Bakıda etiraz yürüşü planlaşdırılır

bakida-etiraz-yurusu-planlasdirilir-
Oxunma sayı: 686

Hüquq müdafiəçisi Ələkbər Məmmədov “Kamran B.Ə” şirkətinin aldatdığı müştərilərin mənzil üçün ödədikləri maliyyə vəsaitlərini hələ də qaytarmadıqlarını söyləyib.
Şirkətin bir neçə əməkdaşına cinayət işi qaldırılması yetərli sayılmayıb. “Dövlətin vətəndaşını aldatdığına görə, bu, onlara verilən cəzadır, vətəndaşın pulunu kimin qaytaracağı əsas məsələdir” - deyə Ə.Məmmədov əlavə edib.
O, şirkətləri dövlət qeydiyyatına almaqla onlara dövlətin şərait yaratdığını xatırladaraq indiki halda maliyyə vəsaitlərini də vətəndaşlara dövlətin qaytarmalı olduğunu qeyd edib. Bununla yanaşı aldadılan vətəndaşlar “Şərur” tikinti şirkətinin tikdiyi evlərin ATV və “Xəzər TV”də reklam olunmalarına etirazlarını ifadə ediblər. Bu reklamlara etiraz cavabı olaraq aldadılan müştərilər noyabrın 3-ü saat 12:00-da ATV-nin, saat 14:00-da isə “Xəzər TV”nin önündə aksiya keçirəcəklərini bildiriblər. Bundan əlavə aldadılan sakinlər maliyyə vəsaitlərinin qaytarılması tələbilə elə noyabrın 3-ü saat 16:00-da baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsi önündə aksiya keçirməyi nəzərdə tuturlar. Bundan sonra isə PA önünə yürüş planlaşdırılır.
Aldadılan müştərilər “Kamran B.Ə” şirkətini və daha bir neçə şirkəti “Şərur” şirkətinin törəmələri adlandıraraq bu şirkətlərin neçə illərdir ki, ölkə əhalisini aldatmaqla məşğul olduqlarını deyiblər.
Ölkə əhalisinə “Şərur” şirkətindən və ona bağlı olan şirkətlərdən ev almamaq çağırışı ediblər.
Bu şirkətin daha bir “oyunu” haqda məlumat verilib. Müştərilər qeyd edib ki, “Şərur”un başçısı Isfəndiyar Axundov mənzilin qiymətilə müqayisədə məbləğin yarısından az hissəsini verən vətəndaşlara verilən puldan 1000 manat mənimsəməklə qalan məbləği qaytarmaq təklifi verib(Turan).