Bakıda mənzillərin qiyməti 30 faiz ucuzlaşıb

bakida-menzillerin-qiymeti-30-faiz-ucuzlasib-
Oxunma sayı: 693

İctimai Birlikdən “Qafqazinfo”ya verilən məlumata görə, aparılan araşdırmalar daşınmaz əmlak bazarının bu seqmenti üzrə ötən aylardakı aktivliyin sentyabr ayında da davam etdiyini deməyə əsas verib. Bazarda hələ də təklif tələbi üstələsə də, mövsümi amillər, ipoteka kreditlərinin ayrılması, yeni tikililərin istismara qəbul edilərək vətəndaşların mülkiyyət hüququnu təsdiq edən Dövlət Reyestrdən “Çıxarış” almaq imkanlarının yaranması, kredit şərtlərinin müddətinin uzadılması, ilkin ödənişlərin minimuma endirilməsi, rieltor şirkətləri ilə iş birliyinin qurulması və digər tədbirlər satışın tempində aktivliyin davam etməsinə səbəb olub. Bazarda 3 binanın satışdan çıxması və Nəsimi rayonunda bir yeni tikilinin satışa daxil olması paytaxt üzrə binaların sayını əvvəlki aydakı 428 ədədə qarşı 426-ya çatdırıb. Satışdan çıxan binalar Yeni Yasamal ərazisinə düşdüyündən Yasamal rayonunun ümumi tikinti portfelindəki payı 26,7%-ə düşüb. Tikinti şirkətlərinin sayında da azalma baş verib və 153-dən 152-yə düşüb.

İlkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə sentyabr ayı ərzində satış üçün təklif olunmuş mənzillərin orta qiymətində heç bir dəyişiklik baş verməyib, orta qiymət əvvəlki aydakı 1 kv.metr üzrə 837 manat səviyyəsində qərarlaşıb.
Qiymət fərqi ötən rübün müvafiq dövrü ilə müqayisədə 0,2%, ötən illə 3,1%, 2011-ci ilin yanvar ayı ilə nisbətdə isə 1,3% azalma təşkil edib. 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə qiymət fərqi 29,9 azalma ilə qeydə alınıb.

Avqust ayında zonalar üzrə orta qiymətlərin dəyişməsi 1-ci zona üzrə 2132.8, 2-ci zonada 1218.4, 3-cü zonada 644.1, 4-cü zona üzrə isə 563.3 manat təşkil edib.
Orta qiymətdə heç bir dəyişiklik qeydə alınmadığından ay ərzində qiymət indeksində də heç bir dəyişiklik baş verməyib. Avqust ayında bu göstərici sabit qalaraq 320.7 bəndində qərarlaşıb.

Sentyabr ayı ərzində, ötən aylardakı kimi, yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edib. 5 otaqlı mənzillər əsasən şəhərin 1 zonasında üstünlük təşkil edir, 1 otaqlı mənzillər isə daha çox 3-cü zonanın payına düşür. 1 otaqlı mənzillərin orta sahəsi 60.7 kv.m, 2 otaqlılarınkı 92.1 kv.m, 3 otaqlılarda 131.8 kv.m, 4 otaqlılarda 182.9, 5 otaqlılarda isə 238.3 kv.metr təşkil edib.

Nigar Məmmədli