“Barama”da yeni araşdırma gerçəkləşdirildi

baramada-yeni-arasdirma-gerceklesdirildi
Oxunma sayı: 688

Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, layihə çərçivəsində tələbələr 3 həftə boyunca iqtisadi analitik araşdırma aparıblar. Onlar 2011-ci ildə Azercelldə baş verən strateji dəyişiklikləri tədqiq ediblər. Araşdırma hər biri 5 tələbədən ibarət olan 2 universitet komandası arasında aparılıb. İştirakçılar İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu, Qafqaz Universitetinin isə İqtisadiyyat, Maliyyə, və Biznesin idarə edilməsi fakültələrini təmsil ediblər.

Bu araşdırma tələbələr üçün eyni zamanda biznesin inkişafı üzrə staj olub. Çünki “Barama” ofisində Azercell əməkdaşları tərəfindən müxtəlif təlimlər, təqdimatlar keçirilib və bu da tələbələrə praktiki biliklərini artırmağa, həmçinin layihədə uğurlu iştirak etməyə kömək edib.

“Barama” layihəsi 2009-cu ildən fəaliyyət göstərir. Layihə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ düşüncələri olan, lakin bunu reallaşdırmaq imkanına malik olmayan gənclər üçündür. Bu istedadlı insanlar məhz “Barama” vasitəsilə öz ideyalarını gerçəkləşdirmək imkanı qazanıblar.

Bu günə qədər layihəyə 600-dən çox ideya təqdim olunub. Hazırda bu ofisdə mobil telefonlar, smartfonlar, xüsusilə də Blackberry üçün proqram təminatı ilə bağlı, həmçinin internetlə əlaqəli müxtəlif layihələri həyata keçirilir.

“Barama” ofisi ən müasir standartlara cavab verən avadanlıq, son modifikasiyalı kompüterlər, sürətli İnternet və kommunikasiya vasitələri ilə təmin olunub.

Nigar Məmmədli