Bakıda Şuşa bəyanatı – Mətn

bakida-susa-beyanati-metn
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, 20 ildir Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər. Bu gün erməni işğalçıları Şuşanın tarixini saxtalaşdırmaq və orada erməni izləri aşkar etmək məqsədilə Azərbaycan mədəniyyət abidələrini vəhşicəsinə dağıdır, ermənicə yazdıqları daşları yerin altına, üstünə, qədim divarlara yerləşdirirlər.
Bu gün erməni vandalları Şuşanı “rekonstruksiya” adı ilə tamam dağıdır, orada Azərbaycan mədəniyyətinin bütün izlərini məhv edirlər. Bu faciəli aqibət Şuşadakı milli memarlıq abidələrinin, muzey və məqbərələrin heç birindən, hətta görkəmli şair, musiqişünas və xəttat Mir Möhsün Nəvvabın YUNESKO-nun qərarı ilə inşa edilmiş qəbirüstü abidəsindən də yan keçməmişdir.
Biz BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olaraq, Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini və dünyanın bütün sülhpərvər qüvvələrini erməni təcavüzkarlığının dayandırılması naminə xalqımızın haqq səsinə səs verməyə çağırırıq.

Biz Azərbaycan ictimaiyyətini, Azərbaycanın dünyadakı dostlarını, sülh, əməkdaşlıq və əmin-amanlıq tərəfdarı olan bütün insanları ölkə QHT-lərinin irəli sürdüyü aşağıdakı təşəbbüslərə tərəfdar çıxmağa və onları dəstəkləməyə çağırırıq:

1. “Şuşaya azadlıq!” beynəlxalq kampaniyasına start verilsin, bu məqsədlə Azərbaycanda və dünyada geniş təbliğat tədbirlərinin həyata keçirilməsinə başlansın.
2. Şuşada YUNESKO-nun qərarı ilə Mir Möhsün Nəvvabın qəbri üstündə ucaldılmış abidənin erməni vandalları tərəfindən dağıdılması haqqında bu təşkilata rəsmi məlumat verilsin və müvafiq tədbirlərin görülməsi tələb olunsun.
3. Şuşanın işğalının 20 ilinin tamam olması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edilsin və işğal altındakı Azərbaycan torpaqlarının erməni qəsbkarlarından azad olunması tələb edilsin.
4. Qeyri-hökumət təşkilatlarının bu təşəbbüsləri Azərbaycan kütləvi informasiya vasitələrinə çatdırılsın və informasiya dəstəyinin verilməsi onlardan xahiş edilsin.