Bakıda qiymətlər qalxıb

bakida-qiymetler-qalxib
Oxunma sayı: 706

İTM-in İctimaiyyətlə əlaqələr departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,11 faiz azalıb. Bu zaman ərzaq məhsulları 0,44 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,40 faiz, xidmətlər isə 0,13 faiz bahalaşıb.

May ayına nisbətdə iyun ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, burada ciddi fərq müşahidə olunub. Belə ki, Bakıda qiymətlər 0,39 faiz bahalaşdığı halda, regionlarda 0,59 faiz azalıb. Bu azalma əsasən regionlarda ərzaq məhsullarının qiymətində mövsümi amillər səbəbilə baş verən ucuzlaşma hesabına qeydə alınıb. Belə ki, iyun ayında ərzaq məhsulları Bakıda 0,52 faiz bahalaşsa da, regionlarda 1,37 faiz ucuzlaşıb. Qeyri-ərzaq məhsulları həm Bakıda (0,19 faiz), həm də regionlarda (0,62 faiz) bahalaşıb. Xidmətlərin dəyəri isə Bakıda 0,30 faiz artdığı halda, regionlarda 0,05 faiz azalıb.

Bu zaman ən çox badımcan(42,30 faiz), göy lobya(37,44 faiz) ucuzlaşıb. Ən çox bahalaşma isə yenə ərzaq məhsullarından toyuq yumurtasında(13,93 faiz), sümüksüz (tikə) mal ətində(3,76 faiz), çiyələkdə(11,44 faiz) qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 15,58 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 19,30 faiz, regionlarda isə 11,93 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (26,61 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 3,68 faiz, xidmətlərdə isə 3,84 faiz təşkil edib. 2011-ci ilin ilk yarısında ölkədə istehlak qiymətləri 5,23 faiz, o cümlədən ərzaq məhsulları 8,08 faiz, qeyri-ərzaq məhsulları 1,47 faiz, xidmətlər isə 2,51 faiz yüksəlib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında hər ay minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, iyun ayında Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 162,42 manat, pensiyaçılar üçün 147,00 manat, 0-14 yaşlı uşaqlar üçünsə 203,53 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 100,45 manat, pensiyaçılar 90,51 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 115,74 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 36,65 manat, pensiyaçılar üçün 34,05 manat, 0-14 yaşlı uşaqlar üçün 70,23 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib”.

Nigar Məmmədli