Bakıda böyük rəzalət – Fotolar

bakida-boyuk-rezalet-fotolar-
Oxunma sayı: 699

“Eurovison”da Azərbaycan qələbə qazananda evimizdəkilər səhərə qədər yatmayıblar, hamısı sevinirdi. Nə biləydik ki, başımıza bu cür müsibətlər gətirəcəklər”.
Bayraq meydanı ətrafında evinin sökülməsinə dəqiqələr qalanda Hərbi Dəniz Donanmasının 30 il stajı olan 2-ci dərəcəli kapitanı Emil Əzizov bu sözləri biz jurnalistlərə deyirdi. Mən onun divardan asılmış mundirinə baxırdım. Mundirin üstü müxtəlif medallarla dolu idi. Xidmətdə fərqlənməyə, qüsursuz xidmətə görə verilən medallarla. “Mən 92-ci ildə Rusiyanı atıb bura gəldim. Gəldim ki, vətənimə xidmət edim. Etdim də. İndi evimi başıma uçururlar. Əlimdə məhkəmə sənədi var (1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 25 yanvar 2012-ci il tarixli qərarını oxuyur). Burada açıq yazılır ki, bizim yaşadığımız mənzildən çıxarılmağımız mümkünsüz sayılsın”. Emil müəllim bu fikirləri səsləndirdiyi vaxt qapı şiddətlə döyülür. Qapını açanda bizi əli lomlu bir dəstə adam, çoxlu polis və Səbail rayon icra hakimiyyətinin məmurları qarşılayır.
Məmurların birinci işi jurnalistləri söyüb təhqir etmək oldu. Ola bilsin, ailələrində də bizimlə danışdıqları leksikonda danışdıqlarını düşünüb hirslənməyə dəyməz dedik.
Hələlik burda dayanıb sökülən evlər barədə qısa arayış verək.
Bayraq Meydanının qonşuluğunda Donanmanın 28 zabitinin evi olub. Ərazidə aparılan yenidənqurma işləri və təzə yola görə bu evlərin köçürülməsi qərara alınıb. Nazirlər Kabinetinin 156 N-li sərəncamına əsasən bu işlərin hamısına 62 milyon manat ayrılıb. Bu nəhəng məbləğin qarşılığında hərbçilərə 10 min manat təklif edilir. 26 ailəni zorakılıqla bu məbləğ qarşılığında evlərindən çıxara biliblər. Onlara deyiblər ki, gedin bu pulla dolanın, kirədə qalın, tezliklə hamınıza ev tikəcəyik. “Tezliklə” nə vaxt olacaq, bunu deyən yoxdur. Sakinlər isə həm də ona cavasb axtarır ki, nəyə görə onlara hazır binalardan mənzillər verilmir. Üstəlik hərbçilər üçün tikildiyi deyilən binada onların mənzil hüququnun təmin olunacağı barədə də heç kim heç bir sənəd vermir.

Dünən ərazidə müqavimət göstərən cəmi iki ailə qalmışdı - Emil Əzizov və İlqar Allahverdiyevin ailələri. Müdaxilə birinci Əzizovlara başladı. Əli lomlu fəhlələr evdə adam olmasına qətiyyən məhəl qoymadan pəncərələri, qapını, dam örütüyünü qırmağa başladılar. Evdəki qadınlar və balaca uşaqların fəryadı onların soyuqqanlılığına qətiyyən təsir etmirdi. Sakinlər ağlaya-ağlaya Allahı köməyə çağırırdılar. Emil müəllimin yoldaşı inanc etibarilə xirstiandır. Mən onların evinin divarında məscid fotosu ilə yanaşı İsa Məsihin ikonlarını görmüşdüm. Buna görə onlar Allahı çağıranda öz-özümə dedim: “İşə bax, bir evi iki böyük dinin tərafdarı təmsil edir, amma onlar bütpərstlərə yenilirlər...”.
Müqaviməti balaca uşaqların fəryadı dayandırdı. Onların ağlamasına dözməyən ata Emil Əzizov bayıra çıxıb evi tərk etmək üçün möhlət istədi.

Növbəti hücum İlqar Allahverdiyevin evinə oldu. Onun evində yaşlı ana-atası, birinci qrup Qarabağ əlili olan qardaşı da vardı. Evini sökməyə gələnlərin qarşısına məhkəmə sənədləri və vəkili ilə çıxsa da, İlqar müəllimi dinləyən olmadı. Lomlar işə düşdü. Evin gəlini çığıraraq polisləri, söküntüyə gələnləri vicdana səsləyirdi, vəkil Avropa İnsan Haqları Konvensiyasından, İlham Əliyevin hansısa sərancamından iqtibaslar gətirirdi, lomlar isə öz işindəydi...

Yavaşca vəkilə yaxınlaşıb soruşdum: “Hörmətli bəy, doğrudanmı, bizim ölkədə “net priyoma protiv loma, yesli net druqovo loma”?. Vəkil elə sözlər dedi ki... Heyf, yazmaq olmur.
Evdəkilər dedilər ki, ölsələr də evdən çıxmayacaqlar. Onları ölümdən polis “xilas” etdi. Mitinqləri dağıtmaqda mahir olan Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov öz dəstəsi ilə evə hücm çəkib, əvvəlcə qadınları, sonra da kişiləri sürütləməyə başladı. Qadınların ağlamağına, fəryadına biganə qalan bir polis serjantından “Niyə belə edirsiniz, bu işi görmək ağır deyil sizə?” deyə soruşdum. “Biz əmrə tabeyik” dedi.

- Bəs bir gün sənin evini belə söksələr?
- Sökməzlər, mənim evim novstroykadadır.

***

Hökumətin dinc vətəndaşlar üzərində zəfəri tamamlananda telefonda radiomu işə saldım. Reklam arasına düşmüşdüm: martın 24-nə qədər Antalyadakı lüks otellərdə rezervasiya edin. İstirahətinəzə məna qatın...

Azadliq.info