“Bakının dünənki gecəsinə görə cinayət işi açılmalıdır” - Tələb

bakinin-dunenki-gecesine-gore-cinayet-isi-acilmalidir-teleb-
Oxunma sayı: 699






“Hacıbala Abutalıbov Bakıya yaraşmır. Qış Bakıya yaraşmadığı kimi, Hacıbala da Bakıya yaraşmır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Çingiz Qənizadə dünən gecə saatlarında Bakıda hava şəraitininin pisləşməsi ilə bağlı yaranan ciddi problemlərə münasibət bildirərkən deyib. Millət vəkili dünən Bakıda yaranan 8 saatlıq tıxacda şəxsən qaldığını və insanların ağır anlar yaşadıqlarını bildirib: “Dünən Bakı şəhərində hava şəraitinin qəflətən dəyişməsilə baş verən tıxaclar, elektrik şəbəkəsində, qazın verilməsində problemlər və bütün problemlərin birdən-birə insanların üzərinə düşməsi çox təəssüfedici və acınacaqlıdır. İlk öncə qeyd edim ki, 6-8 saat tıxaclarda qalan insanların vəziyyətini dərk etmək lazımdır. Onların arasında xəstələr, uşaqlar, yaşlılar var idi. Yanacağı az olan avtomobillər var idi ki, bir-iki saatdan sonra yanacaqları qurtardı və maşınlarda donmuş vəziyyətdə qalmışdılar. Həmçinin mən özüm də 3 saat müddətində güc-bəla ilə başqa istiqamətlərlə gedib evə çata bildim. Bu artıq səhlənkarlıq deyil, cinayətdir. Bütün rayonların icra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, Bakı şəhərinin başçısı bu məsələlərdə hazır olmalı idilər. Niyə yalandan deyirlər ki, qışa hazırıq? Deyirlər, “Azəryolservis” vaxtında Sumqayıt istiqamətində yollara qum-duz tökməyib və onun nəticəsi Bakıda hiss olundu. Dövlət yol polisinin əməkdaşları niyə gözə görünmürdülər və vaxtında müvafiq qurumlara müraciət etmirdilər? Dünən təsadüfən Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovla görüşdüm və bildirdi ki, yollarda qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində avtomobillər sürüşüb və tıxaclar yaranıb. Bu da həqiqətdir. Amma insanlar kimdən soruşsunlar? Əmin edirəm ki, dünən bir neçə milyon insan bu acını yaşadı. İnsanları bu vəziyyətə salan məmurlar başa düşmürlər ki, onların bu məsuliyyətsizliyinin nəticəsində bu insanlar hakimiyyətdən və dövlətdən narazı qalırlar. Kimdir günahkar?!”

Ç. Qənizadə güman edir ki, dünənki hadisəyə görə ən yüksək səviyyədə tədbirlər görülməlidir: “Müəyyən adamlar cəzalandırılmalıdır. Allah rəhmət eləsin Heydər Əliyevin dövründə cavabdeh şəxslər dərhal yığılırdı və dərhal cəzalandırılırdı. Ola bilsin ki, cənab prezidentə dünənki hadisə ilə bağlı düzgün informasiya verməsinlər. Amma hesab edirəm ki, bunun səsi mütləq çıxacaq. Həmişə olduğu kimi prezident bu dəfə də öz mövqeyini göstərəcək. Bu cür adamların artıq cəzalanma vaxtı çatıb. Nə qədər laqeydlik olar?! Qanunda belə bir anlayış var. Təkcə hərəkətin özü cinayət deyil, hərəkətsizliyin özü də cinayət məsuliyyəti yaradır. Və dünən müvafiq qurumlar tərəfindən vaxtında tədbirlərin görülməməsi özü cinayət məsuliyyətini yaradan hallardır. Buna şərait yaradan insanların cavabı verilməlidir. Dövlət rəhbərliyi səviyyəsində belələrinin qiyməti verilməlidir. Evə gedib çatandan sonra da çox ərazidə işıqlar söndü. Deyirlər ki, elektrik xətlərində qısaqapanma olub, qəza nəticəsində olub. Qəza niyə olmalı idi, dünən nə baş vermişdi ki? Adi hava idi. Bu hava ilə Rusiya ilin bir neçə ayını yaşayır. Biz tıxaclardan başlana təəssüratların acısını səhərədək işıqsızlıqla yenidən yaşamışıq. Bu sahələrə nə qədər pullar ayrılır. Hanı bəs? Məlum olur ki, ayrılan pullar da kifayət qədər keyfiyyətli olaraq yönlənməyib”.

Millət vəkili həmçinin əlavə edib ki, yaxın günlərdə bir qrup millət vəkili prezidentə dünən baş verən hadisələrlə bağlı rəsmi şəkildə müraciət edəcək: “Hesab edirəm ki, cənab prezidentə müraciət etməyin vaxtıdır. Dünəndən bir neçə millət vəkili razılığa gəlib” .

Nigar