Balıq kimi çırpınan oğlum - Həkim qurbanları VIII

baliq-kimi-cirpinan-oglum-hekim-qurbanlari-viii
Oxunma sayı: 7973

Yenə deyirəm, həkimin zəhmətini qiymətləndirmək gərəkdir, amma həkim də əvəzində xəstənin canına dəyər verməlidir. Həkim ki, bilikli, savadlı ola-ola pulun qoxusunu, rəngini sevdi, ondan əlac gözləməyə dəyməz.

Tibdə bronxit, allergik bronxit, bronxial astma, ya da astma adlı xəstəliklər var ki, bütün bunların əsasında və meydana gəlməsində allergiya rol oynayır. Yəqin ki, çoxunun yaxınında bu xəstəliyi daşıyan var. Hər an boğulma təhlükəsini daşıyan bu xəstəliklərın ən qorxulusu isə astmadı. Daha çox irsi xarakter daşıyan xəstəliklərin əsas xüsusiyyəti tənnəfüs yolunun selikli qişasının həssaslığının artması və daha çox allergik fonda astmatik tutmaların-təngnəfəsliyin, boğulmanın meydana gəlməsidir. Daha sadə desək, müxtəlif amillərin təsiri nəticəsində bronxların daralmasının baş verməsidir. Əslində geniş mövzu olan allergiya haqqında çox danışmaq olar. Adını vermək istəməyən həkimin sözlərinə görə, ilk vaxtlar bu tutmalar qısa müddətli olaraq özbaşına keçsə də, sonralar müalicə olunmadıqda irəliləyir, insanın həyatını çətinləşdirir.

Əli Ağayev (4 yaş) hazırda bronxit-astmadan müalicə alır. Amma bir çox milli xəstələr kimi bu uşağın da müalicəsi ölkədən kənarda aparılır. Elə bu uşağın da yaxınları vaxtında yerli mütəxəsisinin uzadılan və barmaqarası baxdığı və heç bir effekt verməyən müalicəsindən sonra başqa yerdə həkim axtarışına çıxıb.

Lap əvvələ gedək. Hələ 1 yaşını tamam etmiş Əli balanın qəflətən halı dəyişir, nəfəs alması çətinləşır. Uşaq təcili Nizamı rayonundakı uşaq xəstəxanalarından birinə aparılır, vəziyyətdən çixarılır, həkim valideynlərinə onun bronxlarının həssas olduğunu, başqa sözlə allergik bronxit olduğunu bildirir. Onun mütəxəssisə göstərilməsini məsləhət görür. Uzun axtarışdan sonra məlum olur ki, Bakı şəhər Baş Allerqoloqu Lala Allahverdiyeva adlı həkimimiz var. Xəstənin allergik olduğunu təsdiqləyən həkim-mütəxəsis analiz-test müayinələri aparmadan(onun daha çox nəyə həssas olduğunu öyrənmək məqsədiylə) Əliyə dərman buketindən ibarət resept yazır. Əlinin vəziyyətinin heç də qorxulu olmadığını bildirir. Amma dərmanları təyin edən həkim “bu dərmanları filan aptektən alarsız” məsləhətini də verir. Zamanəmizin həkim-dərman firması iş birliyindən agah olan pasiyentin ailəsi yenə də mütəxəsisə etimad göstərərək, uşağın müalicəsinə başlayır. Bir neçə aylıq müalicə kursundan sonra Əli həmin o boğulma (astmatik tutma) vəziyyətinə yenə düşür. Xəstəni həkimin yanına aparan nənəsi həkimə “bu uşaq yenə boğulur” deyəndə həkim hirslənərək bu cavabı verir: “uşağa nə gəldi yeməyə verirsiz, sonra da gəlib deyirsiz boğulur.” Növbəti dəfə valideyinlər uşağın uzunmüddətli müalicəsini davam etdirirlər. Uşağı ən sevdiyi amma onu qıcıqlandıracaq qidalara-şokalada, narıncı meyvələrə həsrət qoyurlar. Çünki həkim qəti qərar verir ki, uşağın astmatik tutmalarına səbəb sadalanan qidalardır. Hər dəfə naringi, portağal görəndə, ya da küçədə rastına çixanda bu 2 yaşlı uşaq sevdiyi meyvə üçün “mandi,mandi”(uşaq dilində mandarin –naringi) deyə ağlayardı. Yaxınlarısa nəyin bahasına olursa olsun həkimin dediyinə əməl edib ona istədiyini verməzdi. Müalicə olunan müddət yenə balaca Əli həmin o boğulma vəziyyətinə çatır. Həkimin mobil telefonu cavab vermir, məlum olur ki, o xarici səfərdədir. Valideynlər ailədən olan pediatrın köməyi ilə bu dəfə də uşağı vəziyyətdən çixarır. Nəhayət həkimlə görüş baş tutur. Xəstənin vəziyyətində irəliləyiş olmadığını deyən valideynlər yenə həkimin kobud rəftarı ilə qarşılaşırlar. O uşağa yenə də yeməyə nəsə verildiyini (Novruz bayramının qozu,fındığından) deyir, onları uşağı qorumamaqda günahlandır. Ailəsə bunun heç də belə olmadığını deyir, uşağın heç olmazsa o vəziyyətində təcili yardımı üçün həkimdən məsləhət istəyirlər. Həkim xəstənin getdikcə düzələcəyini deyir və növbəti reseptini yazır. Yenə sevimli aptekindən, eləcədə otağında açdığı aptekdən alver etməyi məsləhət görür. Əlinin yaxınları yenə də göstərişlə hərəkət edir. Müalicə uzanır, həkim düzələcək deyir, ailə isə körpəsini heç vaxt o çarəsiz vəziyyətində görmək istəmir. Sonuncu dəfə uşağın vəziyyəti lap pisləşir, bronxları daralan körpə göyərir, artıq boğulur. Vəziyyətini dərk etməyən uşaq hamıdan kömək umur, ailə bir-birinə qarışır, həkimin telefonları cavab vermir..... Bu dəfə də imdadına çatan olur, çətinliklə də olsa uşaq boğulmadan (bronxgeneldici vasitələrin köməyi ilə) qurtulur. Artıq yerli həkimimizdən ümid kəsilir.

Nəhayət günlərin birində, həmin o xarici həkim haqqında xəbər gəlir. Əlini müayinə edən həkim“bu uşaq vaxtında düz müalicə olunsaydı, sağlamlığında xeyli irəlıləyiş olardı və astma vəziyyətinə çatmazdı” deyir. Astmanın ilk mərhələsini yaşayan uşağa sadəcə bir sirop (ketotifen) və inhalyator (aerozol) təyin edir. Bir ilə yaxındır müalicə alan uşaq istədiyi hər qidanı , eləcə də bir vaxtlar həsrət qaldığı “mandi”sini kiloyla yeyir. Həmin o ailəni vahiməyə salan astmatik tutmalarsa keçmişdə qalıb. Yaddaşda da o xarici həkimin bir sözü qalıb - “sizin dərmanların keyfiyyəti ya yoxdur, ya da azdır.” Hə, bu da bizim bir başqa dərdimizdir. Tərpətməsək, yaxşıdır, yəni hələlik.

P.S. Əli mənim oğlumdur. Deyəcəklər bu həkimin nüfuzuna xələl gətirməyə çalışır, desinlər. Ölkənin bu adlı-sanlı, reklamlı həkimi ilə üz-üzə gəlməyə hazıram. Baxmayaraq ki, günlərdir onun qəbuluna düşə bilmirəm. Həkimlərin adəti üzrə dediyi “pasiyenti xatırlamıram” fikri ilə rastlaşacaq olsam da, ona burada deyə bilmədiyim sözüm, çox sualım var. Əsas sualım:- Axı mən mütəxəsis adını daşıyan yerli həkimim ola-ola məsafələr qət edib başqa yerlərdə niyə dərman axtarmalıyam ?

Raminə Eyvazqızı