Bakirəliyə zərbə

bakireliye-zerbe
Oxunma sayı: 782

Ölkənin mədəni, siyasi, ictimai həyatı paytaxtla məhdudlaşdığından bu yazını oxuyanların böyük əksəriyyəti yəqin ki Araz kinoteatrını rəsmən tanıyır. Bir vaxtlar şəhərin gur mədəni həyatının ən qaynar nöqtələrindən biri sayılırdı Araz kinoteatrı.
Mənim o kinoteatrla bağlı bir neçə kədərli, işıqlı xatirəm var. İndi xatirə yazmaq ovqatında deyiləm. Sonra yeri düşər paylaşaram.

Hal hazırda Araz kinoteatrı daha çox ictimai tualet kimi fəaliyyət göstərir. Giriş iyirmi qəpik. Bir də orda bir kafe yerləşdiriblər. Amma kinoteatrın fəaliyyət göstərdiyini şərtləndirmək üçün afişalar daima yenilənir. Siz Araz kinoteatrının qarşısındakı afişada qəribə film adları oxuya bilərsiniz. Mənə belə gəlir ki, afişaya yazılmış bir çox filmlər ümumiyyətlə mövcud deyil. O film adlarını kimsə, çox istedadlı naməlum bir adam özündən uydurur. Əslində, bu yaxşı bir film mövzusudur.

Rejissorlarımız bu haqda gərək bir düşünsünlər. Kinoteatr fəaliyyət göstərmir, amma afişalar daima yenilənir. Və bu afişalara qəribə film adları yazılır. O filmlərin adlarını uyduran adamı görmək, onunla söhbət etmək istərdim. Araz kinoteatrının qarşısındakı afişada belə bir film adı oxudum: Bakirəliyə zərbə. Filmin adı çoxdan yazmaq istədiyim bir yazını yazmağa məni həvəsləndirdi. Bakirəlik institutu bizə xeyli problem yaradan, xeyli qırğınlar salan, qanlar tökən bir institutdur. Əlbəttə, bu yazını oxuyub yazımı özümə qarşı çevirənlər olacaq.

İbtidai suallar veriləcək. Bəs sən özün necə...filan ...filan. Belə sualların əvvəlcədən cavabı verilməlidir ki, məsələ çox qəliz hala gəlməsin. Qısa və konkret, mən özümə rəva bilmədiyim şeyi heç vaxt başqalarına təbliğ etmirəm.

İndi keçək mövzuya. Mən heç kimi inqilaba filana səsləmirəm. Ölkənin ən böyük problemlərindən biri odur ki, dəyişiklik istəyən, istədiyini az da olsa, həyatda realizə etməyə cəhd edən, öz çiyninə yük götürmək istəyən adam azdır. Əlimizə 50-60 gənc düşüb. İstəyirik ki, geyimi də onlar dəyişsinlər, seksual inqilabı da onlar etsinlər, adamlara avtobusa minib düşməyi də onlar öyrətsinlər, toyu da onlar dəyişsinlər, hakimiyyəti də onlar dəyişsinlər. Çətindir.

Eləcə də ortada beş-altı yazar var. Hər kəs onlardan nəsə gözləyir. Bəziləri mərifət, bəziləri ardıcıl və sərt vətəndaş mövqeyi, bəziləri tariximizə hörmətlə yanaşmağı, bəziləri isə lap uzağa gedərək gənc yazarlardan Nobel mükafatı almağı gözləyirlər. Yenə də çətindir. İttihamlar və gözləntilər kifayət qədər reallıqdan uzaq və amansızdır. Bu yazıda heç kimi ittiham etmək fikrində deyiləm.

Tələb var deyə bakirəlik institutu bu qədər mətanətlə dayanıb. Heç kimə demək olmaz ki, sən niyə 35 yaşında bakirəsən. Qayıdıb adama deyərlər ki, sənə nə var, get işinlə məşğul ol, mənə belə xoşdur. Amma bununla belə namusu, əxlaqı, tərbiyəni üç-dörd damcı qanla ölçmək də düz söhbət deyil. Özü də ilin günün bu vaxtında. Konkret tibb elminin bu qədər inkişaf etdiyi bir vaxtda.
Elə bir vaxtda ki, dörd qarın doğmuş bir qadını 18 yaşlı bir qıza çevirmək mümkündür. Və bir balaca həyatdan başı çıxan adam bilir ki, bakirəliyi fiziki mənada qorumaqla bərabər min hoqqadan, torbadan, toqqadan çıxmaq mümkündür.

Məsələn, Səhiyyə Nazirliyi xəbərdar edir ki, oral ve anal sekslə məşğul olmaq fiziki bakirəliyə heç də zərər deyil. Məhz bundan sonra gətirib hər şeyi üç-dörd damcı qanla ölçmək nə qədər doğrudur?
Nə qədər adamlar öldürülür, nə qədər ailələr dağılır, nə qədər problemlər yaranır. İşin hələ bir tibb tərəfi də var. Bu haqda doktorlar danışsa, daha yaxşı olar. Qısası, həyatda əlinə bir kişi əli dəyməmiş qızın zifaf gecəsi qansız-qadasız qadın olmaq ehtimalı var. İndi gəl vəziyyəti qapı dalında dayanıb qan gözləyən xəncərli-tüfəngli adamlara başa sal görüm necə başa salırsan...

Əlbəttə, hər şeyin zamana ehtiyacı var. Ötən əsrin əvvəllərində kostyum geyinən adama “intilligent” deyirdilər. Bu sözdə hər cür həqarət vardı. Niyə uzağa gedirik, cəmisi iyirmi il əvvəl qızın ərə getməzdən əvvəl qaşına toxunması dəhşətli dərəcədə ayıb və biabırçılıq sayılırdı. Bu gün kim necə istəyir, qaşın qaydaya salır.

Bir tərəfdən də düşünürsən ki, ilin günün bu vaxtı belə bir mövzuda yazı yazılması ayıbdır. Dəhşətdir, biri gedib 40 yaşında qızla evlənir və ondan bakirə olmasını gözləyir. Ən dəhşətlisi isə odur ki, o da bakirə çıxır.
Yenə də heç kimi ittiham etmək istəmirəm, amma bir tərəfdən də kifayət qədər iqtisadi azadlıq, səfərə çıxmaq azadlığı, oteldə gecələmək azadlığı əldə etmişlərin özünü qorumasını başa düşə bilmirəm. Nəticədə adamlar bir-birinin şəxsi həyatına qoz qoyur, biri başqasının intim həyatına başqa rənglər əlavə etməyə çalışır, total nəzarət hər tərəfə öz əllərini soxur. Öz seksual tələbatlarını ödəyə bilməyənlər avtobusda, mağazada, sosial şəbəkələrdə aqressiyalarını başqalarının üstünə tökür, onları lənətləyir. Faktiki olaraq, intim həyatı normal vuranlar, intim həyatı normal vurmayanların daima nəzarətindədirlər.

Məhəllə basqısı, mentalitetin ağır təzyiqi öz yerində. Qız tapırsan ev tapılmır, ev tapırsan qız. Hər ikisi tapılanda da istəyirsən, sakitcə girəsən evə, bu zaman biri çıxıb deyir ki, lazım deyil.

Yataq otağına açılan pəncərə

Əgər iyirmi il əvvəl bir kinoteatrın afişasına “Bakirəliyə zərbə” adlı bir filmin adı yazılsaydı, vəziyyət başqa cür olardı. Adamlar afişanın önündən sakitcə o tərəfə bu tərəfə keçməzdilər. Çünki indi hər kəsin hər cür filmə baxmaq imkanı var. “Balaca Vera” filminin qaldırdığı səs-küy yaxşı yadımdadır. Filmdə elə bir şey yox idi. İki yeniyetmə bir-iki dəfə bir-birlərinə sürtünmüşdülər. Filmin əsas məzmunu qalmışdı kənarda. Əslində, dövrünə görə heç də pis film deyildi. Bir film də xüsusən yadımda qalıb.

Adı belə idi: “Yataq otağına açılan pəncərə”. Meksikalılar çəkmişdilər. Əgər yaddaşım məni aldatmırsa. Mən o filmə baxmaq üçün xeyli əziyyət çəkdim. Çünki yaşım çatmırdı. O vaxtlar afişada yaş məsələsi qeyd olunanda adamların filmə marağı daha da artırdı. Birtəhər girdim zala. Filmə baxdım.
Təbii ki, ortada elə bir ciddi şey yox idi. Gördüm ki, boş söhbətdi, yataq otağına pəncərə zad açılmır.