Balaca qızın dostluq nağılı

balaca-qizin-dostluq-nagili
Oxunma sayı: 4763

Saatlarla quzunu seyr edirdi. Yuxudan oyanırdı, çişini edirdi, yeməyini yeyirdi pəncərəyə qaçırdı, sonra yenə yeməyini yeyirdi, anasıyla gəzməyə gedirdi, gəlirdi, çişini edirdi, yeyirdi yenə quzusunu seyr edirdi, yerində yırğalanırdı, gülürdü, əylənirdi, yatmağa gedirdi, quzunu izləyirdi. Gecə yuxudan oyanıb qarşokuna oturanda anasından soruşurdu:

Qızcığaz : Ana, quzuş indi çiş edir, yoxsa yatır?

Ana: Yatır, gülüm, indi hamı yatır, quzuş da.
- Bəs nə vaxt oyanacaq?
-Sən oyananda, o da oyanacaq.

Qızcığazın quzuyla dostluğu anaya kömək olurdu. Ana işlərini görmək üçün xeyli vaxt qazanırdı. Qızcığaz quzunun xətrinə yemək yeyirdi, vaxtında yatırdı, quzunun həvəsinə hər şeylə razılaşırdı. Gecə düşən kimi tezcə yuxuya gedib səhəri gözləyirdi. Oyanıb dostunu görməyə tələsirdi. Bir gün qızcığaz pəncərədən yenə dostunu izləyirdi. Gördü ki, həyətdə böyük bəbələr quzusunun qulağından dartırlar, ona daş atırlar. Yazıq quzuş da yerində qurcalanır, qorxa-qorxa gah geriyə, gah irəliyə atılır. Uşaqlardan biri ona arxadan təpik ilişdirdi. Heyvancığaz özünü qorumaq üçün fırlana-fırlana qalmışdı. Balaca həyəcan keçirdi. Dostuna nəsə olacağından qorxdu. Tez anasının üstünə cumub onu darta-darta pəncərənin yanına gətirdi. Təlaşla çölü göstərdi. Uşağın həyəcanı Anaya da keçdi. O, həm qızının balaca ürəyindəki sevgiyə sevindi, həm də qızın sarsıntı keçirəcəyindən qorxdu. “Sən gözlə, mən indi düşüb uşaqlara deyərəm ki, quzunu incitməsinlər” Dərhal da aşağı enib qonşunun həyətinə geçdi. Qızcığaz yuxarıdan anasının həyətə girdiyini və uşaqlara nəsə dediyini görürdü. Aydın gözlərini bərəldib diqqətlə baxırdı. Uşaqlar kənarlaşdılar, çəpişdən əl çəkdilər. Və ana geri qayıtdı. Qızcığaz sevinclə qaçıb anasını qapıda qarşıladı. İçəri girən kimi üstünə atılıb bərk-bərk qucaqladı.

Beləcə qızcığaz və quzuş böyüyürdü. Quzuş qızcığazdan tez böyüyürdü. Balaca onun belə tez böyüməsinə təəccüb edirdi. Hər gün güzgüyə baxıb boyunu ölçürdü. Güzgünün yuxarısında bir şəkil vardı. Qızcığaz bu şəklə çatıb çatmadığını hər gün yoxlayırdı. Şəklə hələ çox vardı. Və bu balaca qızı narahat edirdi. Yemək yeməyəndə anası deyirdi: bax, quzuş yaxşı yeyir, ona görə də səndən tez böyüyür. Qızcığaz da tikəsini udmadan tez ikincini istəyib ağzını yeməklə doldururdu. Bir səhər balaca yenə oyanan kimi yarıyuxulu yatağından düşüb, əyninə bir az iri olan pijamasının balağını yerə sürtə-sürtə pəncərəyə qaçdı. Bu nədi, quzusunu yenə incidirlər. Bir yekə əmi artıq xeyli böyümüş, ama bizim qızcığaz üçün hələ də quzuş olan heyvanı yerə yıxıb ayaqlarını, əllərini bağlayırdı, yan-yörədə həmin böyük bəbələr , cürbəcür xalalar-dayılar hərlənirdi. Qızcığaz balaca üzünü şüşəyə yapışdırdı. Onların nə elədiyini anlamaq istəyirdi. Yupyumru bəbəkləri az qala hədəqəsindən çıxıb pəncərənin o tayına keçəcəkdi. Əvvəlcə zəif bir bəyirti eşidildi, sonra quzuşun başsız bədəni yerə düşüb çabaladı, Quzuşun başı isə yan tərəfə atılıb qaldı. Olanları heç cür körpə beyninə yerləşdirə bilmirdi balaca qız. Nə baş verirdi? Onun quzuşkasına neynədilər? Bu nədi belə? Birdən qızcığaz bərkdən ağlamağa başladı. Ana həmən içəridən qaçıb gəldi. Pəncərədən boylanan kimi nə baş verdiyini anladı. Özünü itirdi. Balaca içini çəkə-çəkə ağlayırdı, gah barmağını çölə uzadıb deyinə-deyinə nəsə deyirdi, gah da anasının dizlərindən yapışıb yalvarırdı. Öz dilində qəzəblənirdi. Ana nə qədər elədi qızı pəncərənin qabağından apara bilmədi. O elə hey deyinir, küsür, ağlayır, yalvarır, hirslənirdi. Ana qızını qucağına alıb sakitləşdirməyə çalışırdı. Elə bil qucağıyla onu dünyadan qorumaq istəyirdi. Nəsə inandırıcı bir söz demək , izah eləmək lazım idi. Ama söz tapılmırdı. Ana bilmirdi ki, indi qurbanlıq bayramı olduğunu balasına necə izah eləsin…

Aysel Əlizadə