Bakıda zavodlara basqın edilir - Metal

bakida-zavodlara-basqin-edilir-metal
Oxunma sayı: 647

Müəssisənin nümayəndəsi Tahir Orucov “Azadlıq” radiosuna deyib ki, avqustun 2-si saat 22 radələrində idmançı görkəmli 8 nəfər müəssisənin bağlanmasını tələb ediblər. Tahir Orucovun sözlərinə görə, avqustun 3-də yenidən müəssisəyə gələnlər hazır məhsulları və xammalı daşımağa başlayıblar:

“Əmlakımızı talan edib aparırlar, hara da zəng edirik deyirlər bizlik deyil. Gecə bizim müəssisəyə hücum olanda Daxili Işlər Nazirliyinin 102 Məlumat Xidmətinə müraciət etdik. Ordan Abşeron rayon polisinə müraciət olunmuşdu. Sahə müvəkkili gəlmişdi, amma sonra o da getdi. Müəssisəmizə gələn adamlar özlərini ”Baku Steel Company"nin adamları kimi təqdim edirlər. Amma heç bir sənəd göstərmirlər. Yalnız deyirlər ki, biz yuxarıların göstərişi ilə gəlmişik. Mən də deyirəm ki, Azərbaycan dövləti elə zəif dövlət deyil ki, sizi bura göndərsin

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə məsləhət görür ki, müəssisə üzləşdiyi problemlə əlaqədar aidiyyəti üzrə ərazi polisinə və ya nazirliyə müraciət etsin.
“Baku Steel Company” adından müəssisəni zəbt edənlər zavodun dəzgahlarını elə “Şəhriyyar- 99" müəssisəsinin özündə əridərək aparmaqdadırlar.

Indiyə qədər müəssisədən heç bir qarşılığı ödənilmədən 200 min manat dəyərində əmlak daşınıb: “Biz bu barədə bir neçə dəfə Daxili Işlər Nazirliyinin rəhbərliyinə, 102 məlumat xidmətinə müraciət etmişik. Bundan başqa, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğa teleqram vurmuşuq. Nə bizə cavab gəlib, nə də müəssisənin talan edilməsinin qarşısını alan var. Müəssisə rəhbəri bankdan 800 min manat kredit götürüb, indi bu krediti necə qaytaracaq? Heç olmasa, bu addımı atanlar bunun əvəzini ödəsinlər. Belə bir şey olmaz axı. Biz dərdimizi hara deyək”.

Vəkil Bəhruz Bayramov müəssisənin hüquqlarını müdafiə etdiyi üçün hədələndiyini də deyir: “Məni görünməyən nömrələrdən hədələyirlər ki, sən başını bu işlərə qoşma, əl çək bu işdən, yoxsa başın ağrıyar”.

Ötən gün sözügedən ünvanda olduq. Idmançı görkəmli üç nəfər müəssisənin qarşısını kəsdirərək metalların daşınmasını əmr edirdi. Zavodun gözətçiləri giriş və çıxış qapısını bağlamaq istəsələr də buna imkan vermədilər. Idmançı görkəmli şəxslər heç bir çəkiliş aparmağa icazə olmadığını söylədilər. Əks halda fotoaparatın alınaraq sındırılacağı ilə bizi hədələdilər. Dedikləri isə ancaq bu idi - “Biz ”Baku Steel Company"dan gəlmişik. Fəhlə adamlarıq. Göstəriş veriblər, onu yerinə yetiririk. Nə sualınız varsa, şirkətə gedin".
Bu şəxslər zavoda hücum edilməsini məhsulların zay olması ilə əsaslandırdılar: “Bina üçün nəzərdə tutulan dəmirlər, armaturlar çox yararsızdır. Bunlarla bina tikmək olmaz”.

Müəssisənin işçiləri isə deyilənləri təkzib etdilər. Onlar dedilər ki, basqın edən şəxslər özlərini təqdim etmirlər: “Nə üstlərində sənəd var, nə də ”Baku Steel Company"nin vəsiqəsi. Dedikləri budur ki, burada işləmək olmaz. Niyə? Bax, bunu bizə demirlər. Burada işləyən şəxslərin çoxu məcburi köçkün ailələridir. Zavodda 70-dan çox adam çalışır. Rəhbərlik nə qədər ailəyə yardım edir".

“Baku Steel Company” şirkətindən isə deyilənlərə münasibət öyrənmək mümkün deyil. Ya telefon zəngləri cavabsız qalır, ya da dəstəyi qaldıran şəxslər cavab vermək səlahiyyətində olmadıqlarını deyirlər.

Xatırladaq ki, bundan əvvəl eyni problemlə üzləşən Bakının Binəqədi rayonundakı “Ahmed-Ataxan” Türkiyə-Azərbaycan metaləritmə müəssisəsi də fəaliyyətini dayandırıb.