Bakıda fahişəxana üsyanı - Fotolar

bakida-fahisexana-usyani-fotolar
Oxunma sayı: 779

“Mən Qarabağda canımın yarısını ona görə qoymamışam ki, gəlib evimin içində fahişəxana açsınlar. Bu fahişəxanaların hamısını polis himayə edir”. Dünən axşam saat 10-un yarısından başlayaraq, bir saatdan artıq Badamdarda etiraz aksiyası keçirənlərdən biri olan Qarabağ qazisi yuxarıdakı sözləri “Azadlıq”a bildirib.

Badamdar qəsəbəsi dünən gecə saatlarında qəflətən izdihamlı etiraz aksiyasına meydan oldu. Qısa müddət ərzində 3 minə yaxın insan qəsəbədəki Zərifə Əliyeva adına parkda toplaşaraq yaxınlıqdakı kafe maskası altında fəaliyyət göstərən fahişəxanalara hücum çəkdilər. “Bağ-lan-sın!!!” şüarları ilə küçələrə axışan kütlə ərazidən keçən nəqliyyatın hərəkətini müvəqqəti olaraq məhdudlaşdırdı. İnsan kütləsinin qorxusundan, onlar hələ obyektə çatmamış kafelərin sahibləri qapını bağlayaraq aradan çıxdılar.

Qəzəblənmiş kütlə isə həmin kafelərdən qisası onların qabağındakı reklam lövhələrini qırıb ayaqlar altına salmaqla aldılar. Aksiya başladığı anda ərazidə 30-a qədər polis olsa da, onlar hadisəyə nəzarət imkanlarında deyildilər, faktiki olaraq heç bu yöndə təşəbbüs belə, göstərmirdilər. Kafelər bağlandıqdan sonra kütlə sanki bayram yürüşü keçirirmiş kimi, küçələrdə yürüş edərək şüarlar səsləndirməyə davam etdilər. Onlar dağılışmaq istəmirdilər. Aksiyanın başlamasından bir saat ötəndən sonra əraziyə Səbail rayonunda xidmət edən əlavə polis qüvvələri cəlb olundu.

Bu dəfə polislər meqafonla insanları dağılışmağa çağırsalar da, onlara məhəl qoyulmadı. Ancaq aksiya iştirakçılarından birinin “daha hər şey həll olundu, dağılışaq, sabah yenə açılsa, yenə davam edərik” deməsindən sonra kütlə dağılışdı.

Hadisə yerində olan Səbail rayon 8-ci polis bölməsinin rəisi Yaşar Həsənov olay barədə “Azadlıq”a qısa açıqlama verib. O, bildirib ki, insanlar buradakı kafelərin bağlanmasını istəyir və onların bu tələbi yerinə yetiriləcəkdir.

Aksiya zamanı etirazçılar 4 kafeni bağlaya bildilər. Onların biri adsız, o biriləri isə “Turan”, “Şəbnəm” və “NZS” adındaydı. Adının çəkilməsini istəməyən aksiya fəalının deməsinə görə, onlar aksiyanı bir gün əvvəlcədən planlaşdırıblar. Aksiya üçün ciddi plan-proqram tutmağa da ehtiyac olmayıb: “Hamımızın anası-bacısı var. Səhərə qədər gözümüzün önündə fahişələr min bir oyundan çıxır. Söyüş qoyuldu ki, sabah bura çıxmayanın ana-bacısı elə bu fahişələri görməyə layiqdır, vəssalam”.

Badamdarlıların sözlərinə görə, bir ildən çox imiş ki, adıçəkilən kafelər fahişəxana kimi fəaliyyət göstərirmiş. Axşam saat 10-dan səhərə kimi bu kafelərdə yüngül həyat tərzi keçirən qadınlarla kişilərin səs-küyü və dava-dalaşı ətrafda yaşayanlarda narahatlıq yaradıb. Bu barədə dəfələrlə kafe sahiblərinə şikayət olunsa da, onlar şikayətləri qulaqardına vurublar. Sakinlərin sözlərinə görə, obyekt yiyələrinin bu cür arxayınlığına səbəb onların çox güclü polis himayəçilərinin olmasıdır.

“Azadlıq” qəzeti