“Bala, biz niyə yarımçığıq?”

bala-biz-niye-yarimcigiq
Oxunma sayı: 686

Çünki rəhmətlik belə məsəllərdən çox çəkərdi, qulağımız öyrəşmişdi. Bəlkə də onun öyüdlərini çoxdan unutmuşdum. Amma günlərin bir günü yuxuma girdi. Bir az dərdləşdik. Amma oyananda onun mənə verdiyi bir sualdan başqa heç nə yadımda qalmamışdı. Yaşlı nurani qadın ərkyana duruşu ilə bu sözləri dedi: “Bala, biz niyə yarımçığıq?”

Bu sual həmin gündən qulağımda cingildəyirdi. Bir gün adəti üzrə qəbirstanlığa üz tutdum. Nənəm-babam üçün “Yasin” oxutmağa. Bu bizdə adətdir. Və elə adəti üzrə bir molla yaxınlaşdı, “Yasin” oxutmaq istədiyimi biləndə sevincək “buyur övlad”-dedi. Nə isə, öz nəvəlik borcumdan çıxandan sonra maşınıma tərəf yönəldim, bu nurani din adamına da müraciət etdim ki, getmək istəyirsə dayanacağadək apara bilərəm. Cavabında bildirdi ki: “Bala hələ mənim burada yarımçıq qalmış, oxumadığım “Yasinlər” var”. Ani olaraq nənəmin “bala biz niyə yarımçığıq” sualı yadıma düşdü. Və tez dönüb “ağsaqqal, biz niyə yarımçığıq”-deyə soruşdum. Sanki məndən bu sualı gözləyirmiş kimi ağsaqqal təbəssümlə, “bala hansı işimiz bütövdü ki, Tanrı bizə hər şey verdi, biz isə həmişə yarımçıq olanı seçdik”-cavabını verdi. Həqiqətən də sanki yüngülləşmişdim. Mənim üçün bu müəmmalı suala cavab tapılmışdı: “Hansı işimiz bütövdü ki?”

Bu düşüncə ilə toz-torpaqlı cığırla qəbir daşları arasında irəliləyirəm və fikirləşib təəccüb edirəm, biz niyə yarımçıq olmağa bu qədər meyilli millətik?

Millət olaraq adımız da yarımçıqdı. Azəriyik, azərbaycanlıyıq, azəri türküyük, ya türkük, kimik axı biz? Özümüz özümüzü niyə tanımırıq, kimliyimizi bilmirik?

Millət olaraq dilmiz də yarımçıqdı. Kimi Azərbaycan dili deyir, kimi türk dili, kimi azəri dili. Ad bir yana qalsın, istifadə etdiyimiz kəlmələr də yarımçıqdı. Nə türk kimi türkük, nə fars kimi fars, nə də ki, rus kimi rus. Dilimizdə maşallah hər kəsimin yarımçıq kəlimələri var dedikcə var. Bir sözlə, yarımçıqların birləşib var etdiyi Azərbaycan dili.

Nizamimiz, Fizulimiz kimdir? – farsdır, türkdür, azərbaycanlıdır, kimdir? Bəlkə də bu səbəbdəndir hələ XII əsrdə Nizami də biz yarımçıqlardan cana gəlib “yarımçıq papaqçılıqdan” dad edirdi. Deməli o vaxtdan papağımız yarımçıq olub ki, sonradan parçalanan Azərbaycan dərdindən Sabir deyirdi ki, “qeyrətimiz bəllidir hər millətə”. Sonralar bu yarımçıqlığı dərd edən Hüseyn Cavid bütövləşmək, turanlaşmaq üçün beyinlərin pasını tökməyə çalışdı, amma bu dəfə özü üçün həyat yarımçıq qaldı. Bu yarımçıqlıq türklər demiş “bir türlü” yaxamızı buraxmadı. Sonralar Səməd Vurğun dilə gətirdi “Azərbaycan” şeri ilə bu yarımçıqlığmızı: “Ayrılarmı könül (şimal) candan (cənubdan) deyərək. Eh nə isə...

Torpaq bütünlüyümüz də yarımçıqdı. Müstəqil olandan indiyədək ərazi butövlüyü nədir bilmirik, 20 faiz torpağımız işğalda. Vətən olaraq parçalanmış, cənublu-şimallı Azərbaycanıq. Kimik axı biz, vətənimiz haradan başlayır, harada bitir?

Sevgimizə yarımız deyən, övladımıza ciyər-paramız deyən yarımçıqlarıq biz.

Milli bayram dediyimiz Novruz. Türkündür, farsındır ya kürdün. Və yaxud da “sevgililər günü” kimi tərənnüm olunan 30 iyun, ya 14 fevral. O qədərmi çətindir bunlardan birini seçmək? Və yaxud da 20 Yanvar. Kimimiz faciə, kimimiz isə milli qürur günü kimi xatırlayırıq bu günü.

Xəzərimiz var. Dənizdir yoxsa göl, bir qərar verən varmı, nədir axı bu? Bütün yarımçıqlar bizimmi bəxtimizə yazılıb?

Bəlkə də yeganə müsəlman zümrəsiyik ki, inancımız da yarımçıqdı. Allahdır, Tanrıdır, Yaradandır, yoxsa Gözəgörünməzdir, kimdir bizim istinad nöqtəmiz, niyə bir adda çağırmırıq inandığımızı?
Sabir demiş «yarımçıqdır hər işimiz». Biz sabah yox, bugünümüz üçün yaşayırıq, ona görə gələcəyimiz də yarımçıqdı.

Elə bunları fikirləşə- fikirləşə yenicə oturmuşdum ki, sükan arxasında, sakitcə pəncərə döyüldü. Diksinib dik atıldım. Boz baş daşı arxasından nəzərlərini mənə dikmiş üzü günəşdən qızarmış həminki qəbiristanlıq mollası idi. Dedi bala nə düşünürsən, birdən fikirləşərsən ki, nənəm üçün “Yasin” oxudu, babam üçün yox. Narahat olma, onun payını da oxuyacam. Sən verdiyin pulu halal elə. Onda anladım ki, sən demə molla oxuduğu quranı yarımçıq saxlayıbmış. Yəni babam üçün oxumayıbmış. Birdə ki, biz yarımçıq müsəlmanıq axı. Halalca baba və nənələrəmiz üçün duanı da özümüz edə bilmirik. Ərəb dilində səslənən duanın mahiyyətini heç anlamadan başımızı yelləyib amin deyirik. Heç olmasa bundan sonrakı yarımçıqlarımıza amin deməyək! Mənim bu yarımçıq fikirlərim kimi...