Bakıda Naxçıvan bəyanatı

bakida-naxcivan-beyanati
Oxunma sayı: 657

“Bu bölgə Vasif Talıbovun idarəetməsi altında insanlar üçün dəhşətli bir cəhənnəmə, işgəncə poliqonuna, istər siyasi, istər sosial-iqtisadi, istərsə də geopolitik baxımdan təhlükəli bir əraziyə çevrilib. Naxçıvanda baş verənlər müşahidəçi beynəlxalq təşkilatlarda dəhşət doğurur. Muxtar respublikada iki nəfərin bir araya gəlməsinə yol verilmir, insanlar zorla polisə aparılır, səbəb göstərilmədən saxlanılır və işgəncəyə məruz qoyulur. Naxçıvanda vətəndaşın şəxsi və mülkiyyət azadlığı yoxdur, icra qurumları istənilən adama zor tətbiq edərək mülkiyyətini zəbt edir, ölkədən çıxarır, etiraz edənləri dəlixanaya salır. Hüquq müdafiəçiləri bölgədə haqqını tələb etdiyi üçün dəlixanaya atılmış vətəndaşların siyahısını mətbuata təqdim ediblər.

Ticarət və bisnes sahəsində yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qohumları və yaxın çevrəsi məşğul ola bilər, belə bir iddiaya düşmüş digər vətəndaşlar talan və müflis edilir. Mətbuat və hüquq müdafiəçiləri təqib olunur, region əhalisinin yarısından çoxu işsizlik və repressiyalar ucbatından evlərini tərk edib. Naxçıvan artıq ev-ev deyil, kənd-kənd boşalmaqdadır. Evlərini tərk etmiş sakinlərin yurdlarına xaricdən gətirilmiş kürd kökənli, separat ovqatlı insanlar yerləşdirilir, onlara torpaq almaq, işləmək və qazanmaq imtiyazları verilir.

Beynəlxalq təşkilatlar, o cümlədən “Sərhədsiz reportyorlar” mütəmadi olaraq Naxçıvanda söz azadlığına olan hücumları tənqid edir. Naxçıvana ezam edilmiş müxbirləri hakimiyyət təqib edir, mülki geyimli qoluzorlular jurnalistləri zorla maşınlara mindirib muxtar respublika ərazisindən kənara çıxarır. Turac Zeynalov adlı yerli vətəndaş MTN-də öldürülüb, bu məlumatı yayan və mərhumun qohumlarından müsahibə alan “Turan” informasiya agentliyinin müxbiri isə təzyiqlərə məruz qalıb.

Regionda ağır şərtlər altında çalışan hüquq müdafiəçiləri bildirirlər ki, son günlər Naxçıvanda müstəqil hüquq müdafiəçilərinə, haqlarını tələb edən vətəndaşlara qarşı təzyiqlər daha da şiddətlənib. Naxçıvan Demokratiyanın İnkişafı və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bildirib ki, muxtar respublikanın əhalisi qorxu içində və informasiya boşluğunda yaşayır. Bölgədə müstəqil mətbuat yoxdur, paytaxtda çıxan müxalif və müstəqil nəşrlər muxtar respublikaya demək olar ki, buraxılmır, hüquq mühafizə orqanları mətbuat yayıcılarını təqib edir. Xüsusi xidmət orqanı interneti izləyir və muxtar respublikada hansısa məmurun müxalif saytı oxumaq cəhdi sərt cəzalandırılır.

Acınacaqlı haldır ki, Azərbaycan hakimiyyəti uzun illərdən bəri Naxçıvanda baş verən qanunsuzluqlar, özbaşınalıqlar və cinayətlər haqqında heç bir şərh verməyib. Bu səbəbdən beynəlxalq ictimaiyyətin Naxçıvandakı vəziyyətə münasibət bildirməsi zərurətə çevrilib.

İctimai Palata iqtidarı bu bölgədəki qeyri-insani, qeyri-qanunu, antidemokratik idarəetməyə son qoymağa çağırır. Xalqın iradəsini əzməyin, haqlarını pozmağın nəticələri ağır olur. İctimai Palata Azərbaycan cəmiyyətini, beynəlxalq təşkilatları, demokratiyanı müdafiə edən dövlətləri, bütün demokratik qüvvələri Naxçıvanda baş verənlərə biganə qalmamağa, Naxçıvanın faciəvi vəziyyətinə həssas yanaşmağa səsləyir”, - deyə bəyanatda bildirilir.

.