlərə qarşı nalayiq söyüşlər işlədirdilər.

Zala daxil olmaq istəyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Məmmədəliyev isə polis zorakılığı ilə üzləşdi. Məhkəmənin qarşısındaki idmançılar jurnalistlərə və prosesi izləmək üçün gəlmiş insanlarla kobud rəftar edirdilər. Bütün bunlar polislərin gözü qarşısında baş verirdi. Məhkəmə qarşısında olan polislərin rəisinə bu barədə məlumat verilsə də, heç bir tədbir görülmədi. Bundan sonra jurnalistlər məcburiyyət qarşısında üzləşdikləri rəftarla bağlı DİN-in mətbuat xidmətinə xəbər verdilər.

Müşahidəçilər bildirirlər ki, idmançıların məhkəmə qarşısında səfərbər olunması müxalifət liderlərinin məhkəməyə gəlməsi ilə bağlıdır. Məqsəd onların ağzıyla liderləri təhqir etmək olub. Vəkillər bu hadisəni şahidlərə təzyiq kimi qəbul etməyi hakimin diqqətinə çatdırdılar. Hakim isə öz növbəsində məhkəmənin təhlükəsizliyini təmin edən zabiti çağıraraq çöldə sakitlik yaratmağ tapşırıq verdi.

İP üzvlərinin ifadəsindən sonra 2 apreldə şüşəsındıranın videosunu çəkən müsavatçı fəal Elçin Cərullayevin çəkdiyi kadrlar nümayiş etdirildi. Sonra onun ifadəsi dinlənildi. Videoda idmançı görkəmli bir şəxsin qaçdığı, Elçinin isə ona “şüşəni niyə qırdın” dediyi əks olmuşdu. Şahid çəkdiyi kadrı ətraflı izah etdi, dedi ki həmin gün bir neçə şəxs mağazaların şüşələrin qırıb. Onların bu hərəkəti aksiya iştirakçılarında hiddət və qınaq yaratdıqda onlar qaçmağa başlayıb. Polis həmin şəxslərin birini tutsa da, sonra buraxıb.
Məhkəmənin sonunda müxalitəçilər “Azadlıq”, “İstefa” şüarları ilə yürüş aksiya keçirdilər.