Bakıda yürüş keçirildi – Fotosessiya

bakida-yurus-kecirildi-fotosessiya
Oxunma sayı: 703

Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 22-ci ildönümü ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının təşkilatçılığı ilə dünən bir sıra tədbirlər keçirilib. Bu münasibətlə əvvəlcə keçmiş Əzizbəyov heykəlinin yanından Fəxri Xiyabana qədər yürüş təşkil olunub. Yürüş saat 12:00-a təyin olunsa da, xeyli əvvəldən cəbhəçilər əraziyə yığışmışdılar. Bayram əhval ruhiyyəsində olan cəbhəçilər bir-birini təbrik edir, 16 iyul tarixinə nə qədər dəyər verdiklərini gizlətmirdilər. Beləcə saat 12:00-a qədər əraziyə yüzlərlə cəbhəçi toplaşdı. KXCP sədri Mirmahmud Mirəlioğlu yürüş iştirakçılarının hamısı ilə şəxsən görüşüb, onları AXC-nin yaranmasının ildönümü münasibəti ilə təbrik etdi. Əvvəlcədən elan olunmuş vaxtda yürüş başladı. KXCP təmsilçiləri, partiya təəssübkeşləri kalon şəklində irəliləməyə başladılar.

Təxminən 15 dəqiqədən sonra cəbhəçilər Fəxri Xiyabana daxil oldular. Burada isə yürüş iştirakçıları "Ən böyük Elçibəy, başqa böyük yox" şüarını daha da ucadan səsləndirməyə başladılar. Daha sonra cəbhəçilər Əbülfəz Elçibəyin məzarı ətrafına toplaşdılar. Cəbhəçilər məzarın önündə əvvəlcə Azərbaycanın Dövlət Himnini səsləndirdilər. Daha sonra Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu AXC-nin yaranma zərurətindən, o dövrün özəllikləri və çətinlikləri, eləcə də Əbülfəz Elçibəyin üzərinə götürdüyü böyük və şərəfli missiyadan bəhs etdi. KXCP sədri qeyd etdi ki, Azərbaycan Xalq Cəbhəsinin yaranması tarixi zərurət idi və bu təşkilat üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Əbülfəz Elçibəyin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışan Mirmahmud Mirəlioğlu vurğuladı ki, Azərbaycan durduqca Elçibəyə olan sayğı, rəğbət də daim yaşayacaq.

Fəxri Xiyabandan sonra partiya rəhbərliyinin iştirakı ilə AXC-nin qurucularından olan Nəcəf Nəcəfov və Şamil Quliyevin də məzarı ziyarət olundu. Bunun ardınca isə cəbhəçilər KXCP-nin mərkəzi qərargahına yollandılar. Qərargahı bayram ovqatına bürüyən cəbhəçilər burada müxtəlif nemətlərlə bəzədilmiş bayram süfrəsi arxasında əyləşdilər. Qeyd edək ki, AXC-nin yaranmasının ildönümü KXCP-nin təşkilatçılığı ilə dünən Bakıda müxtəlif ünvanlarda da qeyd olunub. Bundan başqa, partiyanın yerli şöbələri də bölgələrdə bu əlamətdar tarixi qeyd edib, müxtəlif tədbirlər düzənləyiblər.