Bakıda Dövlət Arxivinin direktoru həbs edildi

bakida-dovlet-arxivinin-direktoru-hebs-edildi
Oxunma sayı: 758

Dövlət Arxivinin Bakı filialının direktoru həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo” ya verilən məlumata görə, Bakı şəhər sakininin Dövlət Arxivinin Bakı filialının direktoru Şükürov Şahsuvar Ağahüseyn oğlunun paytaxtın Xəzər rayonu ərazisində yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması haqqında sərəncamın təsdiq olunmuş surətinin verilməsinə görə ondan 1.000 manat pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Şükürov 2012-ci il mayın 15-də arxivin Bakı şəhəri, Z.Bünyadov küçəsi 3 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında 800 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.

Ş.Şükürovun xidməti otağına keçirilmiş baxış zamanı vətəndaşın təqdim etdiyi sorğu və bununla bağlı hazırlanmış sənədlər aşkar edilərək götürülüb.

Fakta görə Ş.Şükürov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Ş.Şükürov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.