Bakının mərkəzində 5 mərtəbəli bina yandı

bakinin-merkezinde-5-mertebeli-bina-yandi
Oxunma sayı: 653

ANS PRESS-in məlumatına görə, Bakının mərkəzindəki yanğın söndürülüb. Lakin beşmərtəbəli binanın üzərində hələ də tüstü görünür.
-----
00.30

28 may küçəsiylə Rəşid Behbudov küçəsinin kəsişməsində yerləşən 5 mərtəbəli yaşayış binasında yanğın olub.

Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, yanğın binanın 5-ci mərtəbəsində olub və binanın damını yerindən çıxarıb. Güclü yanğın səbəbiylə bina sakinləri evdən bayıra çıxa bilmir.

Hazırda Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 9 xilasedici dəstəsi və 5-dən çox təcili tibbi yardım avtomobili gəlib.

----------

02.25
FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin müavini, polkovnik Rza Xudiyev AzərTAc-a bildirib ki, saat 22.49-da “101” xidmətinə R.Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən altımərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə texnika və canlı qüvvə göndərilib. Hadisə yerinə çatan ilkin yanğınsöndürmə rəhbəri yanğının mürəkkəbliyini nəzərə alaraq, “yüksək çağırış” elan edib. Bakı Qarnizonunun qüvvələri təcili olaraq yanğınla mübarizəyə cəlb olunublar. Hazırda yanğın söndürülmək üzrədir.

"Qədim binanın taxta konstruksiyalardan ibarət olması yanğının qarşısının alınmasını çətinləşdirirdi. Yanğın əsasən dam örtüyündə baş vermişdir. Dam örtüyü isə beşinci mərtəbədə yaşayan sakinlər tərəfindən zəbt olunduğundan orada əlavə arakəsmələr tikilmişdir ki, bu da yanğınsöndürənlərin işinə mane olurdu", - Rza Xudiyev deyib.

Yanğın təxminən 450-500 kvadratmetr ərazini əhatə edib. Beşinci mərtəbədəki bir neçə mənzilə ziyan dəyib. Ancaq yanğının dam hissəsinə tam yayılmasının qarşısı alınıb. Binanın sakinləri təxliyyə olunub, 1 nəfər zəhərlənib və ona ilkin tibbi yardım göstərilib.

------

01.35
Bu gecə Bakının Nəsimi rayonunda, 28 May küçəsi, 14 ünvanında beşmərtəbəli yaşayış binasında yanğın baş verib. AzərTAc-ın məlumatına görə, evin çardağında başlayan alov tədricən binanın 5-ci mərtəbəsini də əhatə edib. Sakinlər təcili olaraq köçürülmüşlər. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və təcili tibbi yardım briqadaları fəaliyyət göstərirlər.

Yanğının söndürülməsi davam edir.

ANS PRESS-in 1news.az saytına istinadən verdiyi məlumata görə, yanğın baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Rəşid Behbudov küçəsi Xaqani küçəsi ilə kəsişmədən Dilarə Əliyevə küçəsi ilə kəsişməyədək bağlanıb.

İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Lakin bəzi sakinlərin güclü tüstü üzündən halının pisləşdiyi bildirilir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir.