Bakıda həkimlər doğuşa çata bilmədi

bakida-hekimler-dogusa-cata-bilmedi
Oxunma sayı: 674

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov şənbə günü Trend-ə deyib ki, fevralın 10-da saat 16.48-də onlara Qaradağ rayonunun Səngəcal qəsəbəsindən 30 km şimalda olan qışlaqda məskunlaşmış hamilə qadına tibbi yardım göstərilməsi üçün müraciət edilib.

Təcili tibbi yardım stansiyasının işçiləri Bakı Baş Səhiyyə İdarəsinin ginekoloqunu da götürərək hadisə yerinə getsələr də, yollar buzlu olduğu və həmin ərazinin Bakının mərkəzindən xeyli aralı olduğu üçün həmin ünvana gec çatıblar.

"Həmin əraziyə hələ adi günlərdə getmək çox çətindir. Həkimlər 3 saat yol getdikdən sonra həmin yerə çatıblar", - Həmidov qeyd edib.

Baş həkim bildirib ki, həkimlər artıq ünvana çatdıqda orada zahı qadını və 1 kiloqram 800 qram çəkisi olan 1 qız uşağının doğulduğunu görüblər. Onların hər ikisi xəstəxanaya çatdırılıb. Ana və körpəsi Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 4 saylı Doğum Evinə yerləşdiriliblər.

Həmidov qeyd edib ki, yolların buzlu olması ilə əlaqədar ümumilikdə Bakı və onun ətraf ərazilərində nəqliyyatın hərəkəti çətinləşib. Təcili tibbi yardım stansiyasının həkimlərinin müraciət edilən ünvanlara daha tez çatmasını təmin etmək üçün əlavə olaraq, 15 maşın ayrılıb.

Son 10 gündə qarlı və şaxtalı hava şəraiti hökm sürür. Sinoptiklərin məlumataına görə, şaxtalı və qarlı hava şəraiti fevralın 12-dək davam edəcək.