Bakıda torpağın qiyməti düşdü – Qiymətlər

bakida-torpagin-qiymeti-dusdu-qiymetler
Oxunma sayı: 941

Köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalıb. Bu barədə “Qafqazinfo”ya “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində mövsüm üçün xarakterik olmayan durğunluq müşahidə olunub.

Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha çox mərkəzdən kənar ərazilərə doğru genişlənməkdə davam edib.
Apreldə bazara təklif olunan ümumi 781,3 ha torpaq sahəsinin 78,2%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin artmasına və şəhərin mərkəzində torpaq sahələrinə tələbin artımına baxmayaraq bazarda orta qiymət azalması davam edib (0.9%).

Torpaq bazarında qiymət indeksi 240.1 həddindən azalaraq 237.9 bəndində qərarlaşıb.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında tikinti tempinin kəskin azalması hesabına xeyli zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması, I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlər azalıb. Söküntü işlərinin azalmasına baxmayaraq I və II zonalarda torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0.8% artıb.

Aprel ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14 227 $/sot səviyyəsindən 0,9% azalaraq 14 096 $/sot təşkil edib. Qiymət azalmasının əsas səbəbi ay ərzində tələbin kəskin azalması ilə bağlı olubdur.

Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin düşməsinin qarşısını alıb. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə artıb. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini nisbi azaldıb.

Apreldə rayonlar üzrə ən çox qiymət artımı əsasən Qaradağ rayonunda (0,5%) baş verib. Ən çox qiymət azalması isə Xətai rayonunda (1.3%) qeydə alınıb.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nəsimi rayonudur.

Nigar Məmmədli