Banklar pensiyanın gecikməsindən pul qazanır - Arayış

banklar-pensiyanin-gecikmesinden-pul-qazanir-arayis-
Oxunma sayı: 794

Hər iki müvəkkil bankın nümayəndələri ötən dövrlərdə pensiya və sosial müavinətlərin paylanılmasında çatışmazlıqların aradan qaldırılması və həmçinin bankomatların nağd pulla daha operativ təmin edilməsinin təşkili məqsədilə Mərkəzi Bankın dəstəyi ilə ölkə üzrə ayrı-ayrı ərazilərdə xəzinə qovşaqlarının yaradıldığını bildiriblər. Eyni zamanda bankomatlarda dayanıqlı rabitənin təmin edilməsi məqsədilə stasionar rabitə kanalları tədricən GSM rabitə kanalları ilə əvəz edilir ki, bunun da nəticəsində yeni bankomatların quraşdırılması (xüsusən ucqar yerlərdə) imkanı yaranıb.

Bir qədər əvvəl saytımızda mövcud problemlə bağlı olaraq təhlil yazısı var idi. Bu yazıda biz faktiki olaraq DSMF-nun sifarişi (dövlət adına) olaraq keçirilən tenderlərdə yol verilən çatışmazlıqlardan bəhs etmişdik.

Bu gün Mərkəzi Bankın rəsmən açıqladığı məlumatdan da aşkar görünür ki, ictimai müzakirəyə çıxarıdığımız problem əslində ən yüksək dairələrdə çözülməkdədir. Lakin MB-dən verilən rəsmi məlumat heç də yetərli səviyyədə deyil. Ötən yazımızda da qeyd etmişdik ki, əslində bankomatlarda nəğd pul kütləsinin qıtlığı, pensiya və müavinətlərin verilməsində gecikmə hər günə görə, müvəkkil banklara əlavə pul qazandırır. Eyni zamanda pensiyaların verilməsi zamanı bankomatların azlığı və əsasən iki bankın bu işi həyata keçirməsi inhisarçılıq elementlərindən xəbər verir.

Artıq bu məsələ dövlətin ən yüksək dairələrində müzakirə edilməkdədir. Böyük ehtimalla ən qısa zamanda, DSMF yenidən tender elan edəcək və əlavə olaraq ən azından Bakı və Sumqayıtda pensiyaların verilməsi üçün müvəkkil banklar seçəcək. Amma bununla belə də yenə problem tam olaraq çözülmür. Bu günə qədər təşkilatçı Mərkəzi Bank, sifarişçi DSMF və icraçı olaraq müvəkkil banklar aralarında bağladıqları sazişlərin müddəalarını pozublar.

Pensiya və müavinətlərin gecikəcəyi təqdirdə, bankomatlarda nəğd pul kütləsinin olmayacağı təqdirdə, müvəkkil bank və ya banklar dövlət adına sifarişçiyə məlumat verməli idilər. Müvafiq müqavilə şərtlərinə görə isə sazişin icra bəndlərini pozan müvəkkil banklar Kapitalbank və Azərbaycan Beynəlxalq Bankı təzminat xarakterli hərəkətlər etməli olacaqlar.

Mövzu diqqətimizdədir.