Bakıda yaşayış evi tamamılə yandı

bakida-yasayis-evi-tamamile-yandi
Oxunma sayı: 681

Anspress xəbər verir ki, ötən gecə Bakının Sabunçu rayonu ərazisində vətəndaşa məxsus fərdi ev yanıb. Yanğın 1-ci Zabrat qəsəbəsi, Abbas Səhhət küçəsi ev 7-də qeydə alınıb. Hadisə zamanı evdə ailə olsa da, xoşbəxtlikdən hər hansı bir xəsarət alan olmayıb. Ev sahibi Cəmşid Məmmədovun sözlərinə görə, yanğın baş verməzdən əvvəl yatmağa hazırlaşırmışlar. Elə bu vaxt bayırdan güclü alovun səsi gəlib. Səsə bayıra çıxan Cəmşid Məmmədovun oğlu evin yandığını bildirib və sakinlər tələsik evi tərk ediblər.

Hadisə barədə dərhal yanğından mühafizə xidmətinə məlumat verilib. Yanğından mühafizə xidmətinin əməkdaşları alovu ram etsələr də, ev istifadəyə yararsız vəziyyətə düşüb. Axşamdan başlayan güclü külək də alovun tez yayılmasına şərait yaradıb. Nəticədə təxminən 80 kvadratmetr əraziyə malik 4-otaqlı ev tamamilə yanıb.

Yanğının baş vermə səbəblərini Fövqəladə Hallar Nazirliyinin (FHN) təhqiqat qrupu araşdırır. İlkin ehtimala görə, hadisə evin dam örtüyünün altından keçən elektrik xətlərindəki nasazlıq səbəbindən meydana gəlib.

Qeyd edək ki, yanğın vaxtı Cəmşid Məmmədovun oğlu və ailəsinə aid bütün əşyalar, habelə evin zirzəmisində C. Məmmədovun iki qızına aid cehiz əşyaları tamamilə yanıb.